Birini övladlığa verdilər, üç qızı ilə evdən qovdular – Bərdədə dəhşətli ailə dramı

Birini övladlığa verdilər, üç qızı ilə evdən qovdular – Bərdədə dəhşətli ailə dramı Yoldaşım və anası övladımı əlimdən zorla alıb tanımadığım bir ailəyə övladlığa verdi. Mənə də tapşırdılar ki, hamıya uşağın öldüyünü deyim. Əks halda evdən çıxarıb, uşaqları əlimdən alacaqdılar". Bu sözləri PrimeTime.Az-a açıqlamasında altı uşaq anası Elnaz Cavadova deyib. E.Cavadova iki azyaşlı qızı ilə hamilə olduğu halda əri tərəfindən küçəyə atılıb. Elnaz hazırda iki azyaşlı və yeni doğulmuş qızı ilə "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi"ndə qalır.
Həyat hekayəsini danışan Elnaz bildirib ki, əri beşinci övladı qız doğulduğu üçün onu bir ailəyə övladlığa verib: "Həyat yoldaşımla 2007-ci ildə Bərdənin Gülgəzli kəndində rəsmi nikahla, el adəti ilə ailə qurmuşam. Hər şey yaxşı idi, mehriban yaşayırdıq. Ta ki, dördüncü övladım olana kimi. İki oğlum, bir qızımdan sonra dördüncü uşağım da qız doğuldu. Yoldaşım uşağı qız doğulduğu üçün bir ailəyə övladlığa vermək istədi, razı olmadım. Uşaq dörd aylıq olanda gecəynən ailə gəldi ki, uşağı aparırıq. Vermədim, olmaz dedim". Elnaz deyir ki, elə söz-söhbətlər də bundan sonra başlayıb: "Anası ilə birləşib məni hər gün döyürdü, söyürdü. Buna görə polisə də düşdük, amma xeyri olmadı. Yenə döyürdü, söyürdü. Qızlarımda gizli hamiləlik keçirdiyim üçün əvvəlcədən bilmirdik, 4-5 aylıq olanda bilinirdi. Onda da abort etdirməyə ürəyim gəlməyib. Günahdır, onlara qıya bilməzdim. Beşinci övladımda da elə oldu. Beş aylıq olanda bildik hamiləyəm, cinsiyyəti də qızdır. Mənə bildirmədən gedib həmin ailə ilə danışıblar. Yalvar-yaxarla razı salıblar. Uşaqlarımı evdə dünyaya gətirmişəm. Kəndimizdə doğum evi vardı, amma ora aparmırdılar deyə evdə olublar. Beşinci uşaqda yoldaşımla yolda gedəndə sancım başladı. Maşına mindirib yola düşəndə hara getdiyimizi soruşdum. Dedi, rayondakı xəstəxanaya aparıram. Heç ağlıma gəlməzdi ki, belə bir şey edər. Xəstəxanada həmin ailəni görəndə artıq bildim niyə ora aparıb". Ailə övladını əlindən aldıqdan sonra Elnaza yaxınlarına onun öldüyünü deməsini tapşırıb: "Uşaq doğulan kimi ailəyə verdilər. Nə qədər ağladım, yalvardım, xeyri olmadı. Sonradan öyrəndim ki, həmin ailə Bakıdan Bərdəyə gəlib, uzun müddət burada qalıb. Bərdədə evləri var. Guya qadın hamilədir, uşağı da burada dünyaya gətirib. Mənə də tapşırdılar ki, hamıya uşağın öldüyünü deyim. Əks halda evdən çıxaracağını, uşaqları əlimdən alacağını dedi. Məcbur susdum, heç kimə bu barədə danışmadım. Bir neçə gün sonra anamgil uşağın öldüyünü eşidib bizə gəldi. Mənə ona həqiqəti deməyimi bildirdi. Çünki əvvəlki uşağı övladlığa vermək istədiklərini bilirdi. Buna görə mənə demişdi ki, uşağı istəməməklərinin fikrini etməyim, verərsən mənə özüm baxaram. Doğulandan sonra gəlib aparacağını, özü baxacağını demişdi. Amma yoldaşım və anası ondan tez tərpəndi". Elnazın anası həqiqəti öyrənəndən sonra polisə xəbər verib: "Anam dedi ki, uşağın ölməyi inandırıcı deyil, inanmıram, mənə düzünü de. Özümdən asılı olmadı, ağlamaq tutdu. Onsuz da uşağı əlimdən alandan sonra gözümün yaşı qurumurdu. Ağlamağımdan bildi uşağın ölmədiyini, övladlığa verildiyini. Dedi, mən bu işi belə yerdə qoymaram. Qızı alıb gətirəcəm sənə. Mənimlə danışdıqdan sonra gedib polisə məlumat verib. Amma bunun heç bir xeyri olmadı. Polislər uşağı o ailədən ala bilməyəcəklərini, mənim uşağı istəməyə haqqım olmadığını dedilər. Hara müraciət etdiksə, heç bir xeyri olmadı. Bu söhbətdən sonra yoldaşım məni döyüb evdən çıxardı. Oğlanları özü ilə saxladı, qızları mənə verdi. Bir müddət gedib anamgildə qaldım. Qardaşlarım yola vermədilər, evdən getməyimi, yoldaşımla barışmağımı tələb etdilər. Amma hara qayıdım? Artıq məhkəməyə boşanmaq ərizəsi vermişdi. Məni evdən qovandan sonra üç ildir sevgili olduğu qadını evə gətirib". Elnazın sözlərinə görə həyat yoldaşı həmin qadınla uşağı övladlığa verdiyi ailənin evində qalırmış: "Həmin ailənin Bərdədə də evi var. Bunlar da orada görüşürmüşlər. Qadınla biz ailəvi dost idik, bir süfrədə çörək yemişik, yaxın olmuşuq. Sən demə, üzümə gülüb, arxamca iş görürmüş. Üç ildir onunla sevgili olduğunu biləndə yoldaşımla mübahisəmiz düşdü. Həm də buna görə evdə söz-söhbətlər səngimirdi. Məni döyürdü, deyirdi xoşun gəlmir, çıxıb gedə bilərsən. Amma hara gedim? O qadının da iki qızı var. Öz dayısı oğlu ilə evli idi. Yoldaşımla münasibətləri olduğunu biləndə əri qadından boşanıb. Amma açıb-ağartmadı deyə biz də bilmədik niyə boşandıqlarını. Sonralar bildim ərimə görə ayrılıblar. İndi onunla bir yerdə yaşayır". Əri tərəfindən atılan Elnaza ailəsi də sahib çıxmayıb: "Qardaşlarım yola vermədi deyə evdən çıxdım. Bakıya, Xoşqədəm xanımın verilişinə getdim. Ondan mənə kömək etməsini istədim, amma heç nə edə bilmədi. Orada bu sığınacaq haqqında dedilər. Bura gəldim. Üç aydır qızlarımla burada qalıram. Axırıncı qızım da burada dünyaya gəldi. Evdən çıxanda nə özümün, nə də uşaqların sənədini götürə bilməmişdim. Burada sənədlərimizi düzəltdirdilər. Böyük qızım bu il məktəbə gedəcək, balacanı da bağçaya qoyacam. İşləmək, uşaqlarıma özüm baxmaq istəyirəm. Amma təhsilim, sənətim yoxdur deyə harada işləyəcəyimi bilmirəm. İşləyə biləcəyim bir işverən olsa çox sevinərəm. Bəlkə ondan sonra buradan çıxıb, kirayə ev tutdum".Birini övladlığa verdilər, üç qızı ilə evdən qovdular – Bərdədə dəhşətli ailə dramı
Tarix: 23-08-2017, 14:46
Xəbəri paylaş





Xəbər lenti