Deputat oğlu həbs etdirdiyi sayt rəhbəri ilə razılaşdı – şərti cəza…

Deputat oğlu həbs etdirdiyi sayt rəhbəri ilə razılaşdı – şərti cəza… “BakuPost” saytının baş redaktoru Elçin Zahiroğlunun məhkəməsi yekunlaşıb. CM-nin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham olunan sayt rəhbərinə şərti cəza verilib. Bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsində İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.
E.Zahiroğlu 2017-ci ilin iyulunda deputat Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında tutulub. Onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. H.Axundovu onun haqqında rüsvayedici məlumat yaymaqla hədələyib, ondan pul tələb etməkdə suçlanan sayt rəhbəri bir neçə gün saxlandıqdan sonra buraxılıb. İbtidai istintaq və məhkəmə dövrü üçün onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
“Azadliq.info”ya daxil olan məlumata görə, E.Zahiroğlunun işinə qısa müddətdə baxılıb. Hələ istintaqın gedişində tərəflər arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, məhkəmə prosesi ictimailəşdirilməyəcək, deputat oğlunun şantaj edildiyi məsələyə toxunulmayacaq.
E.Zahiroğlu özü də rəhbərlik etdiyi saytda məhkəməsi haqda heç bir məlumat veriməyib. Zərərçəkmiş H.Axundov məhkəməyə ondan şikayətçi olmadığını bildirib.
Hökm hər iki tərəfi qane etdiyindən heç biri ondan şikayət verməyib.
Qeyd edək ki, E.Zahiroğlu şair və sabiq deputat Sabir Rüstəmxanlının bacısı oğludur.
Tarix: 29-01-2018, 21:57
Xəbəri paylaş





Xəbər lenti