"NN Group" şirkətinin qanuni təmsilçisi Əfqan Əliyev cərimələnib.Siam-az.com bildirir ki, Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti Əfqan Əliyevə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.
Maddədən aydın olur ki, Əfqan Əliyev Əmək Məcəlləsini pozub. O, əmək müqaviləsi olmadan işçi çalışdırıb.
Bu maddəyə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
Əfqan Əliyev dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.
"NN Group" MMC-nin sahibi kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun adı çəkilir. Əfqan Əliyevdən əvvəl şirkətin qanuni təmsilçisi Namiq Hümmətovun qardaşı Natiq Hümmətov olub. İddialara görə, şirkətin adı Namiq və Natiq hümmətovların adlarının baş hərflərinin birləşməsidir. Yeri gəlmişkən, Natiq Hümmətov həm də "HN Group" MMC-nin təsisçisidir.
Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli hələ iki əvvəl yazmışdı ki, "NN Group" və "HN Group" şirkətləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) son 4 il ərzində elan etdiyi tenderlərdə ümumilikdə 177 milyon manatdan artıq sifariş əldə edib.
"NN Group" MMC iştirak etdiyi dövlət tenderlərindən 88 milyon 528 min 835 manatlıq sifariş alıb. Şirkət bu sifarişləri cəmi 7 tenderlə əldə edib - bir tenderin orta qiyməti 12 milyon manata düşür.
"HN Construction" MMC də tenderləri "MİDA" MMC-dən qazanıb. Şirkət 7 tenderlə bu qurumdan 88,5 milyon manatdan çox sifariş əldə edib.
Namiq Hümmətov 2020-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində birinci müavin vəzifəsində çalışır.
O, bundan əvvəl sözügedən komitənin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin rəisi, daha sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifələrini icra edib.
Tarix: 3-10-2024, 22:38