“Böyük yeddilik” böyük savaşa qarşı: “İsrailin cavab hüququ var, amma...”

ABŞ İsrailin İrandakı nüvə və neft obyektlərinə zərbələrinin qarşısını almağa çalışır – G7 səfərbər olunub
İsrail öz ərazisinə İran raketlərinin kütləvi hücumuna cavab variantlarını nəzərdən keçirərkən, ABŞ rəsmiləri onu diqqəti hərbi məqsədlərə yönəltməyə çağırır. Tehrandakı nüvə obyektlərinə zərbə rejimin özünə qarşı hücum kimi qəbul edilə bilər və neft müəssisələrinin atəşə tutulması neftin qiymətinin qalxmasına səbəb ola bilər. Amma Vaşinqtonun Təl-Əvivdəki təsiri zəifləyir və ABŞ digər G7 (Böyük yeddilik) ölkələrini danışıqlara cəlb edir.
Qərb ölkələri münaqişənin Yaxın Şərqdə genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almağa çalışır. Tehranın dəstəklədiyi “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən Livanın bombalanmasına cavab olaraq İran çərşənbə axşamı İsrailə yüzlərlə raket zərbəsi endirib. ABŞ Prezidenti Co Bayden bəzi İsrail siyasətçilərinin İranın nüvə obyektlərinə zərbələr endirməklə hücumuna cavab vermək çağırışlarına dəstək olub-olmayacağı ilə bağlı suala “yox” cavabını verib. “Bloomberg” xəbər verir ki, G7 eskalasiyanı dayandırmaq üçün bəyanat hazırlayır.
“Biz İsraillə nə edəcəklərini müzakirə edəcəyik. G7 ölkələrinin hamısı razıdır ki, İsrailin cavab vermək hüququ var, lakin bu, mütənasib olmalıdır”, - Bayden G7 liderləri ilə məsələni müzakirə etdikdən sonra deyib.
Yüksək səviyyəli keçmiş kəşfiyyat rəsmisi və tədqiqatçı Conatan Panikoff “Atlantic Council Fellow”a deyib ki, İranın nüvə obyektlərinə zərbələr Tehranda rejimin özünə qarşı hücum və onun əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndirilə bilər: “Bu da müvafiq cavab və bütün tərəfləri getdikcə artan eskalasiya spiralında yüksəyə itələyəcək”.
“Financial Times” İrana qarşı strateji mübarizədə vəziyyətlə tanış olan şəxslərə istinadən yazır ki, Birləşmiş Ştatlar və digər Qərb ölkələri İsraili İrandakı hərbi məqsədlərə diqqət yetirməyə çağırıb, lakin etiraf edirlər ki, son zamanlar onların təsirləri zəifləyib. Bununla da İsrail hakimiyyəti özlərini daha inamlı hiss edir və bu onlara qalib gələcəyi təqdirdə müəyyən hərbi və siyasi fədakarlıqlar etməyə hazırdır. Onların sözlərinə görə, Təl-Əviv raket buraxılış qurğularına və neft infrastrukturuna hücumlar da daxil olmaqla bir neçə hərəkət variantını təhlil edir. Nəşrin mənbələrindən biri bildirib ki, hazırda nüvə obyektlərinə qarşı tədbirlər nəzərdən keçirilmir.
Panikoff isə bildirib ki, Vaşinqton həmçinin neft yataqlarına hücumların İranı Amerika neft şirkətlərinin və Fars körfəzindəki ABŞ-la dost ölkələrin yataqlarına hücum etməyə təşviq edəcəyindən narahatdır. Bu, ABŞ-da keçiriləcək prezident seçkilərinə cəmi bir ay qalmış neftin bahalaşmasına səbəb olacaq.
Xatırladaq ki, dünən axşam “Brent” markalı neftin qiyməti 3 faizdən çox artıb. Ticarət zamanı artım 6 faizi ötüb. Düzdür, cümə axşamı neftin bir barreli 74,7 dollar olub ki, bu, 82 dollar olan avqust səviyyəsindən nəzərəçarpacaq dərəcədə aşağıdır. Lakin bu onu göstərir ki, treyderlər İrandan və digər Körfəz ölkələrindən böyük tədarükün kəsilməsini gözləmirlər.
Tarix: Dünən, 22:36
Xəbəri paylaş





Xəbər lenti