Ötən il intiharların sayında 50 faizlik artım olub

Ötən il intiharların sayında 50 faizlik artım olub
Qubad İbadoğlu

Hər 3 gündə 4 nəfər intihar edir, onların 60 faizə qədəri yaşı 40-dan az olanlar, hər 3 nəfərindən 1-i qadın, hər 10 nəfərindən 1-i isə yaşı uşaqdır.


Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə istinadən dərc olunan rəsmi məlumata görə, ötən il 495 nəfər, 2016-cı ildə isə 327 nəfər, bu ilin yanvar ayında 42 nəfər intihar edib. Bu o deməkdir ki, 2016-cı ildə hər 10 gündə 9 nəfər, ötən il və bu ilin yanvar ayında isə hər 3 gündə 4 nəfər özünəqəsd edib.
Burda diqqəti 3 məqama cəlb etmək istərdim.
Birincisi, ölümlə nəticələn özünəqəsdlərin statistikasının trend təhlili göstərir ki, intihar hadisələrinin dinamikası pozitivdir, yəni ildən-ilə artır. Belə ki, özünəqəsd zamanı ölüm əmsalı əgər 2016-cı ildə gündə 0,89 olubsa, ötən il və cari ildə bu əmsal 1,35-ə qalxıb.
İkincisi, ölümlə nəticələn özünəqəsdlərin statistikasının struktur təhlili göstərir ki, intihar edənlərin çoxu yaşı 40-a qədər olanlardır. Belə ki, ötən ay bu səbəbdən dünyasını dəyişənlərin 59 faizinin yaşı 40-dan az olub. Ötən ay intihar edənlərin hər 3 nəfərindən 1-i qadın, hər 10 nəfərindən 1-i isə uşaq olub.
Üçüncüsü, intiharların səbəb-nəticə təhlili aparılmasa da verilən məlumatlar əsasında çıxan qənaət ondan ibarətdir ki, özünəqəsd edənlərin əksəriyyəti dolanışıq vəziyyəti və güzəranı pis olan yoxsullar, borclular və işsizlərdir. Cəmiyyətdəki naqislik, ədalətsizlik, məhkəmələrdə haqqın tapdanması, qanunların işləməməsi, dövlət orqanlarının üzərinə düşən vəzifəsini layiqincə yerinə-yetirməməsi, məmur özbaşınalığı və sair amillər insanları intihara sövq edən əsas inzibati səbəblər hesab oluna bilər.
Ölümlə nəticələn özünəqəsdlərin təqdim olunan statistikası həyacan təbili çalmaq üçün tələb olunan həddin çoxdan ötdüyünü deməyə kifayət edir. Baxmayaraq ki, mətbuatın kriminal xronologiyasında bu barədə məlumatlar operativ və təfərrüatlı olaraq təqdim edilir, amma hələ də həm hakimiyyət və həm də cəmiyyət bu məsələdə müşahidəedici və laqeyd mövqe tutur. Bu dəhşətli statisikanın təsdiq etdiyi ucuz ölümün səbəblərini ciddi araşdırılmır və qabaqlayıcı tədbirlər görülmür.
Ölkədə vətəndaş cəmiyyətinin sıradan çıxarılması bu sahədə aparılan ictimai işlərin də səviyyəsinə mənfi təsir göstərib. Hakimiyyətə gəlincə, orda bir nəfər də olsun cəsarətli adam tapılmır ki, gerçək vəziyyət barədə əlaqədar orqanlar qarşısında məsələ qaldırsın ki, belə ölümləri azaltmaq və dayandırmaq üçün preventiv tədbirlər hazırlansın.
Sonda onu qeyd edim ki, ölümlə nəticələn özünəqəsdlərlə yanaşı, intihara cəhd edənlərin sayında da artım dinamikası müşahidə ounur.
Tarix: 2-02-2018, 10:29
Xəbəri paylaş





Xəbər lenti