Pəncərəsiz ev, həm hamam, həm yataq otağı olan otaq, dərmana yetməyən pensiya

Pəncərəsiz ev, həm hamam, həm yataq otağı olan otaq, dərmana yetməyən pensiya “Nəvəmlə küçə ilə gedəndə dükanda meyvə görüb deyir ki, baba, nolar, mənə bir banan al, 2 dənə də mandarin. Əlimi cibimə salıram ki, içində siçan oynayır. Bir banan, iki dənə də mandarin, ay qızım. Uşaqdır də ürəyi istəyir. Mənim pulum yoxdur ki, onu alam.”

Bu sözləri Sabirabad rayonunun Nizami kəndinin sakini Fəxrəddin Mikayılov deyir. Danışdıqca kövrəlir, başındakı papağı götürərək gah dizinə, gah əlinə, gah da masaya vurur.


Fəxrəddin Mikayılov ailəsinin sosial vəziyyətindən gileylidir. Deyir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, ünvanlı sosial yardım ala bilmirlər.

O, tək deyil. Nizami kəndində söhbət etdiyimiz bir neçə ailə də ünvanlı sosial yardımın əlçatmazlığından şikayətlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə ünvanlı sosial yardımların verilməsində hər hansı problemin olmadığını bildirir.

Pəncərəsiz ev
“Qarabağ müharibəsində gəlib oğlumu apardılar. O vaxt da əsgərlik müddətsiz idi. Neçə il Murovda qulluq etdi. İndi gəlib, amma hökumət ona heç nə etmir. Niyə qızım?”


Fəxrəddin Mikayılov bu sualı tez-tez təkrarlayır. Sonra oğlunun yaşadığı şəraitdən şikayətlənir. Deyir ki, oğlunun ailəsinin əvvəllər yaşadığı tikili uçub, sonra ailə bir idarə binasının otağına köçüb. Bir otaq onlara həm yataq, həm qonaq otağıdır, həm mətbəx, həm də hamamdır.

Oğlunun yaşadığı evin pəncərəsi bayırdan dəmirlə qapadılıb ki, içəri isti qalsın. Bu bir otağı çarpayı, masa, bir neçə stul, soyuducu, balaca güzgülü kamod və böyük odun peçi “işğal etdiyindən” içəridə güclə tərpənirsən.

Oğlu Natiq sobanın tüstü borusunu çıxarıb içini təmizləyir. Buna görə də evi tüstü və hiss qoxusu bürüyüb. Otaqda cəmi bircə dənə sobanın tüstü borusunun çıxdığı balaca pəncərə var. Ona görə də otağın havasını dəyişmək üçün, ancaq qapı açılmalıdır.

Natiq deyir ki, işi yoxdur, amma kənddə kimin evində və ya həyətində fəhləyə ehtiyac olsa, gedib orda işləyir.

“Bakıda gedib kirayə də qalmışam ki, iş tapım, amma olmayıb”, o deyir.


Sabirabad rayonu Nizami kənd sakini Natiq Mikayılov odun sobasının tüstü borusunu təmizləyir
Olmayan qaz

6 ildir bu otaqda məskunlaşan ailə kənd təsərrüfatı ilə də məşğuldur. Fəxrəddin Mikayılov icarəyə götürdüyü torpaqda illərdir pambıq və tərəvəz əkir.

Lakin son vaxtlar o, torpaqdan da məhrum olub. Öz pay torpaqları isə əkinə yararsızdır, ata Mikayılov əlavə edir.

Fəxrəddin Mikayılov dəfələrlə yerli icra nümayəndəsindən yararlı torpaq istəsə də, hələ ki, bu istəyinə bir cavab ala bilməyib.

Ailə evdə qaz da yandırmır. Deyirlər, borc yığıldığına və ödəniş edə bilmədiklərinə görə qaz da kəsilib. İndi onlar çır-çırpı yandırmağa məcburdurlar.

Qonşuluqdakı Kifayət Məmmədovanın da ailəsi qazsız qalıb.

Özündən başqa ailəsinin 6 üzvü ilə yaşayan Kifayət qaz pulunu ödəyə bilmədiyini deyir.

“Körpə uşaq var evdə, peç yandırıram”.


Sabirabad rayonu Nizami kənd sakini Yaqub Məlikovun evi kərpic və palçıqdan tikilib
Palçıq evdə yaşamaq

Kənddə kərpic və palçıqla tikilmiş balaca tikilidə isə Məlikovlar ailəsi yaşayır. Onlar 2 otağa sığınıblar, bir də balaca mətbəxləri var.

Evin qarşısındakı iki ala yarımçıq tikililər isə hamam və tualet kimi işlədilir. Qonşuları “belə yerdə adam yaşayar” deyə sual edir.

Amma bu evdə 10 ildir ki, dörd nəfərlik ailə yaşayır. Yaqub Məlikov, həyat yoldaşı və 7-8 yaşlarındakı iki qız uşağı torpaq döşəməsinə köhnə palaz salınmış bu evdə gün keçirirlər.

Qapısı qırılmış soyuducunun yerləşdiyi mətbəxdə isə köhnə uşaq beşiyinə qab yığılıb.

Evin künclərində siçan deşikləri açıq-aydın görünür.

Yaqub Məlikov deyir ki, ürək xəstəsidir, üstəlik də daimi iş yeri yoxdur.

“Yeməyə çörək tapmırlar”
O da kənddə kiməsə kömək lazım olanda gedib iş görür və öz təbirilə desək, “uşaqları üçün 3-5 manat qazanır”.


Yaqub Məlikovun bacısı onun evindəki sıçan yuvalarını göstərir
Evin üç tərəfi qrunt suları ilə əhatə olunub.


Yaqub Məlikov deyir ki, bu suyun çəkilməsilə bağlı icra nümayəndəliyinə və bələdiyyəyə müraciət etsə də nəticəsi olmayıb. Yaqub Məlikov deyir ki, bu suyun çəkilməsilə bağlı icra nümayəndəliyinə və bələdiyyəyə müraciət etsə də nəticəsi olmayıb.

O da ünvanlı sosial yardım üçün aidiyyəti orqanlara müraciət edən və imtina alanlardandır.

Yaqub Məlikovun bacısı və qonşusu Güllü Hüseynova evi göstərərək şəraitsizlikdən gileylənir. Deyir ki, qardaşı uşaqlarını borc-xərclə məktəbə göndərir.

Qardaşının yaşadığı vəziyyətə baxmayaraq sosial yardım ala bilmədiyinə təəccüblənən bacısı “Allah haqqı yeməyə çörək tapmırlar” deyə kövrəlir.


Sabirabad rayonu Nizami kənd sakini Gülsura Həsənova onkoloji xəstəlikdən əziyyət çəkir
Dərmana yetməyən pensiya

Onlardan bir az aralıda yaşayan Gülsura Həsənova qonşuları ilə eyni dərdi bölüşür. O, evinin iki otağını düzəldib içində yaşayır, lakin evin başqa otaqları təmirsizdir, qapılarına pərdə çəkilib, girişi divanla örtülüb.

Gülsura Hüseynova burada 17-18 yaşlı iki övladı ilə yaşayır.

Ana deyir ki, imkansızlıqdan qıcolma xəstəliyindən əziyyət çəkən qızını müalicə elətdirə bilmir.

Qızı 17 yaşına qədər əlilliyə görə 75 manat müavinət alıb. İndi isə 18 yaşı tamam olub və ona 3-cü qrup əlilliyə görə 40 manat pul verilir.

Gülsura xanım deyir ki, qızına aldıqları dərmanın qiyməti elə 75 manatdır, əvvəl müavinət bu məbləğdə olsa da, indi oğlu fəhləlik edərək 35 manat yığır ki, dərmanı ala bilsinlər.

Gülsura Həsənova özü də onkoloji xəstəlikdən əziyyət çəkir və pulsuzluğa yetərli müalicə ala bilmir.

Deyir, xəstəliyinin müalicəsi üçün imkanı çatan hər yerdən kömək istəyib. Ancaq bir xeyri olmayıb.

İndi onun müalicəsi üçün pulu qohum-qardaş yığır.

“Hər dəfə kimyəvi müalicəyə gedəndə 500 manat ödəyirəm. Pulum olmadığı üçün yarımçıq kəsilir. İndi martda əməliyyat olunmalıyam. 4 min manata yaxın pul lazımdır”.


8-9 yaşlarından ailəsinin dolanışığını təmin etmək üçün işləyən İslam Həsənov
“Mən öləndən sonra qızıma kim baxacaq?“


İndi ailənin evə pul gətirəni 17 yaşlı İslamdır.

Kənddə kiminsə köməyə ehtiyacı olanda onu çağırır. O deyir ki, iş düşəndə 8-9 manat qazanır.

İslam danışır ki, işləməyə 8-9 yaşından başlayıb. Hazırda məktəbi bitirib, amma universitet oxuya bilməyib.

Elə söhbət vaxtı da ona zəng gəlir və o, velosipedinə minib “fəhləliyə gedir”.

Gülsura xanımın iki istəyi var. Birincisi, qızının əlillik müavinətinin artırılması, ikincisi isə onun ailəsinə ünvanlı sosial yardım verilməsidir.

“Mən öləndən sonra qızıma kim baxacaq, heç olmasa pensiyası yaxşı olsun, ya da sosial müavinət düzəlsin”, o ağlayaraq deyir.

Gülsura xanım sosial yardım almaq üçün aidiyyatli orqanlara müraciət də edib. Lakin tələb olunan sənədləri toplaya bilməyib.

Deyir ki, onu o qədər get-gələ salıblar ki, artıq bu işin dalınca düşmək istəmir.

“Problem yoxdur”

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: “Ünvanlı sosial yardımların verilməsində heç bir problem yoxdur”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə BBC Azərbaycancaya ünvanlı sosial yardımların verilməsində problem olması ilə razılaşmır.

Qurumun sözçüsü Elman Babayev şikayətçilərin nazirliyə müraciət etməsini və o zaman məsələnin araşdırılacağını deyir.

Sabirabad Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Nizami kəndinin sakinləri isə günlərin bir günü onları kiminsə eşidəcəyinə inanırlar.

(bbc azəri)
Tarix: 3-02-2018, 20:50
Xəbəri paylaş





Xəbər lenti