Dünyanın ən sirli nüvə mərkəzinin AZƏRBAYCANLI ALİMİ: "Orada insan cəmi 1 dəqiqəyə ölür" - MÜSAHİBƏ


Publika.az-ın qonağı Almaniyanın ilk azərbaycanlı fizikaçı alimi, İsveçrənin "CERN" nüvə mərkəzində çalışan yeganə soydaşımız Anar Rüstəmovdur.

- Anar bəy, vətənə xoş gəlmisiniz.

- Təşəkkür edirəm.


- Dünyada ən fantastik kəşfləri gerçəkləşdirilən nüvə mərkəzinin mütəxəssisisiniz. Bu çətin yolu necə qət etdiniz?

- 1977-ci ildə Şamaxıda doğulmuşam. Bakı Dövlət Universiteninin fizika fakültəsini bakalavr və magistratura pilləsi üzrə qırmızı diplomla bitirmişəm. 2000-ci ildə Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İstitutunda çalışmağa başladım. Orada nəzəri fizikadan təcrübi fizikaya keçid etdim. Bir müddət sonra Almaniya Federativ Respublikasının Darmştadt şəhərinə yerləşən Ağır İonların Elmi Tədqiqatları Mərkəzinə dəvət olundum. Darmştadt texniki Universitetinin doktoranturasını bitirib 2006 – cı ildə nüvə fizikası üzrə elmlər doktoru elmi dərəcəsi aldım. Sonra Höte adına Frankfurt Universitetində mühazirələr oxumağa başladım, İsveçrə ilə Fransanın sərhəddində yerləşən Avropa Nüvə Tədqiqatları Təşkilatına (CERN) işə dəvət edildim. Burada Böyük Adron Kollayderində (BAK) müxtəlif təcrübələr yerinə yetirilir. Yerin səthindən orta hesabla 100 metr dərinlikdə yerləşən 27 kilometrlik dairəvi tuneldə BAK iki zərrəcik toplusunu yüksək enerjiyədək sürətləndirir və daha sonra onları nəhəng detektorların daxilində saniyədə bir milyard dəfədən çox toqquşdurur.Uzun illər boyunca yüksək enerjili zərrəciklər fizikasının əsas məqsədi materiyanın daxili quruluşunun öyrənilməsi və onu təşkil edən təməl daşlarının bir yerdə saxlayan qüvvələrin tədqiqinə həsr edilmişdir. Çoxlu sayda nəzəri, eləcə də, təcrübi araşdırmaların nəticəsində vahid nəzəriyyə, Standat Model formalaşdırıldı. Uzun illər ərzində yeganə çatışmayan komponent, Higgs bozonu, bu nəzəriyyənin tamlığını təmin edən məhək daşıdır. Əsas məqsədlərdən biri məhz Hiqqs zərrəciyini axtarmaqdan ibarət idi.

Digər məsələ Kainatımızım yaradılışından 10 mikrosaniyə sonrakı halını laboratoriya şəraitində yaratmaqdan, və orada nələrin baş verdiyini tədqiq etməkdən ibarətdir.

- Bu proses necə baş verir?

- Yəqin ki, optik teleskop görmüsünüz. Baxın, bu teleskoplar göy cisimlərindən gələn siqnalları araşdırırlar. Bir də var elektromaqnit spektorunun müxtəlif sahələrini qəbul edən teleskoplar. Lakin bu siqnalları teleskopla tutmaq üçün o siqnalların bizə gəlməsini gözləmək lazımdır. Kainatın da yaradılma mexanizmi elədir ki, bu siqnallar bizə yalnız 400 000 il sonra göndərilir. Ondan əvvəl baş verənləri isə öyrənmək mümkün olmur. Bu vaxt yeganə yol qalır, kainatın ilk anını laboratoriya şəraitində yaratmaq... Biz də bayaq qeyd etdiyim kimi, nüvələrin hərəkətini işıq sürətinə çatdırıb, kainatın yaradılışını müşahidə edirik.



- Müşahidələrinizin heyrətamiz yönlərini bizə sadə dillə izah edə bilərsinizmi?

- Qurğuşunun qurğuşunla toqquşma nöqtəsində temperatur Günəşin mərkəzində mövcud olan temperaturdan 100 min dəfədən artıq qiymətlərə çatır. Hər toqquşmada 10 minlərlə zərrəcik yaranır ki, onlar saniyədə 8 min dəfə detektorun laylarına çırpılırlar. Maddətin temperaturunu yüksəltdikdə onu təşkil edən atomlar ionlaşır, yəni atomlar elektronlarını itirir. Daha yüksək temperaturlarda nüvələr onları təşkil edən proton və neytronlara bölünür. Temperaturu bundan da yuxarı qiymətlərə qaldırdıqda isə prton və neytronlardan onları təşkil edən sərbəst kvark və glüonlar halı, yəni kvark-qlüon plazması yaranır. Bu cür mühit məhz Kainatın 14 milyard il əvvəlki yaradılış anının vəziyyətidir.

- Bu nüvə mərkəzi yalnız İsveçrədədir?

- Xeyr, Amerika Birləşmiş Ştatlarında, Rusiyada və digər ölkələrdə də mərkəzlərimiz var.

- Hansı daha fəaldır?

- Hər bir mərkəzimizin əməkdaşları fəaldırlar. Lakin enerji baxımından İsveçrədəki mərkəz daha güclüdür.

- Təcrübələriniz ilboyu gedir?

- Təbii ki, ilboyu yerin altında proses gedir. Yerüstü laboratoriyalarda isə araşdırmalar aparılır. Bəzən müəyyən avadanlıqları yeniləmək üçün və yeni il ərəfəsində fasilələr də olur.

- Yəqin ki, tunellər həyat üçün təhlükəlidir.

- Təbii ki, orada gedən reaksiyalar, radiasiyanın səviyyəsi o qədər güclüdür ki, insanın ölümü üçün cəmi 1 dəqiqə kifayət edir. Həmçinin Yer qabığı və tunelin örtüldüyü beton qatı radiasiyanın qarşısını alır. Lakin cihazların hamısı həmin tunellərdə yerləşir.

- Əminəm ki, sizin bu ixtiralarınız, kainatın yaradılışı ilə bağlı bir sıra təhrif edilmiş elmi faktlara aydınlıq gətirir. Bu haqda məlumat verə bilərsinizmi?

- İndiyədək ən böyük problemlərdən biri kütlənin necə əldə olunması idi. Bunun nəzəriyyəsi də vardı. Nəzəriyyə bizə deyirdi ki, mühitdəki zərrəciklər müəyyən sahə ilə qarşılıqlı təsirə girir və kütlə yaranır. Hiqqs zərrəciyi bu zahənin ölçülə bilən təzahürüdür. 2012-ci ilin iyulunda CERN-in Böyük Adron Kollayderində Hiqqs zərrəciyi kəşf olundu və 2013 -cü ildə Fransua Enqler və Peter Hiqqs Nobel mükafatı aldılar.

İkinci qlobal məsələ odur ki, kainat durmadan genişlənməkdədir. Bu isə qaranlıq enerjinin varlığı ilə əlaqədardır. Ətrafımızda gördüyümüz materiya bütün Kainatın çox kiçik, cəmi 5 faizlik hissəsidir. Yerdə qalan sirli 95 faizdən heç xəbərimiz də yoxdur. Bu sirrli hissəni qaranlıq enerji və qaranlıq materiya təşkil edir. Böyük Adron Kollayderində yerinə yetirilən təcrübələr kainatın qalan 95 faiz sirrli hissəsini anlamaqda kömək etmək üçün yeni hissəciklərin mövcudluğunu sübut edəcək dəlilləri axtarır.

Həmçinin bugün istifadə etdiyimiz sensor ekranlar da məhz bu mərkəzdə kəşf olub. Çünki alimlər öncə öz işlərini asanlaşdırmaq üçün cihazların ekranını sensorlaşdırıblar. Daha sonra isə mobil telefonlarda və bir sıra digər alətlərdə tətbiq olunmağa başlanıb. Bundan əlavə “www” protokol da CERN-in kəşfidir.



- CERN nə vaxt yaradılıb?

- 1954-cü ildə yaranıb. Hazırda 22 üzv ölkə var.

- Ölkəmiz üzvlər sırasındadır?

- Üzv ölkələr sırasında təəssüf ki, hələ yoxuq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi CERN – in ALICE və NA61/SHINE təcrübələrinin tam hüququlu üzvüdür. Bu Azərbaycanda bir ilkdir. Mən bu əməkdaşlığa rəhbərlik edirəm. Əlavə olaraq, CERN rəhbərliyi orada məni fizika qruplarından birinə rəhbər təyin edib.

- Alimlər hazırda qlobal istiləşmə gəlir deyə, həyəcan təbili çalırlar?

- Hazırda kainatda genişlənmə gedir və əgər bu prosses baş verirsə, demək ki, Kainat soyuyacaq. Ümumi nisbilik nəzəriyyəsinə əsasən kainat genişlənəndən sonra yığılmağa başlaya bilər və bu da istiləşməyə səbəb olar. Yəni başlanma nöqtəsinə geri dönə bilər. Lakin sübut olundu ki, kainat nəinki genişlənir hətta təcillə genişlənir. Bu isə buzlaşmaya səbəb olacaq. Həmin genişlənmənin səbəbi isə qaranlıq enerjidir. Hətta ömrünü sırf bu araşdırmaya həsr edən Eynşteyn də araşdırmalarında ( heç o özü də bilmədən) qaranlıq enerjinin olması nəticəsinə gəlmişdi. Lakin o sonradan bunu həyatının ən böyük səhvi adlandırmışdı. İndi elm sübut edir ki, Enşteynin ən böyük yanlışı əslində ən doğru kəşfi olub.

- Bu qaynar xəbərləriniz üçün sizə təşəkkür edirəm. Çünki hətta xarici mediada bu tip elmi xəbərlərə nadir hallarda rast gəlirəm. Bəs bu cür fantastik ixtiralara imza atan dünya alimləri xərçəng kimi sadə xətəliyin müalicəsini tapa bilmirlər?

- Bilirsiniz, xərçəng çox maraqlı xəstəlikdir. Çünki o adətən radiasiyadan yaranır və radiasiya, müxtəlif şüalarla da müalicə edilir. Hazırda dünyanın qabaqcıl tibbi araşdırmaçıları bunun üzərində ciddi çalışırlar. Almaniyada xüsusi onkoloji mərkəzlər var. Bu klinikalarda xəstələr sürətləndirdiyimiz zərrəciklərlə şüalandırlırlar. Əsas odur ki, bu qamma şüalarla müalicə zamanı sırf zədələnmiş hüceyrələr məhv olur. Digər sağlam hüceyrələr zərər görmür. Sevindirici haldır ki, mərkəzlərdə müalicə görən xəstələr sağlamlıqlarına qovuşurlar.



- Neçə ildir ki, Almaniyadasınız?

- 18 ildir. Yeni köçəndə dəqiq və ciddi alman mühiti məni sıxmağa başladı. Çünki bu ölkədə insanların günlük işləri həftələr, hətta illər öncədən planlaşdırılır. Lakin bizdə hər şey fərqlidir. Hər günümüz fərqlilik, yenilikdir. Onu da deyim ki, mən fizika sahəsi üzrə Almaniyada doktorluq müdafiə edən ilk azərbaycanlıyam. Bununla da ayrıca qürur duyuram.

- Ailəlisiniz?

- Bəli, həyat yoldaşım da azərbaycanlıdır. 3 övladımız var. Hər 3-ü ana dilimizdə səlis danışırlar. Çox gözəl də təhsil alırlar.

- Bəs iki ölkənin təhsil sistemində nə kimi fərqlər var?

- Billirsiniz, Azərbaycan təhsili nəzəri cəhətdən çox güclüdür. Lakin Almaniyada ümumiyyətlə, Avropada təcrübi elm çox üstündür. Bu iki sistemi birləşdirəndə möhtəşəm kəşflər etmək mümkündür. Hazırda Azərbaycana gəlməyimin səbəbi elmlər doktoru disertasiyamı müdafiə etməkdir. Lakin ildə bir neçə dəfə vətənə gəlib, Bakı Dövlət Universitetində mühazirələrlə çıxış edirəm. Qismət olarsa, istedadlı tələbələrimizi Almaniyaya aparmağı da düşünürəm.

- Anar bəy, dəyərli açıqlamalarınız üçün minnətdaram.

- Buyurun. Mənim üçün xoş oldu.

Leyla Sarabi

Fotolar: Elnur Muxtar
Tarix: 4-02-2018, 13:34
Xəbəri paylaş





Xəbər lenti