Əlil olan iki uşaq anasının evi əlindən alındı

Əlil olan iki uşaq anasının evi əlindən alındı
12 ildir yoxa çıxan, ölmüş bildiyi əri qayıdıb qadının həyatını necə alt-üst etdi...

Evinin bir hissəsinin məhkəmə yolu ilə əlindən alınmasına etiraz edən iki uşaq anası, II qrup əlil Sədaqət Balabəy qızı Dadaşova redaksiyamıza üz tutub. 2003-cü ildə Nəriman Feyzulla oğlu Rəhimovla ailə quran Sədaqət xanım deyir ki, 2 il sonra əri onları ataraq Rusiyaya gedib və 12 il ərzində ondan xəbər çıxmayıb:

“Mən 4 il səbirlə onun yolunu gözlədim. Daha sonra bir xəbər çıxmadığını görüb, dövlət qurumlarına müraciət etdim. Həmçinin bizə sahib çıxmadığı üçün alimentlə bağlı ərizə verdim. Ancaq uzun illər ərzində dövlət qurumları Nəriman Rəhimov haqqında heç bir izə rast gəlmədi. Nəticədə Nizami Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə hər yerə sorğu verdi, yenə heç bir məlumat olmadığı üçün onun haqqında ölmüş qərarı çıxarıldı. Bu illər ərzində iki övladımı əlil vəziyyətimlə çox böyük çətinliklə böyütdüm. Ərim bizi atıb gedəndə bir oğlum var idi, ikincisinə isə hamilə idim. İndi birinin 19, digərinin 12 yaşı var. Ali təhsilli müəllimə olduğum halda gedib xadimə işlədim. Lakin bütün bunların əvəzində evim əlindən alındı”.

Şikayətçi deyir ki, əri 2017-ci ildə, ara sakitləşdikdən sonra çıxıb gəlib. Bundan sonra da ailəsinə zərər verməkdən çəkinməyib: “Sən demə, Nəriman Rusiyada gizli yaşayırmış və ailəsi, anası, bacısı ona məlumat ötürürmüş ki, ölkəyə gəlmə, sən axtarışdasan. Ona görə də Azərbaycana gəlmirmiş. 2017-ci ilin yanvar ayında sərhədi keçib Azərbaycana gələndə axtarışda olduğu üçün onu tutdular. 20 gün inzibati qaydada həbs etdilər. Daha sonra alimentdən yayındığı üçün və məhkəmə qərarını icra etmədiyi üçün ona qarşı cinayət işi başladıldı. O da imkanına güvənərək özünə vəkil tutdu və mənə hədə-qorxu gəldi ki, əlində nə varsa səndən alacam. Nəriman hakimlə əlbir oldu və qardaşlarımın mənim üçün aldığı, öz adıma olan evə iddia etdi. Hakim isə evin birgə nikah dövründə alındığını əsas gətirərək, 12 il ölkədə olmayan, ölmüş elan olunan bir şəxsə əlil qadına, iki uşaq anasına məxsus birotaqlı evin 1/3 hissəsini verdi. Halbuki o ev mənə öz bacım, qardaşım tərəfindən alınıb. O ev alınarkən Nəriman, ümumiyyətlə, Azərbaycanda olmayıb, hətta uzun illər evin ünvanını belə bilməyib”.

Qeyd edək ki, cütlük hələ də birgə nikahdadır. Sədaqət Dadaşova tərəfindən boşanma üçün Nizami Rayon Məhkəməsinə müraciət edilib. Şikayətçi deyir ki, son olaylardan sonra səhhətində ciddi problemlər yaşanır: “Məhkəmənin bu qərəzli qərarından sonra mən intihar etmək həddinə çatdım. Son günlər bir neçə dəfə vəziyyətim pisləşib və üstümə təcili yardım maşınları gəlib. On günlərlə Sabunçu rayon xəstəxanasında müalicə almışam. Səbəb isə məhkəmənin bu ədalətsiz qərarıdır. Əlil insanın başına bu cür oyun gətirmək rəvadırmı? Nərimanın məqsədi odur ki, evin özünə düşən hissəsini satsın və alimentlə əvəz eləsin. Bununla da məndən qisas almağa çalışır. İddiasında onu da yazır ki, 2004-cü ildə ölkədən getmişəm, sonra Bakıya gələndə evdə başqasından olan uşaq görmüşəm. Halbuki o, bizi atıb gedəndə mən ikinci oğluma hamilə idim. Yaxşı, əgər mənim ona xəyanət etdiyimi düşünürdüsə, niyə mənə ev alıb verirdi? Bu iddialar bir-biri ilə üst-üstə düşmür axı...”

Şikayətçi onu da qeyd etdi ki, Nəriman Rəhimov Rusiyaya getdiyi ilk illərdə bir neçə dəfə Azərbaycana qayıdıb və ikinci uşağın varlığından xəbəri olub. Hətta ikinci oğlunun körpə vaxtlarında onunla birgə çəkdirdiyi şəkillər var. Sadəcə, indi övladının başqasından olmasını iddia etməsinin səbəbi məhz həyat yoldaşından qisas almaqdır. Əlil ana qəzetimiz vasitəsilə ölkə başçısına, ölkənin birinci xanımına, Ədliyyə Nazirliyinə də müraciət edərək kömək istəyib.

Yazıda adları çəkilən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”
Tarix: 14-02-2018, 10:58
Xəbəri paylaş





Xəbər lenti