Veteranlar məhkəmə çəkişməsində; “Özlərinə yaxşı biznes qurublar”

Veteranlar məhkəmə çəkişməsində; “Özlərinə yaxşı biznes qurublar” Azərbaycan-Əfqanıstan Veteranlar Birliyinin sədri Məhəmməd Vəliyev dələduzluq, rüşvət alma, sənədləri saxtalaşdırma kimi əməllərdə suçlanaraq məhkəmə qarşısına çıxarılıb. 57 yaşlı M.Vəliyev onunla eyni yaşda olan müavini Cavan Əhmədovla birlikdə mühakimə olunur.

Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Fevralın 14-də hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, işin məhkəmə baxışına verilib-verilməməsi məsələsi müzakirə olunub. Təqsirləndirilən şəxslər məhkəmə istintaqının başlanmasına etiraz etməyiblər.

Bu cinayət işində zərərçəkənlər təşkilatın üzvü olan veteranlardır. Təşkilatın sədri və müavini də onların şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub.

Azərbaycan-Əfqanıstan Veteranlar Birliyi 8 mindən çox üzvü olan ictimai birlikdir. Veteranlar Prezident Administrasiyasına şikayət məktubu göndərərək, təşkilat daxilində korrupsiya hallarına yol verildiyini, onların haqlarının mənimsənildiyini yazıblar. Həmin məktub araşdırılması üçün Baş Prokurorluğa göndərilib və Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Veteranlar iddia edir ki, 2005-ci ilin martında prezidentin göstərişi əsasında fərdi ev tikintisi üçün ayrılmış 10.35 hektar torpaq sahəsinin onların istifadəsinə verilməsinə əngəllər yaradılıb. Onlar buna görə M.Vəliyevi günahlandırırlar: «Birliyin sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməyimizə mane olur. Maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunurdu. Biz başa düşə bilmirik, heç Əfqanıstan müharibəsinin veteranı olmayan bir insan necə birliyin sədri ola bilər? Özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini tək veteranlara yox, digər şəxslərə də 3 min 500-8 min manata satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər…».

Zərərçəkmişlərin iddiasına görə, 11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib, nə qədər yardım ayrıldığı məlum deyil.

M.Vəliyev və müavini özlərini təqsirli bilmirlər və ittihamların şər-böhtan olduğunu deyirlər.

İş materiallarında yazılanlarla razılaşmayan təqsirləndirilən şəxslər məhkəmə baxışında bu haqda ətraflı danışacaqlarını bildiriblər.
Tarix: 14-02-2018, 22:10
Xəbəri paylaş





Xəbər lenti