Fazil Məmmədov niyə hücuma keçib?

Fazil Məmmədov niyə hücuma keçib?
Keçmiş vergilər naziri Fazil Məmmədovun əsəbləri dözmədi. Xələfi Mikayıl Cabbarovun ittihamlarını cavabsız qoyan Fazil Məmmədov eyni dözümü Prezident Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş Şöbəsinin müdiri Süleyman İsmayılovun açılqmasına göstərə bilmədi. Qeyd edək ki, Süleyman İsmayılov Vergilər Nazirliyindən edilmiş şikayətləri açıqlayıb.

O bildirib ki, ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq-mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.


PA rəsmisinin sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirdiklərini qeyd edib.

Fazil Məmmədov isə ittihamları qəbul etməyib.

“Heç kimin hesabı qanunsuz dondurula bilməz. Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundankənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır”,-deyə keçmiş nazir bildirib.

Fazil Məmmədovun ittihamlara əsəbi tonda reaksiya verməsi səbəbsiz deyil. Keçmiş nazir fərqindədir ki, bu ittihamlar onun üçün acı nəticələrə səbəb ola bilər. Az24saat.org indiki vergilər naziri Mikayıl Cabbarovun bir neçə gün əvvəlki çıxışını şərh edərkən də yazmışdı ki, Fazil Məmmədovun nazir səviyyəsində ittiham edilməsi onun üçün həbslə nəticələnə bilər.

Bu arada qeyd edək ki, artıq Vergilər Naziriliyinin bir neçə keçmiş əməkdaşı həbs edilib. Bu şəxslərin Fazil Məmmədovun kadrları olduğu barədə iddialar var. Buütün bunlar isə keçmiş nazir üçün həbs təhlükəsini artırır.

Fazil Məmmədov da baş verənlərin fərqindədir. Ona görə də keçmiş nazirin özünüqoruma instinkti işə düşüb. Güman etmək olar ki, Fazil Məmmədov bundan sonra ittihamlara daha sərt reaksiyalar verəcək. Amma bununla özünü qoruya bilib-bilməyəcəyi sual altındadır.
Tarix: 16-02-2018, 07:23
Xəbəri paylaş





Xəbər lenti