Adam Qar Arzulamağa Utanır

Adam Qar Arzulamağa Utanır
Fimar

Adam qar istəməyə də utanır. Çərşənbələr qapını kəsdirib, biz hələ qar həsrətindəyik deyə, hərdən canımızın hayına qalıb yaddaşımızdakı “olmaz”-ı unudub qar istəyirik, gözləyirik. Azacıq sevinmək üçün. Qar sevgisinin yaşı olmaz ki… Qar yağardı, göyün yükü azalardı, yerin canı sulanardı. Qurdun-quşun ziyanı olmazdı. Xəstəliklər seyrələrdi. Cəhənnəmə ki, tezcənə qazın təzyiqini alardılar, qızdırıcılarda istilik azalardı…Hə, kasıbın sacı qızmazdı… Çox əskikliklər girərdi araya.Əskik günümüzmü var?!


Uşaqkən kəndimizə qaz çəkmişdilər. Əla yanırdı. İndiki kimi qənaətlə də işlətmirdik. Anam deyirdi, otağın qapısı açıq balkona yox, aynəbəndə açılsaydı istidən nəfəs ala bilməzdik. Anam hər girib çıxanda qapını arxasınca kip bağlamırdı, “təsadüfən” azacıq aralı qoyurdu: istini sevməzdi. Atam gur-gur guruldayan sobanın yanındakı divan boyu səpələdiyi qəzetlərin arasından durmadan hər dəfə mənə “dur, qapını kip bağla” deyə buyurardı. Gecələr də söndürməzdik qazı. “Ceyran peçi”nin gurultusundan gecələr yata bilməsəm də, isti adama ləzzət edirdi. Onda kimsə dəm qazından ölmürdü. 17 yaşımacan belə xəbər eşitmədim. Qar yağanda ağacsız həyətimiz, məktəbimizin həyətindəki meyvə bağı o qədər ağ, təmiz, gözəl görünərdi, o qara toxunmağa heyifim gələrdi. Bacı qardaşım Bakıda oxuyurdular, evin sonbeşiyi olduğumdan heç qartopu oynadığımı xatırlamıram. Ama qardan adam düzəltməyim vardı; qəşəng…O adamın boynuna mütləq atamın köhnə qalstukunu bağlayardım. Qırmızı. Niyəsini bilmirəm…

Evimiz məktəb həyətinə bitişikdi, ara yol da vardı gedib-gəlməyə. Bir il möhkəm qar yağdı. Daha ayaqqabı ilə gedə bilmirdim dərsə. İlk dəfə anam uzunboğaz çəkmə alanda məktəbə həmin o ara yolla yox, küçəylə, daha uzaq yolla getdim. Qar ayağımın altında xış- xış xışıldayırdı… Xar-xar xarıldayırdı…

Universitetə qəbul olunub Bakıya yerləşəndə gördüm buraların qarı ayrı çürdü: şəhərin bir tərəfinə yağır, o birisinə yox, bir yanda nərmənazik, bir yanda kələkötür, buzqırıqlı, yaxşı da xışıldamır. Xışıldamır. Gördüm qar adamı sürüşdürür, yıxır, üşüdür, əlini kəsir…Əlcək aldım. Başıma papaq qoydum. Kənddə qarı əlcəksiz götürürdüm, əlim üşümürdü, başımı bağlamırdım, xəstələnmirdim. Sürüşmürdüm. Təmizdi o qar. Ekoloji təmiz. Qatqısız. QMO-suz. Indi qarla uğraşmaq da zülümdü.

AzTV-də işləyəndə yağdısa, qar problemə çevrilərdi. Televiziya dikdədi, həyəti mailidi, bir gün qar yağdısa hər yerdən əriyib qurtaradı, AzTV-nin həyətindən, həndəvərindən yox. Hələ qaraj yolunu demirəm. Göylə gedən vaxtlarımda bir gün televiziyanın yeməkxanasının qarşısından çox arxayın-arxayın keçəndə qarda sürüşdüm, arxası üstə yıxıldım. Dümdüz arxası üstə uzandım yolun ortasında. Yeməkxanada kim vardısa tökülüşdü. Salamat qurtarmışdım. Sonra çoxları “o gün sən yıxılanda” deyə sözə başlayanda bilirdim arxasınca cəngavərlik söhbəti gələcək. Qarla aram dəydi. Ondan qorxmağa başladım. Çox olardı 23 yaşım.

Bir dəfə də ad günümdə (dekabrda) Bakıya o qədər qar yağdı, kimsə məni təbrikə gələ bilmədi. Süfrəmiz açıq və masamız boş qaldı…

Qarı ilk yol ötən il suçladım, qınadım. Dekabrda. Üşüdəndə, yıxanda, ad günümü pozanda etməmişdim bunu. Etdim. Qarğış etdim. Tufandağın qarı əzazilmiş, əzrayılmış, fürsətçiymiş… Mən belə qarı istəmirəm.., belə insanları sevmirəm. Bakıya yağmayan qar Tufandağdan əl çəkmir, Baburun, Fəridənin, Naminin yorğanına çevrilib. Tanrı kişi bizə qıymadığını onların üstünə, başına yağdırır, yağdırır… Hanı ilahi ədalət? Kaş o qarın təmizliyi olmayaydı, xışıltısı gəlməyəydi, insafı, mərhəməti olaydı. Qardan yorğanlar olmaz olaydı. O yorğanlar bilirsiz nə zaman əriyəck? Bənövşə gülləyəndə? Alça çiçəkləyəndə? Aprelə alça da çiçəkləyər, bənövşə də. Qar da əriyər, dərd də çoxalar. Adam qartopu oynamağı arzulamağa da utanır dərdin-sərin içində…
Tarix: 19-02-2018, 10:32
Xəbəri paylaş





Xəbər lenti