Etibarlı qohum

Etibarlı qohum
Jurnalist Seymur Həziyə dayanacaqda ona söyüş söyən təxribatçıya, lap dəqiq yazsaq, “işverənə” plastik su butulkası atdığı üçün 5 il həbs cəzası kəsiblər. Blogger Mehman Hüseynov polisə pis söz dediyi üçün iki ildir türmədədir. REAL sədri İlqar Məmmədovu icazəsiz İsmayıllıya getdiyinə görə 5 ilə yaxındır dustaq saxlayırlar, heç buraxmaq fikirləri də yoxdur. İlkin Rüstəmzadəni isə ümumiyyətlə məlum deyil 4 ildir niyə tutublar.

Bəzi zəhmətkeşlərimizə məlum, çox zəhmətkeşimizin isə ümumiyyətlə xəbər tutub kefini pozmaq istəmədiyi bu əhvalatları niyə xatırladım? Bir cinayət işi xronikasını oxuduğum üçün. Köhnə əhvalat saymaq olar, 2011-2012-ci illərdə olub. Adlarını çəkməyin mənası yoxdur, çünki tipik, orta statistik cinayət-məhkəmə xronikasıdır. Bir dəstə cavan rayonların birində reketlik, quldurluq ediblər, silahlı atışıblar, yaralanma, avtomat silahla təqib, daha nələr... Hollivud filmlərindəki kimi mənzərələr, uzun sözün qısası. Sonra bunları tutublar, biri türmədə ölüb. Qalanları isə apellyasiya şikayəti veribdir. Nəticədə hakim 13 il həbs cəzası alanı 5 ilə, 9 il alanı 4 ilə endirib və zaldan buraxıb. Bir daha xatırladım ki, söhbət qəsdən adam öldürməyə cəhd, silahlı soyğunçuluq, ağır xuliqanlıq və sairə tipli cinayətlərdən gedir. Hətta cəzanı yüngülləşdirməmək barədə prokurorun etirazını da hakim vecinə almayıbdır.

Belə çıxır ki... Əşi, heç zad çıxıb eləmir. Həyatınızı yaşayın. Siyasətə qarışmayın. Əgər qarışsanız, avtobusda asqırmağa görə sizə 10 il verəcəklər. Qarışmasanız lap tüfəng alıb avtoşluq edin, uzağı 3-4 ilə hakimlə bazarlıq edib çıxmaq mümkündür. Mənim yadıma gəlir, yaxın tariximizdə azyaşlını zorlayana 6 il həbs kəsən bir hakim vardı, eyni ayda jurnalistə tənqidi yazılarına görə 8 il vermişdi. Bəs ədalət? Bəs qanunun aliliyi? Bəs kəlləpaça?

Şair belə məqamda nə təhər deyibdir? “Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə, Neməti-vəslin görüb, nazın çəkərdim can ilə”. Yox, zarafat edirəm, şair belə deməyibdir. Şair bu məqamda ayrı cür söyləyibdir:

“İtimiz qurd olalı, biz də qayıtdıq qoyun olduq,

İt ilə qol-boyun olduq.

İt əlindən qayıdıb, qurda da bir zad boyun olduq,

İt ilə qol-boyun olduq".

90-cı illərdə bizim bir satirik ədliyyə nazirimiz vardı. Əlində imkan olsa, kritik günlərinə təsadüf eləsə, Yer kürəsini Saturnun halqasına keçirərdi. Həmin arvadın bir afyorizmi o tarixi günlərdən bizə xatirə qalmışdır: “Demokratiyanı beşikdə boğmaq lazımdır”. Ədliyyə naziri deyir ey... Gör nə ekzotik ölkədə yaşamışıq. Bax, həmin nazir arvadın bir dənə də prokuror qardaşı var idi. İmanımı yandıra bilmərəm, dəqiq xatırlamıram: prokuror qardaş bacısını ədliyyə naziri qoydurmuşdu, yoxsa ədliyyə naziri bacı qardaşını prokurorluğa soxuşdurmuşdu. Hər halda, əhvalat baş vermişdi, ikisi də ömür sürdülər, yedilər-içdilər yerə keçdilər, Keçəli də padşahın qızına verdilər. Zarafat edirəm, heç bilmirəm ölüblərmi, qalırlarmı. Ancaq vaxtaşırı bu keçmiş ədliyyə nazirinin həmin prokuror qardaşının oğlu pis əhvalatlarla gündəmə gəlməkdədir. Bir ara hətta narkotik alverinə görə tutmuşdular.

Dünən isə saytda baxıram, həmin qardaşoğlu əfvə düşüb, sonradan bir nəfərin 7500 manatlıq ev əşyalarını oğurlayıb satıbdır. Həmin zərərçəkən adamın müxbirə açıqlamasında ən ləzzətli məqam bilirsinizmi nə idi? Bu cümlələr: “O, özünü keçmişdə Ali Məhkəmədə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində çalışan ... (ad çəkir, ancaq mən çəkmirəm, mənası yoxdur - Z.H.) qardaşı oğlu kimi təqdim etdi. Bununla da mənim etimadımı qazandı. Mən fikirləşdim ki, ölkədə belə yüksək və etibarlı hüquq sahəsində çalışan şəxsin qohumu da etibarlı biri olmalıdır. Əks təqdirdə, belə insanlar yüksək vəzifələrdə çalışmazdılar. Buna görə də mən mənzilimi sonradan cinayətkar çıxan şəxsə verdim”.

Arzu edirəm onun əmlakının bir qırığı da tapılmasın. Sadə bir insan kirayə üçün getsə, qapını açmaz, ancaq yaltaqlığa baxın... Yüksək vəzifələr etibar qarantiyası imiş. Öl elə. Kaş qardaşoğlu divarları da söküb sataydı.



Zamin HACI
Tarix: 21-02-2018, 09:11
Xəbəri paylaş





Xəbər lenti