Qanunsuz ovçular və “Qırmızı Kitab”ın qara günü

Qanunsuz ovçular və “Qırmızı Kitab”ın qara günü
Milli Elmlər Akademiyasından verilən məlumata görə, 2023-cü ilədək “Qırmızı Kitab”ın 3-cü nəşrinin çıxması nəzərdə tutulur. Bir az əvvəl də oxudum ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında əsasnaməyə dəyişiklik edib. Şübhəsiz marağımı elə çəkdi ki, anında xəbəri açıb, dəyişikliyin nədən ibarət olduğunu öyrənmək istədim. Demə, “Qırmızı Kitab” haqqında Əsasnamə”nin I bölməsinin 4-cü hissəsində “elmi tədqiqat təşkilatları” sözləri “elmi müəssisə və təşkilatları” sözləri ilə əvəz edilib.
Azərbaycanın “Qırmızı Kitab”ında redaktə xarakterli ifadələrin dəyişdirilməsi nəyi dəyişir, bilmirəm. Amma onu bilirəm ki, bu qədər özbaşınalıq şəraitində bir də baxacağıq ki, o kitaba adları salınmış dəyərli növlərin nəsli tükənib gedib. Buna sübut olaraq, son illər ölkəyə ayaq açmış xarici vətəndaşların qanunsuz ovçuluq əməlləri ilə bağlı bir neçə fakt açıqlaym. 2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi mətbuata verdiyi açıqlamada ölkədə qanunsuz ovçuluqla məşğul olan xarici vətəndaşların saxlandığını deyəndə, hay-küy qopmuşdu. Amma sonra nə oldu? Sonrakı illərdə belə faktların sayı dəfələrlə artdı. Xatırlayarsınız, keçən il ölkənin qoruqlarına ayaq açıb onlarla nadir quş növünü ovlayan ərəblərin sosial şəbəkədə yayılmış şəkilləri insanların haqlı qəzəbinə səbəb oldu. Bu qalmaqaldan sonra ETSN məcbur olub, açıqlama verdi. Açıqlamada deyilirdi ki, “16 xarici vətəndaş 32 min manata qədər cərimə olunaraq Dövlət Miqrasiya Xidməti tərəfindən bir daha Azərbaycana buraxılmamaq şərti ilə ölkədən məcburi çıxarılıb”. Nazirlik rəsmisi qeyd etmişdi ki, 2016-cı ildə də 16 nəfər qanunsuz ov edən xarici vətəndaş saxlanılıb. Onların hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib və ölkədən deportasiya edilməsi üçün Miqrasiya Xidmətinə müraciət olunub. “Azərbaycana xarici ölkələrdən, xüsusən də ərəb ölkələrindən ova gələnlər var. Həmin şəxslər Azərbaycanda ov sahəsində fəaliyyət göstərən şirkətlərin vasitəsilə gəlir. Bu şəxslərin ov qaydalarına riayət etməsi barədə nazirliyə müraciət edən şirkətlər öhdəlik götürür və onları qaydalarla təlimatlandırır. Ötən il 200 nəfər xarici vətəndaş Azərbaycanda ov etmək üçün icazə alıb”-deyə nazirlik rəsmisi bildirib. Bu ilin yanvarın 28-də ölkədə yenə 3 Səudiyyə Ərəbistanı vətəndaşının qanunsuz ov etdiyi aşkarlanıb. Məlum olub ki, onlar heç kimdən icazə almayıblar. Qanunsuz ov edən əcnəbilər nazirliyin əməkdaşları tərəfindən saxlanılıb, hər biri 2000 manat cərimə olunub. Həmin şəxslərin ölkədən xaric olunması üçün Dövlət Miqrasiya Xidmətinə məlumat verilib.

Ölkədə fəaliyyət göstərən müstəqil ekoloqlar dəfələrlə etiraf edib ki, qanunsuz faktlar rəsmi açıqlamalardan xeyli çoxdur və bu gedişlə bir sıra nadir növlərin nəsli kəsilə bilər. Təhlükə ciddidir və keçən ilin sonunda qanunsuz ov etməyə görə cərimələrin 20 dəfə artırılması da bundan xəbər verir. Cinayət Məcəlləsinin 258-ci maddəsinə edilən dəyişiklikyə görə, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə ov etməyə görə cərimənin məbləği 2000- 3000 manata qədər müəyyən edilib. Bundan əvvəl isə eyni əmələ görə cərimə 100 manatdan 500 manatadək təşkil edirdi.
2023-cü ilədək “Qırmızı Kitab”ın 3-cü nəşri çıxacaq. Yaşayıb görərik, orda yer alan siyahı əvvəlki illərlə müqayisədə hansı dəyişiklikləri ortaya çıxarır və qanunsuz ovçuluqla bağlı cəzaların sərtləşməsi nəticə veribmi?
Azadliq.info
Səadət
Tarix: 24-02-2018, 00:04
Xəbəri paylaş





Xəbər lenti