Xaləddin müəllimin Şamaxinkada, 18:05-i göstərən saatı

Xaləddin müəllimin Şamaxinkada, 18:05-i göstərən saatı
(Martin Makdonax-a ithaf olunur)

Bakının Sumqayıt yolu çıxışında, Ziya müəllimin bataqlığa batırdığı beynəlxalq avtovağzalın yaxınlığında bir yerüstü saat vardır. Təpənin döşündə Binəqədi icra başçısı Xaləddin müəllim tərəfindən quraşdırılmışdır. Ancaq Xaləddin müəllim görünür qol saatını qulağından asır, çünki bu yerüstü nəhəng saatı çox naqolay bir yerdən - magistral yolla paralel vəziyyətdə qayırıbdır. Yəni əgər sürücülər istəsələr bu saata baxıb vaxtı öyrənsinlər, mütləq maşınları bir-birinə çırpmalıdırlar. Bir növ təxribatçı, destruktiv saatdır. İndiyə qədər orada saatı öyrənmək istəyən 77 sürücü avariyada ölmüşdür.


Ancaq bəzi zəhmətkeşlərimiz o saata hansısa üsulla baxmağı bacarmışdır. Misal üçün, jurnalist həmkarımız Elçin Məmmədli. Nəinki baxıbdır, hətta qəribə bir müşahidə aparıbdır. Deyir, vergilər naziri Fazil Məmmədov işdən çıxarılan gündən bəri saat yatıb. Neçə aydır 18:05-i göstərirmiş. Güman edir, bəlkə burada nəsə mistika var, Fazil müəllimin qohumu Xaləddin müəllimin də işdən çıxarılma əmri axşam saat yeddiyə beş dəqiqə işləmiş veriləcəkdir. Hər şey mümkündür. Çox mistik-administrativ-postmodernist-hallünasyon zəmanədə yaşayırıq. Mən Bakı şəhər icra hakimiyyətinin qabağından keçəndə bir dəfə qapıda danışan kərtənkələ görmüşdüm.

Doğrudan da, Xaləddin müəllimin Binəqədidə icra başçısı qalması hardasa maraqlı əhvalatdır. Axı deyirdilər onun əsas adamı Fazil müəllimdir. Buyurun. Fazil müəllim inzibati rəhmətə gedib, lakin Xaləddin müəllim Binəqədidə qurduğu dağlar kimi yerində möhkəm dayanıb. Hətta Biləcəri xalqında belə təəssürat yaranıb ki, gərək vaxtilə qohumlar yerlərini dəyişəydi. Vergilər naziri Xaləddin müəllim, Binəqədi icra başçısı isə Fazil müəllim olsaydı bəlkə indi ikisi də şad-xürrəm ömür sürürdü, heç bir nigarançılıq yox idi.

Başqa yöndən, insanda istər-istəməz düşüncələr yaranır ki, niyə Xaləddin müəllimin bu mətanətindən dövlətçiliyimizin müxtəlif sahələrində istifadə olunmasın? Əgər bizim müdafiə nazirimiz 90-cı illərdə Xaləddin müəllim olsaydı, onu Qarabağdan tərpətmək qeyri-mümkün olarmış. Bəlkə də bu dəqiqənin özündə Şuşada oturmuşduq, Xaləddin müəllimin qohumları isə Cıdır düzünü bölüb obyektlərin tikintisi üçün satırdı. Bizə torpağa bağlı belənçik adamlar lazımdır. Qədim yunanların Antey əfsanəsinin yaranmasında Xaləddin müəllimin torpağa bağlılığı rol oynamışdır.

Məncə heç gec deyil. Xaləddin müəllimin potensialından hərbi sahədə yararlana bilərik. “Təmiz Qarabağ” projesi, Laçın koridorunda süni təpələrin tikintisi - niyə də olmasın? Üstəlik, bu dəqiqə torpaqlarımızın azad olunması yönündə böyük işlər görülür. Elçibəyi romantik “Turan, uyğurlar, Güney Azərbaycan” ideyalarına görə lağa qoyanlar özləri İrəvanı almaq üzrədir. Qarabağ və ətraf rayonların üzərindən birbaşa tullanıb İrəvana giririk. Yaxşı projedir. Perspektivli, strateji, qlobal işlər görməliyik. Xırda-para, cocuq işləri bizə yaramaz.

Burada projenin qabaritini daha geniş götürməliyik. Örnək üçün, bu dəqiqə ruslar Dağıstanı idarə edə bilmir, it yiyəsini tanımır. Gündə bir məmuru qoduqluğa basırlar. Bəlkə bu xaosdan yararlanaq və fürsət ikən qədim yurdumuz Dəmirqapı Dərbəndi geri alaq?

Yaxud, Kərkükdə, İraqda o boyda dava getdi, heç soruşan olmadı bizim fikrimizi. Namərdlər. Halbuki, orda nə qədər soydaşımız yaşayır. İndi biz İrəvanı alarkən Kərkükə də desant çıxartsaq pisdirmi? Borçalı yadımdan çıxmayıb, əlbəttə. Bunların hamısını alandan sonra Qarabağ ortada anklav kimi qalacaqdır, ermənilər özləri təslim olacaqdır.

Bax, Xaləddin müəllim belə ilhamverici kadrdır. Gör bizi hansı gözəl planlara sövq etdi. Sağ olsun, sementi də həmişə möhkəm olsun.





Zamin HACI
Tarix: 24-02-2018, 08:38
Xəbəri paylaş





Xəbər lenti