Baran Bodrumda özünü Lizaya necə təqdim eləsin?

Baran Bodrumda özünü Lizaya necə təqdim eləsin?
Bizim kənddə çoxlu qəribə adlı adamlar vardı. “Vardı” deyəndə o adamların çoxu indi də var, sadəcə, kənd yoxdu, onların da harada olduğunu dəqiqliyi ilə bilmirəm.

Qəribə adlarla yanaşı, maraqlı adları olan həmkəndlilərimiz də vardı: Türkmən, Tacik, Əfqan, Çərkəz, Nuğay, Misir, Tehran, Təbriz, Qafqaz...


Göründüyü kimi, bu, ad sarıdan kəndçilərimin necə böyük bir coğrafiyanı əhatə etdiyini, eyni zamanda əfqanlara, çərkəzlərə, hətta azsaylı noğaylara hörmətimizi göstərir.

Bizim kənddə yox idi, amma başqa kəndlərdə qardaş qaşqaylara hörmət olaraq oğlunun adını Qaşqay qoymuş adamlar vardı. (Onu da deyim ki, “Nissan motors” avtomobil şirkəti də 2006-cı ildə buraxdığı avtomobil markasının adını sırf qaşqaylara hörmət olaraq “Nissan Qaşqai” qoyub).

Yeri gəlmişkən, qaşqaylar sırf bizim kimi danışan bir camaatdır, özlərini azərbaycanlı sayırlar. Bu baxımdan oğlan uşaqlarına Qaşqay adı qoymaq pis olmaz.

Budur, rəsmi xəbər yayılıb ki, uşaqlara Tufan, Sunami və Qazax rayonunun adını qoymaq üçün müraciətlər edilib.

Sunamini qoyuram qırağa, amma Tufan nədən olmasın? Türkiyə seriallarında bu adda xeyli personaj vardı. Elə bizdə də məşhur vəkillərimizdən birinin adı Tufandır - Tufan Kərimli.

Söz yox, uşağa Qasırğa, Fırtına, Tornado adı qoymaq olmaz, bu, ad kimi yox, ləqəb kimi yaxşı gedər. Məsələn, “Fırtına Həsən”, “Qasırğa Səməd”, “Tornado Gülbala” və s. Amma “sunami” təzə fəlakət (hər halda bizim üçün) olduğu və bəzən “tsunami” kimi yazıldığı üçün o nə ada yarayır, nə ləqəbə.

Qazax adının qoyulmasına gəlincə, o ola bilər. Qazax təkcə rayon adı deyil, həm də qardaş xalqın adıdır. Bu adı Qazax zonasından olanların qoyması tam yerinə düşər, çünki bizim qazaxlılarla Qazaxıstan qazaxlarının kökü yüzdəyüz eynidir. Məsələn, Kustanay camaatından min nəfəri gətirib buraxasan Qazax şəhərinin ortasına, bir adam onların qazaxlı olmamasından şübhələnməz, ən uzağı elə bilərlər, tovuzlu, şəmkirlidirlər. Ya da əksinə, o qədər həmvətənimizi gəmiylə keçirt Aktauya, de ki, bunlar Atıraudan gəliblər, hamı inanacaq.

Ad məsələsi gerçəkdən də ciddi məsələdir. Uşağa ad qoyanda gərək elə ad seçəsən ki, sonradan uşaq lağlağı hədəfi olmasın və ad qoyanı söyməsin. Hətta ad qoyanda geosiyasi vəziyyəti də nəzərə almaq lazımdır.

Məsələn, biz heç vaxt uşağa Baran adı qoymarıq, rus tərbiyəsi almış, rus dili öyrənmiş adamlarıq, bilirik ki, “baran” “qoyun” deməkdir. Amma Anadolu türkləri uşaqlarına “Baran” adı qoyurlar. İndi təsəvvür edin, Baran yekəlib Bodruma kurorta gedib, orda Rusiyadan gəlmiş Liza ilə tanış olmaq istəyir və adını deyir. Onun adını eşidəndə Lizanı gülmək tutmayacaqmı? Adamın tətil həyatı zəhərə dönəcəkmi, dönməyəcəkmi?

Belə haqq-hesablar da olub. 1990-91-ci ildə ABŞ-la dirəşən İraq diktatoru Səddam Hüseynin şərəfinə oğlunun adını Səddam qoyan adamlar olub. Tərs kimi, nəslin də soyadı Hüseynovmuş. Günlərin birində Hüseynov Səddam İrana gedəndə sərhədçilər onun pasportuna xeyli tamaşa ediblər, fikirləşiblər ki, İran düşməni olan adamın ad-soyadını daşıyan azərbaycanlının ölkəyə buraxsınlarmı, buraxmasınlarmı?

Bu baxımdan ən yaxşısını Rusiyada məskunlaşmış azərbaycanlılar edir, yerli mühitə uyğun, eyni zamanda milli ad kimi görünən ad seçir, oğlanlara Ruslan, qızlara Dərya kimi adlar qoyurlar. Bu saat ölkəmizdə on mindən çox Ruslan var. “Dərya”nı isə ruscada “Darya” kimi təqdim edirsən, məsələ bitir.

“Dəniz” adı da beynəlxalq miqyasa çıxarılası addır. İntəhası, o adı gərək oğlan uşağına qoyasan. Avropada “Dəniz”i “Denis” kimi təqdim etmək mümkündür. Amma qızın adı “Dəniz” olsa, bir balaca problem yarana bilər.

Ta qədimlərdən bizdə “Sara” adlı qadınlar olub. Məsələn, biri hökmdar Uzun Həsənin anası olub, birini də Arpaçayın qırağında paltar yuyarkən çay aparıb. İndi də ölkədə Sara adlı çoxlu qadın var. Onlar bu adla Yaponiyadan ABŞ-a, Avstraliyadan Çiliyə qədər bütün ölkələrdə rahat yaşaya bilərlər.

Söz dönüb-dolaşıb soyad məsələsinə gəlirsə, bir kəlmə də bu barədə deyək. 26 ildir müstəqil dövlətik, amma hələ də İvanov\İmanov məsələsini həll edə bilməmişik, vətəndaşlarımızın 95-98 faizi soyadında rus sonluğu daşıyır.



Samir SARI
Tarix: 24-02-2018, 08:52
Xəbəri paylaş





Xəbər lenti