Zakir Fərəcovun qudasının bazarında zərərçəkənlər üsyan edir - 325 minlik zərər...

Zakir Fərəcovun qudasının bazarında zərərçəkənlər üsyan edir - 325 minlik zərər...
Sumqayıtda “Karvan” ticarət mərkəzində yüzminlərlə manatlıq malı yananlar deputat Qənirə Paşayevadan kömək istəyirlər

FİA.Az vasitəsi ilə millət vəkilinə üz tutan sahibkarlar başlarına gətirilən müsibətdən yazıblar.

Sumqayıt sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva nın sözlərinə görə, 2013-cü ildə “Karvan”da yanğın baş verdiyi zaman külli miqdarda maddi zərər dəyib.

“Bizə 325 min manat miqdarında zərərin dəyməsi rəsmən məhkəmə tərəfindən təsdiqlənib.

Bu zərəri ödəməli olan tərəf “Karvan”ın rəhbəri tərəfindən də təsdiqlənsə də, zərəri ödəmək istəmir. Hadisə zamanı 1000-ə yaxın ticarət obyekti yanıb.

Yanğın zamanı sahibkarlara ümumilikdə 148 941 41 manat ziyan dəyib. Bu yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov (2016-cı ildə dünyasını dəyişib) bildirib ki, dəyən zərərə görə "Azsığorta" şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək”,-deyə ticarətçilər qeyd edib.

FİA.Az xəbər verir ki, Şiralı Əsgərova 170 min, Füzuli Quliyevə 55 min, Dilavər Abdullayevaya 100 min manat zərər dəyib.

Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə "Karvan"ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov min bir bəhanə ilə təzminatı ödəmir.

Şikayətçilər deyirlər ki, neçə illərdir müqavilə əsasında fəaliyyət göstəriblər, “Karvan”ın rəhbərinə kirayə haqqı ödəyiblər, vergi ödəyicisi olublar.

Onların dediyinə görə, istintaq qrupunun rəhbəri Ülvi İsmayılov olub: “9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar.
Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar.

Eyni zamanda təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı.

İ.Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu arxa tarixlə 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular.

Avtomatik olaraq hadisədən məsul şəxs də Bayramov oldu. İstintaq dövründə başda ticarət mərkəzinin o zamankı direktoru Ağamirzə Əhədov və hazırda ticarət mərkəzinə rəhbərlik edən Kamil Əhədov olmaqla, bütün rəhbər şəxslərin səlahiyyətlərinə xitam verildi.

Orta təhsili belə olmayan İ.Bayramovu isə həbs etdilər. 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın.

Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının qanunsuz olaraq 4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi.

6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur?”

Onlar həm də Ali Məhkəmənin hakimi İnqilab Nəsirovdan şikayətçidir: “Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edilmədi.

Eyni zamanda bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli sayda şəxsə borcumuz var. Bizə dəyən zərərin ödənilməsini istəyirik. Bildiyimizə görə "Karvan" da sahibkarlar heç indi də sığortalanmayıb.

II qrup əlil olan Dilavər Abdullayeva xəstə-xəstə bu yaşında çoxsaylı məhkəmələrə gedərək öz haqqını tələb etməyə məcburdur, çünki “Karvan”da yanğın onu müflis edib.

Sizdən xahiş edirik bizim problemin həll olunmasına,daha yüksək səviyyədə qaldırılmasına,qanunun ,ədalətin bərqərar olunmasına köməklik göstərəsiz”.

Qeyd edək ki, mərhum A.Əhədovun Sumqayıtın icra başçısı Zakir Fərəcovla quda olduğu bildirilir.

Füzuli Quliyev-(055) 642 42 69
Şiralı Əsgərov (050) 399 81 77
Dilavər Abdullayeva–(050) 560 30 74


Fia.Az
Tarix: 27-02-2018, 16:38
Xəbəri paylaş





Xəbər lenti