Ekspert “qanun pozuntusudur” deyir, BŞTİ konkret cavabdan yayınır- 18 saylı məktəbdən narazılıq

Ekspert “qanun pozuntusudur” deyir, BŞTİ konkret cavabdan yayınır- 18 saylı məktəbdən narazılıq Bir neçə gün əvvəl mediada Bakıda Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbin direktoru Rəna Süleymanovanın məktəbdə yol verdiyi qanunsuz əməl haqda məlumat yayıldı. Məlumatda bildirilirdi ki, R.Süleymanovanın tapşırığı ilə məktəb şagirdləri evlərindən müxtəlif şirniyyatlar bişirib gətirir və məktəbdə həmin məhsulların sərgi-satışı təşkil edilir. Məsələ mediada işıqlandırıldıqdan sonra direktor R.Süleymanova açıqlama verərək kampaniya zamanı toplanan vəsaitlərin xeyriyyə məqsədilə xərcləndiyini bildirərək özünə haqq qazandırmağa çalışıb. Lakin övladları həmin məktəbdə oxuyan valideynlər etiraz edirlər və bildirirlər ki, ildə bir neçə dəfə keçirilən kampaniya onlara maddi ziyan vurur: “Elə valideyn var imkansızdır, amma tələb olunan ərzağı, şirniyyatı aparmasa övladına məktəbdə problem yaradılır. Ümumiyyətlə bu addımın özü qanunaziddir”.

AFN məsələ ilə bağlı Bakə Şəhəri üzrə Təhsil İdarəsinin və təhsil ekspertinin münasibətini alıb. Qeyd edək ki, idarəyə ünvanlanan suallara səthi cavab verilib. Həmin sualları və verilən cavabı təqdim edirik:
Suallar:
- Belə bir sərgi-satış tədbirinin keçirilməsindən Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyinin xəbəri varmı?
- Kampaniya hansı qanun və qaydalara əsaslanaraq keçirilir?
- Ümumiyyətlə, orta məktəblərdə bu cür (şagird və valideynlərin üzərinə maddi yük qoymaqla) sərgi-satış tədbirlərinin hər nə məqsədlə olur-olsun keçirilməsinə müvafiq qanunvericilik icazə verirmi?
- Konkret olaraq 18 saylı tam orta məktəbdə yol verilən fəaliyyət tərəfinizdən nəzarətə götürülüb yoxlanılıbmı?

Cavab:
18 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, hər il fevralın 16-da Ümumdünya Yaxşılıq Günü ilə əlaqədar məktəbdə xeyriyyə aksiyası keçirilir. Aksiya nəticəsində toplanan vəsaitlər müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə yönəldilir.
Belə ki, 2017- ci ildə əldə edilən vəsait ağır leykoz xəstəliyindən əziyyət çəkən Zamin Həsənlinin müalicəsinə sərf edilib. Hazırda Zamin Həsənlinin vəziyyəti yaxşılaşıb və o, aktiv həyata qayıdıb.
Bu il fevralın 16-da keçirilən aksiyada əldə olunan vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bir ayağını itirmiş, hazırda çox ciddi bir xəstəlikdən əziyyət çəkən Qarabağ müharibəsi əlilinin müalicəsinə sərf edilib.
Bir azərbaycanlı kimi köməyi ehtiyacı olan insanlara yardım etmək hər birimizin borcudur.
Onu da qeyd edək ki, “Ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsi”nə əsasən ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir. Həmin sənədə əsasən, məktəb direktoru təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır və eyni zamanda təhsilalanlar da ümumi təhsil məktəbinin təhsil, ictimai və mədəni həyatında, elmi cəmiyyət, dərnək və birliklərdə, habelə onların yaradılmasında iştirak etmək hüququna malikdirlər.

Məsələ ilə bağlı fikirlərini aldığımız təhsil eksperti Kamran Əsədov isə qeyd etdi ki, baş verən hadisə birbaşa qanun pozuntusudur: “İlk növbədə qeyd edim ki, ümumtəhsil məktəbində təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır. Bu prinsip həyata keçrilən zaman riayət olunmalı bir neçə vacib amil var. Orta məktəblər təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq üçün müəyyən tədbirlər həyata keçirə bilərlər. Amma bu, təhsil xidmətlərindən kənar olmamalıdır. Xatırladım ki, ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Qeyd edim ki, 2011-ci ildə təstiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin tələblərinə görə ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Bununla bərabər, orta məktəb öz maliyyə vəziyyətini yaxşıladırmaq üçün hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları ala bilər. Yəni qanunvericilik aktlarına görə, məktəblərin maliyyə mənbəyi və gəliri açıq şəkildə göstərilib. Bu, o deməkdir ki, heç bir halda, məqsəd və məramından asılı olmayaraq orta məktəblərdə satış yarmarkası, hansısa evdə bişirlmiş, hazırlanmış məhsulların pulla satılması yolverilməzdir. Məktəblər xeyriyyə, sosial kampaniyalara qoşula bilərlər. Amma bu kampaniyalar hansısa kommersiya məqsədi daşıya bilməz. Buna yol verən məktəb direktoru qanunvericiliyin tələblərini ciddi şəkildə pozur. Çünki məktəb binaları daxilində satışa çıxarılan məhsulların sağlamlıq, gigiyenik qaydalara nə qədər uyğun olub-olmaması məlum deyil və bu, şagirdlərin sağlamlığı üçün təhlükəli ola bilər. Bütün direktorların nəzərinə çatdırım ki, “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na görə, orta məktələrdə kremli şirniyyat məmulatları (piroq və tortlar), göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları), frityurda qızardılan piroqlar və ponçiklər və bu kimi ərzaqların gətirilməsi, satılması məqsədindən asılı olmayaraq qadağandır. Bu halın baş verməsi qanun pozuntusudur”.

FƏRİDƏ
Tarix: 1-03-2018, 23:11
Xəbəri paylaş





Xəbər lenti