Şantaj qarşısında bərabərlik

“Badi-səba, mənim dərdi-dilimi

Ol büti-zibaya dedin, nə dedi?

Ahu-naləm asimana yetdiyin

Gərdəni minayə dedin, nə dedi?"

(Qasım bəy Zakir)

Əli müəllim deyir ki, ona qarşı təxribat törədilir. Sitat: “9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də”.

Bu Əli müəllim AXCP sədri Əli Kərimli deyildir. Heç mahnı eksperti Əli Mirəliyev də deyil. Bu Əli müəllim qüdrətli şəxsdir. Xeyli dövləti vəzifəsi vardır. Baş nazirin müavini (düz 20 ildir), YAP sədrinin müavini (6 ildir), "Qaçqınkom"un sədri (20 ildən çoxdur), narkotiklər və narkomanlarla mübarizə üzrə dövlət komissiyasının sədri və sairə. Axırıncıda neçə ildir işləyir, düzü dəqiqləşdirə bilmədim. Həmçinin, bu narkotiklərlə mübarizəyə narkotik asılılığı olanları bir yerə toplayıb Novruz tonqalı kimi yandırmaq, üstlərindən hoppanmaq da daxildirmi - mənə məlum deyil.

Ancaq məqsədimiz, əlbəttə, kiminsə vəzifələrini, pullarını, səlahiyyətlərini saymaq deyildir. Biz belənçik pis işlərlə çoxdan məşğul olmuruq. Jurnalistin vəzifələri sırasında araşdırmaçılıq yoxdur. Jurnalist pis suallar da verməz. Axırıncı pis sual verən jurnalist Elmar Hüseynov idi, onu da 2005-ci ilin martında öldürdük getdi. Dünən, martın 2-də bu ölümün ildönümü idi, sözgəlişi. Onu öldürənlər isə 13 ildə tapılmadılar. Əvəzində rəhmətliyə hökumət tərəfindən yaxşı ehsan verildi, qəbri üstünə mərmər qoyuldu. Yadıma gəlir, 2005-in martında Hacıbala müəllim jurnalistin ehsanına şaftalı, avokado, ananas və üzümə qədər vermişdi. Kim istəməz belə ölsün? Hökumət şəxsən gəlir, səni aparır basdırır... Elə bil xalq şairisən. Ya qismət...

Nəsə, qayıdaq andıra qalmış temamıza. Tema isə budur ki, əgər o qədər vəzifələri olan qüdrətli bir şəxsiyyət şantajla bacarmırsa, sadə zəhmətkeşlər nə etsin? Adam 9 aydır qısqanclığın qurbanıdır. Bu da Əli müəllimin sözləridir, özümdən uydurmuram: “Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir”. Sitatın sonu. Baş nazirin müavini də müəmmalı danışarmı? Şantaj edənlər, sifariş verənlər, qısqanclar kimdir, adını çəksin, zəhmətkeşlərimiz işlərini bilsinlər. Şəxsən mən bir qaçqın, məcburi köçkün və didərgin olaraq öz nazirimi son damla mürəkkəbim qalanacan müdafiə eləməyə hazıram! (Müəllif Füzuli rayonunda doğulub boya-başa çatmış, həyata ilk qədəmlərini orada atmış, dörd illik rus-tatar məktəbini orada bitirmişdir - red). Əlinizi nazirimdən çəkin! Bir az ikibaşlı, dördayaqlı, beşbarmaqlı cümlə alındı, ancaq nə edə bilərik? Olanımız budur. Ata sözündə deyilən kimi: Malımız budur, Yarısı sudur, Alsan da budur, Almasan da budur. Folklora aludə olmayaq, qayıdaq görək nədən yazırdıq.

Keçən ay dövlət başçısının əmisi nəvəsini hansısa qanunu pozduğu üçün 30 gün həbs cəzasına məhkum etdilər. Heç düzü yadımda deyil hansı qanunu pozmuşdu. Çünki bu, artıq bizdə adi haldır. Yanlış anlamayın, qanunu pozmağı nəzərdə tutmuram. Vəzifəli şəxslərin qohumlarının cəzalanmasını deyirəm. Hər ay, hər həftə hansısa məmurun qohumu cəzalanır. Sayını-hesabını itirmişik. Elə sözügedən Əli müəllimin bir nəvəsinə yol qəzasına görə neçə il həbs cəzası kəsildi.

Bütün bunlar isə Azərbaycanda yeni mərhələnin başlandığını göstərir. İndi bizdə qanun qarşısında hər kəs bərabərdir, bəziləri isə hətta daha çox bərabərdir! Baş nazir müavininə qohum olub yaşıl soyqırım törətmək artıq geridə, keçmişdə, AXC-Müsavat hakimiyyəti vaxtında qalmışdır. Ümumiyyətlə, Sumqayıtda heç vaxt soyqırım olmayıbdır, bunlar hamısı erməni yalanlarıdır. Sumqayıtda ağac kəsmək cinayətdir. Nəticədə Sumqayıt cəngəllik qədər qalın meşələrlə örtülmüşdür.

Qaldı baş nazirin müavinini şantaj edənlər, güman edirik onlar hansısa sadə zəhmətkeşlər, əliqabarlı fəhlələr, imkansız adamlardır. Onlar hansısa vəzifəli şəxslər, ya da vəzifəli şəxslərin qohumları olsalar çoxdan cəzalarını alardılar. İndi isə neyləmək olar, söz azadlığıdır...

Zamin HACI
Tarix: 3-03-2018, 09:43
Xəbəri paylaş





Xəbər lenti