Baş redaktorun məhkəməsində yalançı şahid tapıldı

Baş redaktorun məhkəməsində yalançı şahid tapıldı
“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Mustafa Muradov zərərçəkmiş şəxs qismində dindirilib.

O bildirib ki, heç bir şikayət və tələbi yoxdur: “Surxay müəllimi bir dəfə görmüşəm. 10 dəqiqə söhbət eləmişik. Digərləri yadımda deyiləm. Mingeçevir Telekomunikasiya qovşağında rəis olmuşam. Yanıma o qədər jurnlaist gəlib ki, hamısını xatırlamıram. Yanıma gəlirdilər, maşınımız xarab olub, müharibə zonasına gedirik, kömək edin. Biz imkan daxilində kömək etmişik”

Zərərçəkən deyib ki, Rabitə Nazirliyi ilə bağlı gedən cinayət işinə görə qəzetlərdə onlar haqqında yazılar gedib: “Surxay zəng elədi. Dedilər ki, “Rabitə işi” ilə bağlı tutulan şəxslərlə bağlılığın var. Dedim, elə şey ola bilməz. Surxay dedi ki, əlimizdə materiallar var, verəcəyik qəzetə. Dedim, namaz qılıb, Quran oxuyan adamam. Dedi, yox. Yalvardım, yaxardım, xeyri olmadı. Məndən 5 min manat pul istədilər. Sonra 3 minə düşdü. Dedim, o boyda pulum yoxdur. 600 manata razılaşdıq. Yevlaxın kruqunda pulu verdim. Çünki istəmirdim adıma heç nə yazılsın”.

Şahid Gülsarə Xəlilova bildirib ki, qızı xəstə olduğu üçün həkimə müraciət edib: “Xəstəxanalara müraciət etdim. Həkimlər hamısı pul istədilər. Əməliyyat olunmalı idi. İmkanım yox idi. Sonra getdim nəşriyyata. Orda polislər mənə məsləhət etdilər ki, Maarif Abbasovla görüşüm. Maarif müəllimlə görüşdük. Dərdimi dedim, qızımın yazılı şəkildə sözlərini qeyd elədi. Həkimlərin yanına getdik. Orda pul söhbəti olmadı, Maarif heç kimdən pul istəmədi. Əksinə mən istədim, qızımı əməliyyat etdirin”.



Prokurorun suallarına cavab verən zaman şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında kəskin ziddiyyət yaranıb.



Gülsarə Xəlilovanın istintaq ifadəsi elan edilib. O, istintaqa ifadəsində qeyd edib ki, Maarif Abbasov onu “Kriminal 107” qəzetində müxbir kimi işə götürüb: “O, bir çox yerləri şantaj edərək hədə-qorxu ilə pullar tələb edirdi. Mənə də maraqlı faktlar tapmaq, yazılar yazmaq tapşırmışdı. Mən də razılaşmışdım. Bir neçə aydan sonra qızımda xəstəlik yarandı. Xəstəxanalara getdik. Sabunçu da Həzrət Abbasova adlı həkimin yanına getdik. Həkim dedi ki, əməliyyat olunmalıdı. Həkim əməliyyat üçün 1000 manat pul lazım olduğunu dedi. Mən həkimin səsini yazdım. Maarif müəllimə verdim. O da bu səs yazısı ilə həkimi şantaj etməyə başladı. Orda Maarif dedi ki, pul alsa, mənə də maddi köməklik edəcək. Daha sonra qəzetlərdə “Sabunçuda şok rüşvət” adlı yazılar çap edildi. Həzrət həkimin xəstələrdən pul aldığı yazıda qeyd edilmişdi. Daha sonra pulun alıb-alınmamasından xəbərim olmayıb. Səsi sonradan sildim”.



Hakim bildirib ki, şahid haqqında yalan ifadə verdiyi üçün qərar çıxaracaq.

Proses martın 13-də davam edəcək.



Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb.Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.



G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, haızrda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.



Daha sonra “Gündəlik Bakı” qəzetinin baş redaktoru H.Vəliyevin cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə baxılır.
Tarix: 6-03-2018, 16:31
Xəbəri paylaş





Xəbər lenti