Hıdır muallim, hygien dersi olacaq?

Hıdır muallim, hygien dersi olacaq?
Vasif Sadıqlı

Bəzi alimlərimiz istəyir ki, belə danışaq, yazaq

Kompüterim (kompyuter) yetərincə köhnədi. Ona görə xüsusən əllameyi-ülul-ərzdə (İnternet) işləyən zaman çətinlik yaranır. Məsələn, o gün istəyirəm ki, kitabül-cəmalda (Feysbuk) yanvar ayındakı paylaşmalarıma baxım. Çünki bu il yanvar çox maraqlı ay oldu. Üləma, üdəba, ürəfa, şüəra və cühəlanın orfoqrafiya layihəsi barədə rəylərini oxuduq, qımışdıq, güldük, qəzəbləndik, tasalandıq, hiddətləndik, paylaşdıq… İndi istəyirdim ki, onları bir də nəzərdən keçirim, xalq da dübarə oxusun, bayram öncəsi könlü açılsın. Amma heyhat! Şəhadət barmağımı təxtül-hürufatın (klaviatura) üzərinə qoyub gözləyirəm ki, ötən günlərə qayıtsın. Qayıtmır, maddım-maddım üzümə baxır.

…Deyirlər, əleyhi-dəyyus (antivirus) proqramları kompüterin işini ağırlaşıdır. Kim bilir, bəlkə də, ondandı, bəlkə də, yox. Keçirəm çay dəmləməyə. Çaydanın yanında gözlə ki, gözlə, 2-3 dəqiqədən bir qapağı götürüb baxıram. Dəmlənmir, qaz yanır, dəmlənmir, su qaynar, dəmlənmir ki, dəmlənmir. Çayın da bir şakəri var, bircə dəqiqəliyə ayrılıb kompüterin yanına gəlirsən, qayıdanda görürsən ki, artıq qaynayıb və zəhərə dönüb. Əlqərəz. Hiddətlənib eyvana çıxır, bir “Layk strike” yandırıb onun aromatlandırılmış və zənginləşdirilmiş tüstüsünü Yasamalın axşamüstü səmasına ötürürəm. Zərdüştilərin Hörmüzün gözü adlandırdığı yuvarlaq göy cismi batmaq üzrədir. Yenə gülümsəyir. “Çahi-Babilə bənzəyən zənəxdanına quzu kəsim” deyə mızıldanıram. Yanağına xəfif bir qızartı çökür. Adətkərdə olub, hər dəfə məndən ayrılanda belə edir. Xülasə, yanvarın 29-dan o yana keçə bilmədim. Axırda ümid qaldı sənduqeyi-övraq (My Documents) və kaşif əl-aliyə (Google). İndi tapdıqlarımın bir qismini ərz eləyim qulluğunuza…

Seyfəddin Altaylı, filologiya üzrə fəlsəfə doktoru, professor: “Digər bir məsələ isə bəzi alimlərin və vətəndaşların səs ilə işarəni bir-birindən ayıra bilməməsindən yaranan yanlışlıqlardır. Buna örnək kimi «E», «Ə», «Q», «X» , «K», «K» səslərinin yazılmasını, tələffüzünü və klaviaturadakı hərflərin yerini verə bilərik. Bəzi alimlər hay-haray salırlar ki, dilimizdə olan bu səslərin aradan götürülməsini təklif edirik, bu düz deyildir. Biz bu səslərin Latın əlifbası sisteminə uyğun qəbul edilməsini istəyirik. Bu gün Azərbaycan və Türkiyə Türkcəsində ən çox işlənən səs «əkin deyərkən» başda çıxarılan açıq «ə» səsi çoxluğu təşkil edir. «Eldar» deyərkən başda çıxarılan qapalı «e» səsi isə azlıqdadır. «Əkin» sözündəki «ə» səsini latın hərf sistemində olmayan tərs «e» ilə, yəni «ə» işarəsi ilə yazdıqda bu mətni dünyanın harasına yollasanız bu hərfin əvəzinə kiçik bir dördbucaq alınır. «Eldar» deyərkən bu sözün əvvəlindəki səsi «ə,ə» ilə, «əkin» deyərkən də başda söylənən açıq «ə» səsini də «E,e» ilə yazsaq və Türkiyədəki sistemlə uyğunlaşsaq qiyamət qopar?!”

Firudin Cəlilov, filologiya elmləri doktoru, professor: “Bu misallar sırasında ancaq əskinaz sözü yanlış (əskinas) yazı­lıb, çünki morfonoloji qaydaya görə çoxhecalı sözlərin sonunda kar samit yazılmaz, görünür bu, texniki səhvdir”.

“İndiki orfoqrafiya layihəsinə isə təklif edərdim ki, hiss, küll sözləri istisna olmaqla, sonu qoşa samitli fənn, haqq, rədd, sirr, vatt, zənn, zidd, xətt kimi sözlər bir camitlə yazılsın, necə ki, xətt sözü rəsmxət sözündə bir t ilə yazılır”.

Arif Rəhimoğlu, filologiya üzrə fəlsəfə doktoru: “…Yaxud Ruscada dil adları isim yox, sifətdir və ona görə də, kiçik hərflə yazılır. Ancaq bizim üçün dil adları sifət yox, varlığı tək olan özəl adlardır və ona görə də, dil (eləcə də tayfa, xalq, millət) adları mütləq böyük hərflə yazılmalıdır: Azərbaycanca, Türkcə, İngiliscə; Rus, Özbək, Tatar, Bayat, Qaşqay vb”.

“Alınma sözlərdən də bircə örnək verək: İngilis dilində hygiene, Alman dilində Hygiene, Fransız dilində hygiène, İsveç dilində hygien vb. kimi işlənən söz Ruscanın səs dəyərlərinə uyğun olaraq гигиена kimi yazılmış, biz də Rus dilinin г samitinin dilimizdəki səs dəyərinə uyğun g hərfini əsas götürməklə sözü gigiyena formasında ədəbi dilə gətirmişik. Halbuki qaynaq dil əsas götürülsəydi, dilimizdə o sözü higyen kimi yazmalı idik”.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev: “Orfoqrafiya” sözünün kökü səhvdir. Bu sözdəki “f” səsi “t” olmalı, yəni “orfoqrafiya” deyil, “ortoqrafiya” kimi yazılmalıdır. “Orfoqrafiya” sözünün kökü “orto”dur. Qədim yunan, latın dillərində, eləcə də ingilis dilində bu sözün kökü “orto” kimi qeyd edilib: “Bu, hansısa subyektiv səhvin hesabına rus dilinə, rus dilindən də Azərbaycan dilinə “orfoqrafiya” kimi daxil olub. Bu sözlərin özünün düzəlişə ehtiyacı var. Çünki “orto” sözü “düz”, “düzgün”, “düzbucaqlı” deməkdir. Yeri gəlmişkən, əksər ölkələrdə, o cümlədən Türkiyədə də orto önlüyü işlədilir. Beynəlxalq səviyyədə orfoqrafiya sözü anlaşılmır. Ona görə Azərbaycanda da bu məsələ nəzərə alınmalıdır”.

Hikmət Babaoğlu, Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru: “Məsələn, “müəllim” sözünün orfoqrafik formasını “muallim” kimi düzəldək. Çünki mü-əllim ərəb dilində ələm, kədər, əzab mənasını verir, onda müəllimi isə əzabverən kimi tərcümə edə bilərik. Mu-allim isə elm, öyrənmək kökündən yaranıb, mu önşəkilçisi qəbul edərək elm öyrədən mənasında işlədilir. İndi görək alğı-satqı məsələsi daha vacibdir, yoxsa müəllim, muallim məsələsi”.

Mehman Qaraxanoğlu: “Dilimizi işğal edən, onun belini qıran tabeli mürəkkəb cümlələrdən tədricən qurtulmaq lazımdır. Bu, dilimiz üçün xarakterik deyildir. Nə baş, nə budaq cümlə? Dildə ayrı-seçkilik yoxdur, hər şey bərabərdir! Baxın, bəlkə yanılırıq? Biz tabeli mürəkkəb cümlələrin nəzəri mexanizmini rus dilindən dilimizə «kopiya» eləmişik: — pridatoçnoye podlejaşeye — mübtəda budaq cümləsi”

Bizim şərh. Düz deyir. Sözləri öz başına qoymaq olmaz. Yadımdadı, uşaq vaxtı bir də görürdün, kitabın səhifələrində darahilli başladı, bu yanda baş cümlənin biri budaq cümləni dizinin altına qoyub çırpır, o yanda mübtəda xəbərə çəmkirir, tamamlıq bir başqası ilə saçyolduya çıxıb. Ölənlərinizə rəhmət, nənəm səslənərdi: “Ay uşaq, kim var? Ordan maşanı gətirin. Qırılmışlar yenə qudurub…”. ”Maşa” sözünü eşidən kimi, sözlərin hamısı quzuya dönür, hər kəs yerinə çəkilirdi. Yəni bunların hamısı o tabelilik üzündəndi. Sözlər bunu istəmir. Nənəm isə, indki təbirlə desək, sabitliyi inzibati rıçaqlarla təmin edirdi. Müəllim düz deyir, bu münaqişəni sivil yolla həll etməliyik. Tabelilik əlaqələri və tabeli mürəkkəb cümələrə ləğv olunsa, maşaya ehtiyac qalmayacaq…

...Səhər Günəş həmişə olduğu kimi, yenə də doğdu. Şux idi, maşallah. Gözləri də yaxşıca nahar edib sonra çimirini almış adamın gözlərinə bənzəyirdi. Məxmur idi. Yenə xəfifcə gülümsəyib dedi: “Jolamanın o günə düşməsində dərisi başına keçirilən dəvənin günahı nə qədərdisə, mənimki də o qədərdi”. Deyir, “ümid Nayman Anaya qalıb. Nayman Ananı juan-juanlardan qoruyun, o, ana laylası ilə işləri yoluna qoyacaq”. Bilmirəm, nəyə eyham vurur. Amma fərqi yoxdu. Şair demiş:

Bütün gözəllikləri Tanrım o sərvinazə verib,
O hər nə etsə, təbiət ona icazə verib.

Xeyirli cümələr…
Tarix: 9-03-2018, 09:36
Xəbəri paylaş





Xəbər lenti