Pafosu kənara tullayın: abort edən 1200 şagird… - Deputat

Pafosu kənara tullayın: abort edən 1200 şagird… - Deputat Cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir.

Siam.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa son 3-4 il ərzində ölkədə abort etdirən məktəblilərin sayının 1200-ə çatması ilə bağlı danışarkən deyib. Deputat hesab edir ki, Azərbaycan bu sahədə ən nəzarətsiz ölkələrdən biridir:


“Ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib, bu sahədə çalşan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər. Cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir. Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir”.

F.Mustafa bildirib ki, müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsir etmir:

“Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb, konkret bu ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov son 3-4 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatdığını bildirib. Onun sözlərinə görə, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir.
Tarix: 10-03-2018, 14:36
Xəbəri paylaş





Xəbər lenti