Həbsdə olan milyonçu iş adamı 12 nəfərin zərərini ödədiyini deyir - Razılaşmayanlar var


Paytaxtda eyni mənzilləri bir neçə nəfərə satmaq ittihamı ilə həbs edilən iş adamı növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vergidən yayınmaqda ittiham edilən 1955-ci il təvəllüdlü Cəfərov Xanlar Məhəmməd oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittihamla X.Cəfərov özünü qismən təqsirli bilib.

Məhkəmədə zərərçəkmiş Natiq Ağamirzəli ifadə verib.

İttihamda göstərilir ki, Xanlar Cəfərov mənzil satmaq adı ilə Natiq Ağamirzəlinin 13 min manatını ələ keçirib. Amma Natiq Ağamirzəli deyib ki, 42 min pul ödəyib.

Xanlar Cəfərov 13 mini ödəyəcəyini bildirib. Amma zərərçəkmiş 42 min istədiyini təkrarən deyib.

Natiq Ağamirzəli pulun qalan hissəsini Vüqar Əliyev və başqa şəxslər vasitəsilə Xanlar Cəfərova verdiyini deyib. O, məhkəmədə bildirib ki, Xanlar Cəfərovun ona verdiyi arayış əsasında 42 min ödəyib və pulu da ondan tələb edir.

X.Cəfərovun vəkilləri bildirib ki, bütün zərərçəkmişlərlə barışıq əldə edilib, yalnız Natiq Ağamirzəli ilə razılıq yoxdur.

Məhkəmədə elan olunub ki, iş üzrə 12 epizod üzrə 24 nəfər zərərçəkmiş var.

X.Cəfərov bildirib ki, 12 nəfər mənzil sahibidir. Digər 12 nəfər isə eyni evləri ikinci dəfə alan şəxslərdir. Cəfərov həmin 12 nəfərlə barışıq əldə etdiklərini bildirib.

Qeyd edək ki, X.Cəfərov dələduzluqda və vergidən yayınmada təqsirləndirilir.

X.Cəfərovun rəhbəri olduğu "Avro Qrand" şirkəti Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib.

Nağd ödəniş edərək ev alan sakinlər nə mənzillərinə köçə biliblər, nə də pulları qaytarılıb. Binadakı bir neçə mənzil eyni vaxtda 3-4 şəxsə satılıb.

Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb.

Sonuncu dəfə iki otaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xanlar Cəfərova 1 milyon 30 min manat vergidən yayınma ittihamı da verilib.

Onun 2 milyondan artıq dəyəri olan əmlakına həbs qoyulub.


Tarix: 24-10-2018, 13:56
Xəbəri paylaş





Xəbər lenti