Özünü Saakaşvili kimi aparıb, təhsili bazardan çıxara bilməyən nazir... - Gücü çatmır, yoxsa?




Azərbaycanın elm və təhsil naziri Emin Əmirullayev Saakaşvili kimi islahatçı görünüb, Şverdandze kimi idarə edir. Rüşvət bataqlığına gömülmüş Azərbaycan təhsili həqiqətən can verir və deqradasiyaya uğrayıb. Artıq birmənalı şəkildə hamı həzm etməyə başlayıb ki, məktəb təhsil vermir, ora hər gün getmək formal xarakter daşıyır, uşaqların taleyi repetitorlar, kurslar sayəsində həll olunur. Bəs məktəb vermədiyi təhsilin qarşılığında nə alır? - rüşvət, fond pulu yığımı, 5 oktyabr və 8 mart bazarlığı...
Bəli, doğurdan da məktəb çoxdan təhsil vermir. Bizim uşaqlar məktəbdənkənar tədrisin hesabına ali təhsil ocaqlarına qəbul olunurlar. Çox uzağa niyə gedirik, sosial şəbəkələrdə videosu durmadan paylaşılan şagirdi yada salaq: məlum olur ki, Bakıda yerləşən 4 saylı Xankəndi məktəbinin uşaqları axşam 8-də evə gedirlər. Demə, yer yoxdur və üç növbəli təhsil rejimi mövcuddur. Acınacaqlıdır. Xəcalət çəkməli haldır.
Yaxud Baku TV-nin məktəblərin önündə keçirdiyi sorğunu qeyd edək: məktəblilər də, valideynlər də təsdiq edirlər ki, bəli, 5 oktyabrda 20-50 manat civarında Müəllimlər Günü pulu yığılıb. Yaxşı ki, direktorların evlilik günü, müəllimlərin xınayaxdı günü kimi "əlamətdar" tarixlər də xatırlanıb pul yığılmır.
Ancaq əmin olun ki, azca vəziyyət kontroldan çıxarsa, utanmadan o adlarla da pul yığarlar, direktorlar qızlarına cehiz də düzəldərlər.
Di gəl, bu iki fakt - həm məktəblinin axşam 8-də evə getdiklərini deməsi, həm pul yığılmasının dilə gətirilməsi qarşılığında ötən həftə, elə oktyabrın 5-i çıxış edən nazir Əmirullayev elə danışdı ki, "Tarixi-Nadir" i oxumuş adamlar başa düşmədi, bu binəvalar nə dediyini necə anlasın. Nazirin rabitəsiz, anlaşılmaz cümlələri ilə nə söyləmək istədiyi aydın olmadı. Hətta bir sosial media istifadəçisi olan xanım video paylaşım edərək nazirin redaktora ehtiyacı olduğunu açıqladı, onu güzgü qarşısında çıxışa hazırlaşmağa dəvət etdi. Həqiqətən də sanki danışan elm, təhsil adamı deyildi. Əmirullayev elə cümlələr qurdu ki, heç bir ana dili müəlliməsi onu izah edə bilməz.
Yəni təhsilin problemləri, təhsildə eybəcərliklər qaldı bir kənarda, nazir nələrsə danışmaq istədi. Lakin reallıq tragikdir - ilbəil təhsilimiz geriləyir, ilbəil məktəblər həyatımızda yalnız bazar rolu oynayır, ilbəil təhsilin keyfiyyəti məktəblərdə aşağı düşür və getdikcə məktəblər heç bir əhəmiyyət kəsb etmirlər. Madam ki, əksər uşaqlar ev tapşırıqlarını hazırlıq müəllimi ilə edir, tələbə adını almaq üçün gecə-gündüz dərsdən kənar hazırlaşır, o halda 11 il bu məktəb uşağa nə verib? Amma dəqiqliklə demək olar ki, o uşaqdan çox şey alıb, onun valideynindən də... 
Bu baxımdan biz Əmirullayevin nazir olduğu dövrdə hər hansı arzuolunan nəticə əldə edə bilmədik. Ona görə də bu gün  Azərbaycan təhsili supermarketə oxşayır. 
Yaxşı, media bu sahəni dərindən bilməyə və yanıla bilər, bəs, 
VI çağırış deputat olmuş təhsil eksperti Etibar Əliyevin tənqidlərinə nə deyə bilərsiniz? Əslində, Əmirullayev təhsil siyasətini dəyişəcək iradəyə malik olmadığını qəbul edir, etiraf etmir. Nazir məktəblərdə nə baş verdiyini çılpaqlığı ilə görür, dəyişməyə sanki gücü çatmır. Çünki bir zəncirvari rüşvət sistemi formalaşıb, onun bir zəncirini belə qıra bilməyib. Odur ki, təməli necə qoyulubsa, elə də gedir. 
Elə son prosesləri götürək: xəbərlərsən biri odur ki, Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd  tam orta məktəbin direktorunun müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Ümumiyyətlə, ümumtəhsil məktəblərində hazırda 150 minə yaxın müəllim işləyir və 1 milyon yarıma qədər şagird təhsil alır. Ölkədə 4447 ümumtəhsil məktəbi, lisey, gimnaziya, sağlamlıq imkanları məhdud olanlar üçün fəaliyyət göstərən təhsil müəssisələri var. Bu gün əksər məktəblərdə rüşvətxorluq olduğunu demək mümkündür. 
Rüşvətə səbəb ilk növbədə əməkhaqqının aşağı olmasıdır. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, hələ əməkhaqqı qalxmamış yüzlərlə müəllim var. Elə məktəblər də var ki, məktəb direktorları 210 manat vəzifə maaşı alırlar. Eləcə də DQ-dən keçmiş, əməkhaqqı qalxmış müəllimlər ölkə prezidentinin 994 nömrəli sərəncamı ilə 18-ci dərəcəli əməkhaqqı alırlar ki, bu da təqribən 425 manat edir. Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı həddindən artıq aşağıdır.
Digər bir tərəfdən isə rayon təhsil şöbələrinin birbaşa İcra hakimiyyəti başçılarının nəzarəti altında olması da neqativ hallara yol açır, bu da öz növbəsində təhsildə rüşvətə yol açan səbəblərdən daha biridir. Belə olduğu halda artıq cəzasızlığın hökm sürdüyünü görən məktəb direktorları, eləcə də direktor müavinləri işlərinə davam edirlər. O səbəbdən də qanqrena verən təhsil sistemindəki o yanaşmanı kəsib atmaq və ciddi nəzarət mexanizmi qurmaq lazımdır. Ancaq bu da azdır, təhsilin səviyyəsi artmalıdır, təhsilə və şagirdə sevgi olmalıdır, pula yox...

Azər Talıbov


AnaXeber.info
Tarix: Bu gün, 17:19
Xəbəri paylaş





Xəbər lenti