Yaşlı qadın aylardır “itən” su çənini axtarır


Bakı şəhəri sakini, 75 yaşlı Könül Zeynalova yenidən redaksiyamıza müraciət edib. Bir neçə ay öncə redaksiyamızda olan yaşlı qadın hələ də 500 manat dəyərində olan su çənini tapa bilmədiyini, həmin çənin qanunsuz şəkildə  72 saylı MKİS rəisi Nahid Balayev tərəfindən “yoxa çıxarıldığını” iddia edib: “Mən Binəqədi rayonu 8-ji mikrorayon, Azadlıq prospekti ev 26, mənzil 35-də yaşayıram. Mənzilim 9-cu mərtəbədə yerləşir. Bir müddət əvvəl mənə xəbərdarlıq edilmədən, işdə olduğum vaxt 72 saylı MİS-in rəisi Nahid Balayev  yaşadığım mənzilin damından su çənini götürüb, qonşuma satıb.  Qeyd edim ki, su çəni 6 list 5-lik dəmirdən düzəldilib. Dəyəri isə 500 manatdır.

Bu günə qədər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişəm. Binəqədi rayon Mənzil-kommunal Təsərrüfatı Birliyindən mənə bildirildi ki, guya ki, mənim qonşularım C.Rüstəmzadə və E.Hüseynov 72 saylı MKİS-nə ərizə ilə müraciət edərək, yaşayış binasının lift maşın otağının damında su çənlərinin sistemində nasazlıq yaratmasını və bu səbəbdən liftin mühərrikinin tez-tez sıradan çıxması səbəbindən tədbirlər görülməsini xahiş ediblər. Halbuki həmin adlarda bizim binada yaşayan şəxslər yoxdur. Qurumdan verilən açıqlamada o da qeyd olunur ki, mənə məxsus su çənlərinin binanın damından götürülməsi üçün mənə xəbərdarlıq və xahiş olunub, bir müddətdən sonra isə akt tərtib edilərək həmin su çəni damdan götürülüb. Qətiyyətlə qeyd edim ki, mənə heç bir zaman bu haqda xəbərdarlıq edilməyib. Əgər mənə xəbərdarlıq edilsəydi 500 manat dəyərində olan su çənimin başqa yerdə yerləşdirilməsini təmin edərdim. Lakin bir daha qeyd edirəm, mənə heç bir xəbərdarlıq edilməyib və su çənim qanunsuzluqla başqa qonşulara satılıb. Mən 72 saylı MKİS-in rəisi Nahid Balayevdən su çənimi tələb etdikdə mənə kobud cavab verilir”.

75 yaşlı ahıl qadın məsələ ilə bağlı polis bölməsinə də müraciət etdiyini, lakin bir nəticə olmadığını bildirdi:

“Su çənimin olmaması məni çox çətin vəziyyətə salıb. Yaşlı insanam, su olmayanda 9-cu mərtəbəyə su daşımaq imkanım yoxdur. Aidiyyəti qurumlardan xahiş edirəm, mənə məxsus su çənin geri qaytarılmasına və mənə dəymiş zərərin ödənilməsinin təmin edilməsinə köməklik göstərilsin”.

Məsələyə aydınlıq gətirmək üçün 72 saylı MKİS-in rəisi Nahid Balayevlə əlaqə saxladıq. Qurum rəisi yaşlı qadının çəninin xüsusi aktlarla uyğun parçalanaraq damdan götürüldüyünü bildirdi: “Biz özbaşına su çəni götürmürük. Könül Zeynalovanın su çəni də qonşuların şikayəti əsasında götürülüb.  Bildirilirdi ki, su çənləri liftin damında yerləşdiyi üçün təhlükəli vəziyyət yaranır. Belə ki, çənlərdən axan sular liftin elektrik sistemində nasazlıq yaradır və bu səbəbdən liftin mühərriki tez-tez sıradan çıxır. Beləliklə damdakı su çənlərinin götürülməsi üçün sakinlərə xəbərdarlıq edildi, onların razılıq imzaları alındı. Lakin bir tək Könül Zeynalova su çəninin götürülməsinə etiraz etdi. Ona 3 ay müddətində iki dəfə xəbərdarlıq edildikdən sonra su çəni parçalanaraq götürülüb. Bizim elə bir mexanizmimiz yoxdur ki, su çənini bütöv şəkildə götürə bilək”.

“Şikayətçiyə dəyən 500 manat ziyanı kim və ya hansı qurum ödəməlidir?” sualımıza N.Balayev bu cür cavab verdi:

“Kim deyə bilər ki, həmin su çənin dəyəri 500 manatdır? Könül xanım 20 il həmin su çənindən istifadə edib, onun keyfiyyətli olduğunu necə demək olar? Biz həmin çəni məcburiyyətdən götürmüşük. Ümumiyyətlə əgər binaya 24 saat su gəlirsə, su çəninə nə ehtiyac var axı?”(Musavat.com)


Tarix: 24-10-2018, 23:51
Xəbəri paylaş





Xəbər lenti