Kodla danışan nazir


“Mən yenə povtarit eyləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək deyildir. Ancaq mən onu yetirmək istəyirəm ki, pozvolte, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad, ərz eylədim ki, çirkindir”

(Üzeyir Hacıbəyli, “O olmasın, bu olsun”)

Xarici işlər nazirimiz Elmar müəllimin doğma dilimizdə gülməli və anlaşılmaz danışması yenidən diqqət mərkəzinə gəlmişdir. Türkiyənin yubileyi münasibətilə tədbirdəki çıxışın videosuna mən də baxdım. Doğrudan da Elmar müəllim Türkiyəni elə təbrik edirdi, sanki ermənilərin uydurma soyqırımını tanıyırdı. Yəni bu dərəcədə ziddiyyətli bir çıxış idi. Ancaq bir yerdə Azərbaycanın bölgədəki neft-qaz kəmərlərinə pul qoymasını sərmayə yox, “sarmaya” sözü ilə ifadə elədi, bax ona mən çox razı qaldım. Çox diplomatik kəlmə idi, çün, istəsən bunu “sarı maya”, istəsən “sarımağa” feili kimi anlamaq olardı. Deyir, bizim kefimiz çəksə, bütün dünyanı sarıyarıq. Kəmərlərimizlə.

Ümumiyyətlə, Elmar müəllimə lağ edənlər gedib qarınlarını qaşısınlar. O, pis nazir olsa hökumətdə 14 il xarici işlər naziri qalmazdı ki. Deməli, respublikamızın xarici siyasətinə tam cavab verir. Bu siyasət isə məhz Elmar müəllim kimi qəliz danışmağı tələb edir. Ətrafımız, dünya üzü hər cür düşmənlə doludur. Hamı bizim pisliyimizi istəyir, paxıllığımızı çəkir, inkişaf modelimizi oğurlamaq, parklarda quraşdırılan müasir işıq dirəklərini əymək, kəndlərə çəkilən yolları qazmaq arzusu ilə alışıb yanır. Belə şəraitdə xarici siyasət idarəmizin şefi nə qədər dolaşıq danışsa, düşmənlər bundan bir şey anlamazlar. Elə bil kəşfiyyata adam göndərirsən.

Mütləq o cür adamlar gərək şifrəli danışsınlar, kodla hərəkət eləsinlər. Bölgə çox mürəkkəbdir. Rusa yaxşı baxsan, yanki xoşlamayacaq, farsla dostlaşsan türk bəyənməyəcək. Biz isə balanslaşdırılmış xarici siyasət yürüdürük və o siyasətin dili elə Elmar müəllimin danışdığı dildir.

Sözgəlişi, bu dəqiqə balanslı xarici siyasətimizin Ukraynada dairəsində yol dağılıbdır - Kiyevdəki təzə səfirimiz köhnə səfirimizi korrupsiyada suçlayıb prokurorluğa şikayət edibdir. Özü də Ukrayna prokurorluğuna! Fısqırıq söhbətdir. Deyir, köhnə səfir binanın remontunun pulunu basıb yeyibdir. Görəsən, Ukrayna məhkəməsi bizim köhnə səfiri bu cinayət işi üzrə tutub zindana sala bilərmi? Maraqlı gəldi. Hərçənd deyəsən, köhnə səfirin də adamları boş oturmur, bu yaxında təzə səfirin maşınını sürən ukraynalı bir qəşəng cüvanəzənin videosunu yaymışdılar, soruşurdular bu xanım Kiyevdə Azərbaycan xarici siyasətini hara daşıyır. Görək axırı necə olacaq, Qarabağ problemi qədər diqqətimizdədir. 

Başqa yöndən, uşağını rus sektoruna yazdırmaq üçün ölən adamlar, yatıb-durub rus işğalının həsrətini çəkən millət kiməsə dilimizdə pis danışmağı irad tutanda xiyar əyri bitir. Guya patriot olublar mənim üçün. Qurdalasan hamısı rusun bizim dildə heç bir məna ifadə eləməyən “... ov”, “... yev” soyadlarını daşımaqdadır. Allah heç qoymasa, müstəqilliyin 26 illiyində. Hələ bəziləri rusun soyadını dəyişib guya bizim dilə çevirir, olur “... zadə”. Xəbəri yoxdur bu da fars soyad şəkilçisidir.

Bir də fikir versəniz, Elmar müəllim əsasən “ə” hərfini deməkdə böyük çətinlik yaşayır, bu da bizim Türkiyə ilə yaxınlaşmağımız üçün lazımdır, çünki orada bu hərf əlifbadan çıxarılıbdır. Düzdür, danışıqda qalır, ancaq yola vermək mümkündür. Demək, Elmar müəllim bu sahədə də uzaqgörən siyasət yürüdür.

Ancaq insafən şikayətçiləri də anlamaq olar. Baxın, ədəbi dilimizi ən yaxşı bilən məmurlardan biri Hacıbala müəllimdir. Həmişə obrazlı ifadələr, frazeoloji birləşmələr, ata sözləri və məsəllər işlədir. Qopuzu olsa, hazır Dədə Qorquddur. Elə dünən bir videosu vardı, Nazirlər Kabinetinə piketə gələn sürücüləri qarşılayıb şikayətlərini dinləyərkən kiməsə zəng vurdu, dedi ki, özünüz ağ çörək yeyirsiniz, qara çörək yeyənləri düşünmürsünüz. Şikayətçilər də bundan çox razı qalıb çapan çaldılar, dağılışıb getdilər qara çörəklərini yeməyə. Məmurun vəzifələrindən biri millətlə dil tapmaqdır.

Hərçənd bunu Elmar müəllimə tətbiq eləməyin mənası da yoxdur. O, xarici millətlərlə danışır. Orada isə çörəyin ağını da, qarasını da yeyən çox azdır.

Zamin HACI
Tarix: 2-11-2018, 08:46
Xəbəri paylaş





Xəbər lenti