Hədiyyən 55 manatdan bahadırsa...


Deputatlar hansı hədiyyəni götürə bilər, hansını yox - dünya təcrübəsi və bizlər

Milli Məclisin ötən iclaslarından birində “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, sözügedən qanun layihəsinin uzun müddətdir qəbulu gözlənilsə də, sənəd Milli Məclisdə hələ öz təsdiqini tapmayıb. Buna da səbəb qanun layihəsinin parlament üzvləri tərəfindən birmənalı qarşılanmamasıdır. Bəzi millət vəkilləri hesab edir ki, etik davranış kodeksi millət vəkillərinin fəaliyyətini məhdudlaşdıracaq. Deputatların fikrincə, onların sərgilədiyi davranışa qiyməti öz seçiciləri verməlidir. Millət vəkillərinin məmurlarla bərabərləşdirilməsi və hər ikisindən eyni dərəcədə davranış tələb olunması yolverilməzdir. Amma belə bir qanun layihəsinin qəbulunun zərurət olduğunu düşünənlər də yox deyil.

Belə ki, “Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsi qəbul olunacağı halda deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər.

Layihədə əsas mübahisəli məqamlardan biri də davranışına və yol verdiyi digər ciddi nöqsanlara görə deputat mandatının geri alınması qaydasının tənzimlənməsidir. Bu halda hansı tərəfin qərarına əsasən deputatın mandatdan məhrum edilməsi məsələsi ilə bağlı ortaq məxrəcə gəlinməyib.

Artıq bununla bağlı deputatların da rəyi var. Deputat Əliməmməd Nuriyev deyib ki, hədiyyələrin qəbulu qonaqpərvərlik çərçivəsində mümkündür. Korrupsiya təəssüratı yaradan istənilən hədiyyə ilə bağlı millət vəkili Milli Məclisi məlumatlandırmalıdır:  “Verilən hədiyyə deputatın statusu və onun vəzifə funksiyalarını yerinə yetirməsi ilə bağlıdırsa, 55 manat yox, 5 manat belə qəbul olunan deyil. Əks halda, onun nüfuzundan istifadə etdiyi anlamına gələcək. Bu mənada ”Deputatların etik davranışı haqqında" qanuna sözügedən maddənin əlavə olunmasını əhəmiyyətli hesab edirəm. Deputatların onlara təqdim edilən hədiyyələri gizlətmələri, gizli hədiyyələşmə aparmaları barədə iddiaları da real saymıram. Məncə, o qədər də asan olmayacaq. Hətta bəzi özəl şirkətlərdə belə hədiyyələrin məbləğinə limit təyin edirlər. BP kimi transmilli şirkətlərdə hədiyyələrin miqdarı 100 dollardan artıq ola bilməz. Banklarla bağlı da bu məsələ etik davranış kodeksində öz əksini tapıb".

“Yeni Müsavat” xatırladır ki, 2016-cı ildə Naxçıvan Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları”nı təsdiq edib. Qaydaya əsasən dövlət qulluqçusu tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (və ya hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır.

Qaydalarda qeyd edilib ki, qonaqpərvərliklə və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna uyğun olaraq, dəyərinin ümumi məbləği 1 il ərzində 55 manatdan yuxarı olmayan hədiyyələrin təqdim olunması ilə bağlı hallar istisna olmaqla, heç bir əməkdaş xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təəssürat yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Heç kəsdən şəxsi istifadəsi məqsədilə və digər şəxslər üçün heç bir dəyərli əşya, hədiyyə, ianə və ya maddi yardım istənilə bilməz. Hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

2016-cı ildə Qırğızıstanda Joqorku Keneş “Maraqların münaqişəsi” haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib, buna əsasən Qırğızıstanda məmurlara hədiyyə qəbul etməyi qadağan ediblər. Bu qanun layihəsi hökumətin 22 iyul 2015-ci il tarixli 518 saylı təşəbbüsü əsasında hazırlanıb. Səsvermədə 104 millət vəkili lehinə, 7 isə əleyhinə səs verib.

Diplomatik hədiyyələri rəsmi protokol tədbirləri çərçivəsində qəbul etməyə icazə verilir. Bu cür hədiyyələr dövlət mülkiyyəti hesab edilir və dövlət orqanlarının, yerli özünüidarəetmə orqanının, müəssisənin balansına verilməlidir.

Hədiyyə alan qulluqçular qanuna əsasən, Qırğızıstan hökuməti tərəfindən müəyyən edilmiş halda və qaydada onu satın ala bilərlər. Hədiyyənin qiymətləndirilməsi, uçotu, saxlanılması, istifadəsi və satın alınması, habelə hədiyyələrin qeydiyyat jurnalının forması dövlət tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Bir halda ki, vəzifəli şəxs xidməti vəzifələrinin icrasından kənar fiziki və ya hüquqi şəxsdən hədiyyə alıbsa, onda belə vəzifəli şəxs bir il ərzində hədiyyə verənə qarşı inzibati akt nəşr etməkdə və ya nəzarət funksiyasını həyata keçirmək hüququnda deyil.

Vəzifəli şəxsin xidməti vəzifələrin icrasından kənar hədiyyə almaq faktı, xüsusi orqanlar tərəfindən maraqların münaqişəsi kimi baxıla bilər.

Dövlət məmurlarına verilmiş hədiyyələr dövlətə təhvil verilməlidir

Məhz buna görə bəzi ölkələr, ümumiyyətlə, dövlət məmurlarına verilmiş hədiyyələrin hamısının dövlətə təhvil verilməsini tələb edirlər. Məsələn, 2015-ci ilin dekabr ayında Rusiya əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Aleksey Çerkasov bütün dövlət idarələrinə məktub yazaraq 2016-cı ilin 1 yanvar tarixindən məmurlara verilən bütün hədiyyələri qiymətindən asılı olmayaraq dövlətə təhvil verməyi tələb edib. Çerkasov sözlərini Rusiya Mülki Məcəlləsinə edilən düzəliş ilə əsaslandırıb.

Əslində, dövlət məmurlarına edilən hədiyyələrin normal uçotunu aparmaqla və əlverişli satış siyasəti təmin etməklə dövlət büdcəsi üçün əlavə gəlir mənbəyi əldə etmək olar. Amma reallıq budur ki, çox vaxt həmin hədiyyələr ünvansız yoxa çıxır.

Bir neçə il öncə isə ABŞ Konqresinin respublikaçı üzvləri-  Yvette Clarke, Jim Bridenstine və demokratlar Michelle Lujan Grisham və Ruben Hinojosa Azərbaycan hökumətinin onlar üçün məxfi şəkildə təşkil etdiyi səfər zamanı aldıqları hədiyyələri qaytarıblar. Yaşma qaşlı sırğalar, çay dəstgahları, ipək şərflər və xalçalar da daxil, hədiyyələr Baş Xidmətlər Administrasiyasına (General Services Administration - GSA) təhvil verilib. Hədiyyələrin arasında həmçinin press-papyelər, qələmlər, dəri cildli gündəliklər, xalçalar və Azərbaycan prezidenti haqqında DVD-lər komplekti olub. Bir çox konqresmenlər xalçaların onların hotel otaqlarına onlar konfransda olarkən qoyulduğunu söyləyiblər. “The Hill” yazır ki, adətən Konqres üzvləri onlara verilən hədiyyələr etika hüdudlarını aşdıqda hədiyyələri ya onu verənə qaytarmalı, ya da “ədalətli bazar qiymətini” ödəməlidirlər.

Etik qaydalara görə, konqresmen və senatorlar  qiyməti 50 dollardan baha olan hədiyyələri qəbul etməməlidirlər. Hökumətlər və təşkilatlar tərəfindən verilən hədiyyələr isə 350 dollardan baha olmamalıdır. Bir çox konqresmenlər hədiyyələrin bu qiymətdən ucuz olduğunu düşündüklərini bildiriblər.

Azərbaycan və Türkiyəyə nişanlısı ilə səfər etmiş Lujan Grisham deyib ki, səfər zamanı aldığı hədiyyələrin əksəriyyəti onun ofisində olub. Sırğalar, büllur çay dəstgahı və böyük xalçanı isə xanım Grisham Vaşinqtondakı mənzilində saxlayıb. O, ümumilikdə Konqres məmuruna 34 adda hədiyyə təhvil verib. Onun başqa həmkarlarından daha çox hədiyyə aldığı bəlli olub. Onun ofisi hədiyyələrin 2015-ci il iyulun 23-də qaytarıldığını bildirsə də, hədiyyələrin oktyabrın 20-də qaytarıldığı məlum olub.

Jim Bridenstine qiymətləri 3500 və 2500 dollar olduğu söylənən iki xalçanı qaytarıb. Bridenstine “The Hill” qəzetinə deyib ki, 6 fincandan ibarət çay dəstgahı Konqres məmuruna təhvil verilib. OCE-nin internetdən aldığı məlumata görə, çay dəstgahının təxmini qiyməti 85 dollar olub. GSA həmçinin Hinojosa və Clarke-dan xalça və bənövşəyi ipək yaylığı təhvil alıb.

Daha iki respublikaçı  Gregory Meeks və Danny Davis xalçaları xeyriyyəyə və yerli məktəbə ianə etdiklərini deyiblər. Davis dəri cildli gündəliyi onun ofisində könüllü çalışanlardan birinə hədiyyə etdiyini söyləyib.

2004-cü ildə bizdə də “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul edilərkən buna uyğun rəqəm kimi 55 manat götürülüb. Amma bu məbləğin rüşvətə heç bir dəxli yoxdur. Hüquqşünaslar hesab edir ki, heç bir məmur qanunla görməli olduğu işi yerinə yetirmək üçün rahatlıqla 40-50 manat rüşvət istəyə biləcəyini düşünə bilməz. Bu, sadəcə bəzi prosedur qaydaları zamanı, məsələn, xaricə səfərlər zamanı verilən hədiyyələrə aiddir. Bəzən bu hədiyyələri almamaq etik normalara uyğun olmur. Həmin hədiyyələr alınır və dəyəri 55 manatı keçdikdə dövlətə təhvil verilir.

Türkiyədə dövlət rəsmilərinə hədiyyə verilməsi qadağan edilib. Bunu 2015-ci ildə ölkənin həmin vaxtkı baş naziri Əhməd Davudoğlu deyib. Davudoğlu qeyd edib ki, dövlət rəsmilərinin, nazirlərin bölgələrə səfərləri zamanı hər hansı başqa bir qurum və şəxslərdən hədiyyə alınması əvəzinə, bölgələrdə dövlət rəsmilərinin ağac əkməsi adət halına salınacaq.

İspan kralı VI Filip də yerli mətbuata açıqlayıb ki, onun ailə üzvləri bahalı hədiyyə ala və pulsuz xidmətdən istifadə edə bilməyəcəklər. Söhbət xüsusilə güzəştli kreditlərdən və ya təyyarəyə pulsuz bilet alışından, eləcə də adi, sosial və ya xeyriyyə hədlərini aşan istənilən digər hədiyyələrdən gedir.

Beləliklə, İspaniyanın hazırkı kralı heç vaxt atası Xuan Karlos tək dəyəri 10 milyon avro olan “Fortuna” yaxtası və ya 2011-ci ildə Ərəb Əmirliklərinin baş nazirinin bağışladığı iki “Ferrari” kimi hədiyyə ala bilməyəcək. Yeri gəlmişkən, avtomobillərdən biri artıq dövlətə təhvil verilib (ümumxalq malı elan edilib), ikincisi isə bütün ispanların malı elan edilib.

Kral ailəsi üçün yeni qaydalar 1 yanvar 2015-ci ildən qüvvəyə minib və kralın bacıları istisna olmaqla, bütün ailə üzvlərinə şamil ediləcək.

Türkiyədə də büdcə təşkilatlarında çalışanlar üçün hədiyyə senzi mövcuddur. Müvafiq qaydalarda göstərilir ki, çalışdığı quruma fayda anlamına gələn, qurum xidmətlərinin hüquqa uyğun şəkildə həyata keçirilməsinə təsir etməyəcək hədiyyələrin qəbulu uyğundur. Amma bu hədiyyələr də ictimaiyyətə açıqlanmalıdır. Qəbul oluna biləcək hədiyyələrin siyahısı bunlardır:

Kitab, jurnal, kasset, təqvim, CD;

Cəmiyyətə açıq yarışmalarda, kampaniyalarda və ya tədbirlərdə qazanılan mükafat və hədiyyələr;

Hər kəsə açıq konfrans, simpozium, forum, panel, yemək və bunun kimi tədbirlərdə verilən xatirə məqsədli hədiyyələr;

Reklam məqsədilə, hər kəsə paylanan və simvolik dəyəri olan reklam və əl sənətləri məhsulları;

Bunların xaricində geyim, qiymətli əşya, səyahət, təyyarə bileti, güzəştli kredit, güzəştli endirim... məmurlar tərəfindən qəbul edilə bilməz və birbaşa korrupsiya faktına daxildir. Məmurlar ölkə xaricində də hədiyyə qəbul edə bilməz. Daha doğrusu, əgər onlara bu və ya digər beynəlxalq tədbirdə verilən hədiyyə minimum əmək haqqından 10 dəfə bahadırsa, onu aldıqları tarixdən 1 ay müddətində çalışdıqları quruma təhvil verməlidilər (xarici dövlət adamları və millətlərarası quruluş təmsilçiləri tərəfindən verilən imzalı xatirə şəkillərinin çərçivələri xaricdir). Qaydalarda qeyd olunur ki, dövlət məmuru protokol və nəzakət qaydaları çərçivəsində bəzi hədiyyələri rədd etməyib ala bilər. Amma ölkəsinə qayıdan kimi bunu tabe olduğu quruma təhvil vermək zorundadır.

İşdir, hansısa məmur bu qadağa və qaydalara məhəl qoymayıbsa, Rüşvət və Korrupsiya ilə Mübarizə Qanununda onunla bağlı ağır cəzalar yer alır. Bu halda onu 3 ildən 5 ilə qədər həbs cəzası və ya 5 milyon TL-yə yaxın ağır pul cəzası gözləyir.

Tarix: 3-11-2018, 13:58
Xəbəri paylaş





Xəbər lenti