Halalı qoyub haramı seçənlər haqdan danışmaq haqqını bir daha itirdi...

Qarabağda “seçki” keçirən erməniləri susdurmayınca bizə seçki keçirmək yaraşmırdı...
Fikir savaşı...  
 Nöqsansız, səhvsiz, günahsız yalnız Allahdır. Bəndə və bəndələr yığnağı hər an və hər yerdə xəta da, günah da edə bilər. Handa qala yeni Azərbaycanda... 

*** 

Dünən – fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri də  xətasız, günahsız ötüşmədi. Bunu, ən azı,  internet nəşrləri və sosial şəbəkələrdə yayılan, paylaşılan foto və video-görüntülər,  şahidlərin ifadələri də təsdiqlədi. Hələ bunlar görünənlərdir...

*** 

Seçkilərdə saxtakarlıqlar elə sovetlər dönəmindən - bizlər haqqı, ədaləti, torpağı partiya biletinə, Lenin ordeninə dəyişəndən, Qarabağda erməni hücumlarının artıq qızışdığı bir vaxtda öz qeyrətli oğullarımızı qoyub yenə də öz rəhbər məmurlarımızın, büdcə təşkilatlarımızda çalışanlarımızın “yekdil”  “hə”si ilə Arkadi Volski kimi bir ermənipərəsti Qarabağdan deputat seçdirəndən başladı...

*** 
Digər işlərimiz kimi, seçkilərdə haqsızlıqlar, saxtakarlıqlar  da o vaxtdan başladı ki, biz halalı qoyub haramı seçdik, biz Allah yolunu qoyub nəfsimizin, İblisin yolu ilə getdik... İllərlə haqlarımızı, maaşlarımızın-filanın artırılmasını və s. yuxarılardan tələb etmək əvəzinə bir-birimizi aldatdıq, satdıq, bir-birimizə atdıq, polislər vətəndaşın, hakimlər müqəssirin, müəllimlər şagirdin, tələbənin, həkimlər xəstələrin canına cumdu, cibini yoldu...Özümüz öz əlimizlə korrupsioner şəbəkəni qurub onun girovuna, əsirinə, quluna döndük... Rüşvətxorluq, dələduzluq, oğurluq baş alıb getdi... Oğul atanın, nəvə nənənin, bacıoğlu dayının, xalanın evini yardı...  

***
Qarabağdan qaçqın düşəndən sonra kütləvi şəkildə torpaqları tələb etmək əvəzinə, əvvəlcə ərzaq, paltar yardımı, sonra da “təzə şəhərciklər”də ev davası etdik... “Atəşkəs”dən sonra birləşib hay qıldırıb Qarabağın azadlığı uğrunda bütün hüquqi yollara əl atmaqla yanaşı, Allaha gecə-gündüz  dua etmək yerinə,  Şuşa, Laçın, Ağdam... adlarını qoyduğumuz kafelərdə haram içki dolu badələri çaqqıldadıb “Gələn il bu vaxtı Qarabağa yeyib-içək” kimi populist, gülünc, haram tostlar deməyimizdən başladı...

*** 
Seçkilərdə saxtakarlıq o günlərdən başladı ki, müxalifət adlananların da  xeylisi özlərini deputat seçdirəndən(!) sonra ev, maaş davasına qalxdı... Və evlərini də, QHT-lərini də, qrantlarını da alandan sonra korrupsioner, dələduz oliqarxiyanın “ütüsü” altda ütülənib mumladılar...

*** 

Seçkilərdə saxtakarlıq o vaxtdan başladı ki, müdirlər, direktorlar, baş həkimlər, müəllimlər, həkimlər və s. vəzifə kreslosunun, yaxud 5-10 manat maaşın çatısını boğazına keçirib hansısa icra başçısı və ya oliqarxın sifarişlərinə uyğun səs verdilər və verdirdilər, üstəlik “karusel”ləri də işə saldılar...

*** 
Nə yazıqlar ki, bu dəfə də tamahkar, nadan  və cahillər kütləsi öz “klassik” ənənəsinə sadiq qaldı. Və bir daha bu gün və sabah kimdənsə, hansısa nazirdən, başçıdan haqq-ədalət, dürüstlük tələb etmək  haqqını bir daha itirdilər... Əlbəttə, Allahdan, haqdan, xalqdan üz döndərib vəzifə kürsüsü, 200-300 manatlıq maaşdan ötrü oliqarxların, başçıların sifarişi ilə eyni namizədə müxtəlif məntəqələrdə 4-5 dəfə “səs” verdirənlər və verənlər,  Azərbaycanın üçrəngli bayrağı(!) altında, müşahidəçilərin gözü önündə topa-topa bülletenləri  şəffaf(!) qutulara doldurtduranlar və dolduranlar və s. olubsa, belələrinin haqdan-ədalətdən danışmağa və ya kimdənsə onu tələb etməyə haqları çata bilərmi?.. Özü də saxta səs yığdıranlar da, səs verənlər də  təyin olunmuş namizədlərin korrupsioner şəbəkənin adamları olduğunu, özlərinin də illərlə dələduzluq, rüşvətxorluqla məşğul olduğunu bilə-bilə  seçki kampaniyasında da onların yanında durublarsa, onları təbliğ ediblərsə, belələri sabah hansı insanlıqdan, hansı insanlıqdan, əxlaqdan, mənəviyyatdan danışacaq... 

***

Halalı qoyub haramı, dürüst, vicdanlı, ədalətli, ziyalı insanı qoyub dələduzu, rüşvətxoru, oliqarxı və ya oliqarxın adamını seçdirənlər və seçənlər sabah hansı haqla parlamentə tərif vuracaq və ya əksinə, “seçdi”yi deputat haqqını qorumaq istəməyəndə hansı üzlə həmin qanunverici orqandan şikayət edəcək... 


***

Bir də ay xalq, ay camaat, ay az-çox qeyrəti, namusu, vicdanı qalmış başbilənlər, heç torpağının 20 faizindən çoxunu, Qarabağ kimi gülüstanı 30 ildir azad edə blməyənlərə, o torpaqlarda Xocalı qətliamı günü “seçki” təbliğatına, 31 Mart Soyqırım günü növbəti “prezident” və “parlament” “seçki”ilərə hazırlaşan erməniləri susdura bilməyənlərin hansı gününə belə allı-güllü seçki yaraşır axı?..

***

Yazıqlar olsun bizlərə, yazıqlar... Bu minvalla aprelin 1-də - axmaqlar, aldananlar günündə də Qarabağdakı ermənilərin “seçki”lərinin  nəticələrini bilib susacağıq... Onsuz da bizim üçün elə hər gün yalanlar, saxtakarlıqlar günü deyilmi?.. Yazıqlar olsun yalanlar bataqlığında aldanmağa, yallanmağa, yalmanmağa öyrəşmiş adam adlananlara...

P.S. Gördüyünüz foto Azərbaycan xalqının hazırkı ümumiləşdirilmiş obrazıdır...

Sultan Laçın  
Tarix: 10-02-2020, 16:45
Xəbəri paylaş





Xəbər lenti