Bəxtiyar Hacıyev: "İmkan verməyəcəyik ki, kimsə haqqımızı yeyib parlamentdə otursun" - VİDEO



“İmkan verməyəcəyik ki, insanların səs vermədiyi bir namizəd saxta yolla qalib elan olunsun və Milli Məclisdə seçiciləri təmsil etsin”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında 29 saylı Səbail seçki dairəsindən namizədliyini irəli sürmüş Bəxtiyar Hacıyev deyib. O bildirib ki, seçkilərin nəticələri ilə bağlı ATƏT-in rəyini müsbət qiymətləndirir:
“Çünki ATƏT-in rəyində də əks olunub ki, seçki prosesi bir çox ciddi pozuntularla və beynəlxalq standartlara uyğun olmayan şərtlərlə təşkil olunub. Bunu biz öz dairəmizin bütün məntəqələrində də müşahidə etdik. Biz inzibati resurslardan istifadə, protokolların verilməməsi, müşahidəçilərə çox ciddi psixoloji və fiziki təzyiqləri müşahdə etdik. Səslərin sayılması prosesində kütləvi şəkildə bülletenlər bir namizədin adına əlavə olundu. Bunlarla bağlı əlimizdə video-faktlar, aktlar, müşahidə kameralarından götürülmüş faktlar var. Bizim üçün seçkilər hələ bitməyib. Həm siyasi, həm hüquqi, həm də mənəvi mübarizəni bu gündən etibarən davam etdirəcəyik. İmkan verməyəcəyik ki, insanların səs vermədiyi bir namizəd saxta yolla qalib elan olunsun və Milli Məclisdə seçiciləri təmsil etsin”.
Bəxtiyar Hacıyev həmçinin, 29 saylı Səbail seçki dairəsindən 9 namizədin bu dairənin nəticələrini tanımadığına dair birgə bəyanat da hazırladıqlarını bildirib:
“Nigar Arpadarai sosial şəbəkələrdə özünü qalib elan etsə də minlərlə insan artıq onun cavabını verib. Bildiriblər ki, siz saxta yolla, masa altından çıxan bülletenlərlə özünüzü deputat təyin etdirmisiniz. Təbliğat-təşviqat müüddətində heç bir ciddi kampaniya aparmayan, mənzil-istismar idarəsinin işçiləri ilə foto çəkdirdikdən sonra gedib isti kabinetində oturan bir adamın saxtakarlıq hesabına deputat seçilməsinə biz etiraz edirik. O dairənin nəticələri ləğv olunsa mən rəsmi olaraq qalib oluram. İndi qeyri-rəsmi olaraq mən özümü qalib sayıram. Çünki MSK-nın protokollarına görə ən çox səs alan ikinci namizəd mənəm”.
B. Hacıyev həmçinin N. Arpadaraiyə müraciət edib və onun Milli Məclisdə oturmağa mənəvi haqqının olmadığını bildirib:
“Bizim dairədə iki hərbi hissə var. O hərbi hissələrdən mənim rəqibim Nigar Arpadaraiyə 97 faiz səs yazılıb. Hansı ki, o hərbi hissələrdə heç bir təbliğat aparılmayıb, heç bir namizədi və müşahidəçini oraya buraxmayıblar. Bu da onu göstərir ki, N. Arpadarai total saxtakarlıqla qalib elan olunub. Buradan Nigar xanıma deyirəm ki, onun Milli Məclisdə oturmağa mənəvi haqqı yoxdur. Mən bunu bəyan edirəm ki, ilk gündən son günə qədər öz haqqımızı onlara yedirtməyəcəyik. İmkan verməyəcəyik ki, kimsə bizim haqqımızı yeyib parlamentdə otursun və insanların arasına çıxsın”.
B. Hacıyev həmçinin seçkilər ərəfəsində bəzi məntəqələrdə özünə və müşahidəçilərə qarşı zorakılıq və qanunsuzluqların olduğunu qeyd edib.
Qeyd edək ki, Mərkəzi Seçki Kiomissiyasının açıqladığı ilkin nəticələrə görə 29 saylı Səbail seçki dairəsindən bitərəf namizəd Nigar Arpadarai qalib elan olunub.
Tarix: 11-02-2020, 00:01
Xəbəri paylaş





Xəbər lenti