Günahkar özümüzük

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Dünyanın bütün ölkələri Koronavirusla (Covid-19) mübarizəyə milyardlarla dövlət vəsaiti ayırır. Məsələn, ABŞ illik gəliri 75 min dollardan, yəni, 127 min 500 manatdan az olan, başqa sözlə, bir ayda 10 min 625 min manatdan az qazanan hər bir vətəndaşına aylıq 2500 dollar, yəni 4250 manat maddi yardım ayırıb. Təsəvvür edirsiniz, ayda 10 min manat pul qazanan vətəndaşa dövlət aylıq 4250 manat həcmində maddi dəstək verir!

Azərbaycanda rəsmi statistikaya görə əməkqabiliyyətli əhalinin 3 milyon nəfəri işsizdir, hazırda evinə bir qəpik pul gəlmir. Hökumətin öz etirafına görə rəsmi iş yeri olan cəmi 1 milyon 600 min insanın 600 min nəfərdən çoxu minimum əməkhaqqı alır.

Beləliklə, hazırda Azərbaycanda ən azı 3 milyon vətəndaşın evinə çörək pulu daxil olmur, ən azı 600 min insan isə 250 manatla sürünmək məcburiyyətindədir. Bu insanlar artıq aclığın astanasındadırlar. Və bu qədər acınacaqlı durumda olan əhaliyə son on ildə təkcə neftdən 150 milyard dollar qazanc əldə edən dövlət bir manat da olsun maddi yardım etməyib!

Dünyanın bütün ölkələri koronavirusun tüğyan etdiyi müddətdə əhalinin kommunal xərclərinin, kreditlərinin ödənməsində ciddi güzəştlər etdi. Bəzi ölkələr bu öhdəliklərə bir neçə aylıq moratorium tətbiq etdi. Bəzi ölkələrdə isə kommunal xərclərin ödənişini dövlət öz üzərinə götürdü, əhali işıq, su, qaz, rabitə və internet pulundan azad edildi.

Azərbaycanda nə kommunal xərclərin, nə kreditlərin, nə telefon və internet məsərflərinin qarşılanması üçün dövlət vətəndaşlara doğru bircə addım da atmayıb, bu istiqamətlərdə əhaliyə heç bir güzəşt edilməyib.

Dünya ölkələri orta və kiçik biznesə dəstək məqsədilə yüz milyardlarla yardım paketi elan edir, biznesi və iş adamlarını iflasdan qorumağa çalışırlar.

Azərbaycanda dövlət iş adamlarına, biznesə nəinki dəstək vermir, əksinə biznes strukturlarından, dövlət orqanlarından hətta universitetlərdən və büdcə təşkilatlarında çalışanlardan məcburi qaydada “Virus Fonduna” pul yığılır.

Dünya ölkələrinən əksəriyyətindən fərqli olaraq Azərbaycanda tibbi sığorta və hətta ortabab səhiyyə xidməti yoxdur! Bu bəla epidemiya şəklini alsa ölkəmizdə yaşanacaq fəlakəti təsəvvür etmək belə çətindir.

Azərbaycanda apteklərdə adi maska yoxdur. Mən, şəxsən ciddi cəhdlərdən sonra apteklərdən spirt ala bilsəm də, maska tapa bilməmişəm. Aprekləri pullu maska ilə təmin edə bilməyən dövlətin virusla mübarizəyə hazırlıq səviyyəsinə qiymət verməyi sizin öhdənizə buraxıram.

Biz illər uzunu vətəndaşlarımıza “analoqu olmayan inkişaf” kimi sırınan, lakin gerçəkdə analoqu olmayan bir dövlət məsuliyyətsizliyi, korrupsiyası, talançılığı və səriştəsizliyi ilə üz-üzəyik!

Allah bizi dünyada analoqu olmayan faciələrdən qorusun!
Ümidimiz yalnız Allaha qalıb, çünki dövlətimiz bizi qorumur, özümüz özümüzü qorumaq üçün isə vaxtında tədbir görmədik, hökumətlə hökumətlik etmədik, haqqımızı tələb etmədik və… bu günümüzü yetişdirdik.

Bəli, bu gün yaşadıqlarımızın, faciələrimizin səbəbkarı yalnız özümüzük, taleyimizə, gələcəyimizə olan laqeydliyimiz, biganəliyimizdir…

Tarix: 30-03-2020, 22:12
Xəbəri paylaş





Xəbər lenti