Baş redaktordan Etibar Əliyevə sərt cavab: “Deputat səs verdiyi qanundan xəbərsizdir”





Milli Məclisin deputatı Etibar Əliyev “Facebook”da paylaşım edərək media orqanlarını tənqid edib.

Millət vəkili yazır: "Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbulundan sonra düşündük ki, Qanun bu sahədə işlərin tənzimlənməsinə yardımçı olacaq. Əksinə, problemlər daha da dərinləşdi. Bir çox nazirliklər və ayrı-ayrı şəxslər saytlarla birbaşa əməkdaşlıq edir, müqaviləli sövdələşmə münasibəti olan saytlarda haqlarında tənqidi yazılarla çıxış edən şəxslərə qarşı qarayaxma kampaniyası aparırlar.



Dövlət büdcəsinin vəsaiti hesabına bir çox saytlarla aylıq ödəniş əsasında müqavilə bağlanması büdcə vəsaitlərinin maddələr üzrə qanunsuz sərfi və israf olunması kimi qiymətləndirilir. Bu, KİV haqqında qanunun birbaşa pozulması, asılı və maraqlı tərəflərin konstitusion hüquqlarının açıq şəkildə tapdalanmasıdır. Digər tərəfdən, müqaviləli sövdələşmə əsasında qarayaxmaçılıq edən sayt rəhbərləri, sayt əməkdaşı medianın təməl prinsipləri olan "qarşı tərəfin mövqeyinin öyrənilməsi" kimi ümdə məsələni qulaq ardına vururlar. Sövdələşmə açıq-aşkar xarakteri alıb. Görəsən, Prezident Administrasiyasında mətbuata kuratorluq edən şəxslər bu barədə nə düşünürlər? Bunun acı fəsadlarını görürlərmi?”.

“TNS” İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Tural Səfərov deputat Etibar Əliyevə sərt cavab verib. 

Jurnalist bildirib ki, istiqlalçı deputat Fərəc Quliyevlə Mehman Hüseynov arasındakı gərginlikdən sonra təsadüfən deputat seçilən Etibar Əliyevin mediaya hücumu artıq davamlı xarakter alıb. 

“Hörmətli millət vəkilimizin jurnalistlərlə niyə yola gedə bilməməsi həmkarlarımızın əksəriyyətinə sirr kimi qalır. Deputat gah hansısa jurnalisti məhkəməyə verir, gah da sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edib mediaya hücum edir. Millət vəkili yazır ki, saytlarla aylıq ödəniş əsasında müqavilə bağlanması qanunun pozulmasıdır. Biz çox axtardıq, amma tapa bilmədik. Deputat bizə izah etsin görək, “Media haqqında” Qanunun hansı maddəsində yazılıb ki, saytlar ödənişli xidmət göstərə bilməz. Bunu özümüzə görə demirəm. TNS-in heç bir dövlət orqanı ilə ödənişli xidmət göstərilməsi üçün müqaviləsi yoxdur. Amma haqqın tərəfində olmaq, gerçəkləri yazmaq bizim peşə vəzifəmiz, həmkarlarımızı müdafiə etmək isə mənəvi borcumuzdur. Etibar Əliyevə təklif edirik ki, media ilə münasibətlərini qaydaya salsın, Azərbaycanın kütləvi informasiya vasitələri haqqında ağlına və ağzına gələni danışmaq və yazmaqdan əl çəksin”, - Tural Səfərov bildirib.

İnformasiya agentliyinin rəhbəri deputata xatırladıb ki, Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” Qanun yoxdur. 

“Ötən ilin sonlarında Etibar Əliyevin də deputatı olduğu Milli Məclisimiz “Media haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edib. Prezident İlham Əliyev bu ilin fevral ayında “Media haqqında” Qanunu təsdiqləyib. “Media haqqında” Qanunun 78-ci maddəsində göstərilir ki, bu qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitləri haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilir. Əgər millət vəkilimizin bundan xəbəri yoxdursa, deməli, ya qanuna səs verməyib, ya da səsvermə zamanı zalda mürgüləyib. Deputat Etibar Əliyev “Media haqqında” Qanundan xəbərsizdirsə, o zaman statusunda qeyd etdikləri də əsassızdır, mediaya hücum etmək üçün tələm-tələsik yazılan fikirlərdir”, - Tural Səfərov əlavə edib.
Tarix: 28-06-2022, 13:36
Xəbəri paylaş





Xəbər lenti