Azərbaycanda körpəsini öldürən “ana”ya 3 il, Avropada isə ömürlük həbs - nonsens?


 
Hüquqşünasa görə, Azərbaycanda uşaqlara qarşı cinayət törədən şəxslərin məsuliyyəti məsələsinə yenidən baxılmalıdır
Fransada azyaşlı oğlunun qida çatışmazlığından ölümündə təqsirli bilinən vegetarian qadın ömürlük həbsə məhkum edilib. 39 yaşlı Şeyla Oliri oğlu Ezra Olirini təkcə meyvə, tərəvəz və ana südü ilə qidalandırmaqla ölümünə səbəb olmasında ittiham edilib. O, birinci dərəcəli qətl, həmçinin uşaqlara qarşı zorakılıq və qəsdən adam öldürmədə günahlandırılıb.
Polis bölmələrinin məlumatına görə, 2019-cu ilin sentyabrında ölən zaman 18 aylıq oğlanın çəkisi 8 kiloqram olub və 7 aylıq körpənin çəkisi ilə eyni olub.
Gələk indi Azərbaycana. Bakıda yeni doğulmuş körpəsini öldürən qadın, Şirvan sakini, 1986-cı il təvəllüdlü Ş.Qədirova bugünlərdə Bakının Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə (!) azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Araşdırmalar zamanı məlum olub ki, Ş.Qədirova Bakı şəhərində yerləşən və “Sabirabad hotel” adı ilə tanınan kafedə daimi yaşayıb. O, 2020-ci ildə Respublika Kliniki Xəstəxanasında uşaq dünyaya gətirib və həmin vaxt uşağın cinsiyyətini öyrənmədən övladından imtina edib. Daha sonra yenə hamilə qalan qadın bu il martın 30-da daimi yaşadığı kafedə saat 04:00 radələrində təbii yolla qız uşağı dünyaya gətirib. O, yeni doğulmuş körpəni zibil qutusuna ataraq ölməsini gözləyib. Lakin körpə ağladığından o, uşağı sellofan torbaya qoyaraq ağzını düyünləyib və uşağın boğularaq ölməsini gözləyib. Yarım saat sonra uşağın səsinin kəsildiyini görən qadın onun meyitini əl çantasına qoyaraq yatıb. Martın 31-də yaşadığı yeri tərk edən 36 yaşlı qadın yeni doğulmuş uşağın meyitinin olduğu torbanı gecə Nizami rayonu, Qara Qarayev prospekti 88 ünvanındakı “Anatolia” restoranının divarından asaraq uzaqlaşıb.
Məhkəmədə Ş.Qədirova uşağın onun həyat tərzinə mane olacağını düşündüyü üçün belə addım atdığını, hamiləliyə qarşı daim dərman preperatlarından istifadə etdiyini deyib.
Qəribədir deyilmi? Bu “ana” deyilən kəs övladını soyuqqanlılıqla, qəddarcasına həyatdan məhrum edir - onu körpələr evinə verə biləcəyi halda. Amma qatilə cəmi 3 il həbs cəzası kəsilir. Bir günahsız insanı, həm də körpəni bilə-bilə həyatdan məhrum etmənin cəzası bu qədərmi yüngül olur? Motiv ortada. O zaman niyə ona qarşı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılmayıb? Qadın anlaqlı olmayıbsa, o zaman niyə 1-ci körpəsini də öldürməyib, ondan, sadəcə, imtina edib?
Bəllidir ki, cəzanın əsas məqsədi cinayətin təkrarlanmasını önləməkdir. Bu qadın isə 3 ildən sonra çıxıb eyni cinayəti rahatca təkrarlaya bilər. Bu məsələdən hali olanlar qətlə görə 3 il həbs cəzasını çox yüngül hesab edirlər. Avropada isə körpəsinin ölümünə bilmədən (!) bais olan ana ömürlük cəza alıb. Bu təzad nə ilə bağlıdır? Qanunlarımzda boşluq var, yoxsa...
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda uşaqlara qarşı zorakılıq, cinayət törədən şəxslərin məsuliyyəti məsələsinə yenidən baxılmalıdır: “Köməksiz vəziyyətdə olan, valideyn, qəyyum tərəfindən törədilən cinayətlərin törədilməsinin qanunvericilikdə ağırlaşdırıcı hal kimi müəyyən edilməlidir. Uşaqlara qarşı cinayətlərlə bağlı 2015-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı təkliflər əsasında qanunvericlik bir qədər sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayana qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına catmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində daha ağır cəza müəyyən edilib. Qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən isə uşaq 14 yaşadək olduqda bu müddət 3 ildən 6 ilədək müəyyən edilib. Rusiyada 14 yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı təkrar cinayət törədilməsinə görə ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Hesab edirik ki, CM-də uşaqların valideynlər tərəfindən bilərəkdən öldürülməsinə görə də sərt cəzalar olmalıdır. ABŞ, Kanada, İngiltərə, Almaniya, Fransa, Qərbi Avropa ölkələri, İsrail kimi ölkələrin qanunvericiliyində belə cinayətlərə görə olduqca sərt cəza tədbirləri müəyyən edilib”.
Hüquqşünas deyib ki, qanunvericiliyə mütləq dəyişiklik edilməlidir: “Azyaşlılara və yetkinlik yaşına çatmayanlara qarşı bütün növ zorakılıq cinayətləri ən sərt şəkildə cəzalandırılmalıdır. Və bu cinayəti törədənlər ömürlük həbs cəzasına məhkum edilməlidir. Qonşu Gürcüstanda belə addım ötən il atılıb. Gürcüstan da Avropa Şurasının üzvüdür, amma qanun layihəsinə belə bir dəyişiklik edir. Bu, qadın, uşaq və ümumiyyətlə, insan hüquqlarına hörmətdir. Cəzaların sərtləşdirilməsi qadınların, uşaqların, yeniyetmə qızlarımızın sağlamlığının, psixikalarının müdafiəsi deməkdir. Nə qədər gənc qadınlar var, işə düzəlmək istəyəndə işəgötürən tərəfindən çirkin təkliflərlə üzləşir. Nə qədər azyaşlı balalar əməyin istismarına cəlb edilir. Yetkinlik yaşına çatmamış körpə qızlarımız çirkin cinayətlərin qurbanı olur. Dəhşətlisi budur ki, çox zaman belə cinayətlər yaxın qohumlar tərəfindən törədilir. Hələ də məhkəmə istintaqı aparılan cinayət hadisələri var. Dağıstandan bura işləməyə gəlmiş bir qadını 2 uşağı ilə tövlədə saxlayıblar, qul kimi davranıblar onunla. Xarab olmuş toyuq əti veriblər yeməyə. Bugünlərdə bu iş üzrə məhkəmə keçirildi və qadına zülm edən şəxsə 7 il azadlıqdan məhrumetmə cəzası verildi. 7 ilin 3-4 ilini çəkəcək, sonra da azadlığa çıxacaq. Belə hallar təkrarlanmasın, azyaşlıların hüquqları qorunsun deyə biz də cəzaları sərtləşdirməliyik”.
E.MƏMMƏDƏLİYEV
Tarix: 2-09-2022, 10:45
Xəbəri paylaş





Xəbər lenti