Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin qızı Səidə Tağı-zadə inzibati məsuliyyətə cəlb olunub. Qaynarinfo-nun məlumatına görə, Səidə Tağı-zadə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.
İş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Fuad Axundov iş üzrə hakim təyin edilib.
529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.
Aydın olur ki, Səidə-Tağı-zadə bundan əvvəl də inzibati məsuliyyətə cəlb edilib. Lakin inzibati tənbeh tətbiqetmə barədə qərarı icra etməyib. Bu baxımdan, onun barəsində yenidən inzibati protokol tərtib edilib.
529.3-cü maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Qeyd edək ki, Səidə Tağıza-də tanınmış pianoçudur.
Tarix: 4-10-2024, 12:22