Rasim Məmmədov Ramiz Mehdiyevi məhkəməyə çağırıb: “Kimin malını talamışam?”



Rasim Məmmədov Ramiz Mehdiyevi məhkəməyə çağırıb: “Kimin malını talamışam?”Rasim Məmmədov

“Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri olmuş Rasim Məmmədov nədə ittiham olunduğunu anlamadığını deyir. Həbsdə olan keçmiş zavod rəhbəri bunu sentyabrın 9-da öz məhkəməsində deyib.

Bizimyol.info xəbər verir ki, Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Rasim Məmmədov məhkəmədə bildirib ki, onun işi üzrə ekspertiza rəylərində rəqəmlər şişirdilib: “O qədər istehsalat, satış olmayıb. 19 ay ərzində (həbsdə olduğu müddəti nəzərdə tutur-red.) bizimlə işləməyiblər, bizdən heç nəyi soruşub aydınlaşdırmayıblar. Kimə nə qədər verilibsə, dəftərçədəki bu rəqəmlərə baxıb, özlərindən rəqəm düzəldiblər. Mən məhkəməyə elə sənədlər təqdim edəcəm, özünüz də görəcəksiniz ki, ekspert rəylərində yazılanlar doğru deyil”.
Daha sonra məhkəmədə prokuror ittiham aktını elan edib. İttihama əsasən, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib. Rasim Məmmədov 2011-ci ilin yanvarından 2021-ci il yanvarın 28-nə şirkətin Müşahidə Şurasının sədri olub. O, zavoda rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə; sənədlərdə rəqəmləri şişirtməkdə; başqa şəxslərin adlarına şirkətlər yaradıb “Baku Steel Company”in mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda; “Baku Steel Company”in məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə ittiham olunur.
Rasim Məmmədov bu cür üsullarla ümumilikdə təxminən 55 milyonl manatlıq mənimsəmə və israf etməkdə təqsirləndirilir.
Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur.
Rasim Məmmədov bildirib ki, o, irəli sürülən ittihamı nə başa düşür, nə də qəbul edir: “Yazıblar ki, fiziki və hüquqi şəxslərin maraqlarını pozmuşam. Kimdir o fiziki şəxslər? Mən kimin malını talamışam? Kim mənə nəyi etibar edib, mən də yeyib dağıtmışam? Yazıblar ki, özüm özümü Müşahidə Şurasının sədri təyin eləmişəm. Bir yerdə 2009-cu ilin avqustunda yazıbıar, o biri yerdə 2011-ci ilin yanvarında. İndi bu tarixlərin hansında mən özüm-özümü təyin eləmişəm?”
Ümumiyyətlə isə Rasim Məmmədov özünü təqsirli bilmədiyini vurğulayıb.
Vəkili Elçin Sadıqov da ittihamın mahiyyətinin aydın olmadığını bildirib: “İttihamda yazılıb ki, ƏDV-dən (Əlavə Dəyər Vergisi) yayınmaqla şirkətə ziyan vurub. ƏDV şirkətindir, yoxsa dövlətin? Rasim Məmmədov hansı fiziki şəxslərə ziyan vurub? İttihamda yazılsa da, mahiyyəti aydın deyil”.
Daha sonra Rasim Məmmədova ifadə vermək təklif olunub. O bildirib ki, ifadə vermək istəyir, lakin hazır deyil, vəkillərilə məsləhətləşməlidir. Ona görə də məhkəmədən vaxt istəyib. Bu səbəbdən məhkəmə prosesi sentyabrın 12-nə qədər təxirə salınıb.
Rasim Məmmədovun işi üzrə ötən məhkəmə iclasında onun vəkili Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırmışdı. Lakin məhkəmə vəsatəti təmin etməmişdi.
46-yaşlı Rasim Məmmədov 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Onun ittiham olunduğu müddələrin sanksiyasında 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Tarix: 9-09-2022, 17:15
Xəbəri paylaş





Xəbər lenti