“Öz səngər yoldaşının deyil, icra başçısının marağını güdür” - Maraqlı açıqlama


Qarabağ qazisi Rey Kərimoğlu ilə müsahibə: 
- Rey müəllim, Azərbaycanda müharibə əlilləri və şəhid ailələri hazırda ən çox hansı problemlərdən əziyyət çəkir?
- Problem əsasən iki istiqamətdə yaşanır. Əlillik dərəcəsi alınana qədər yaşananlar ilkin mərhələyə aid olan problemlərdir. İkinci problem isə icra hakimiyyətləri və bir sıra dövlət orqanları tərəfindən laqeyd münasibətin davam etməsidir. Təəssüflər olsun ki, cənab Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və qazilərə dəstək məqsədilə yaradılan “YAŞAT” fondunun da fəaliyyət istiqamətləri azdır və baxımından işini layiqincə qura bilmir. Fondun fəaliyyət istiqaməti genişlənməlidir. Sabirabadda Elvinin, Samuxda Təbrizin özünü yandırması rayon icra hakimiyyətlərində qazilərə qarşı diqqətsizliyin və haqsızlıqların nəticəsidir. Təbii ki, problemlər yalnız bunlarla bitmir. Müxtəlif nazirlik və dövlət qurumları da bu siyahıya daxildir.
- Problemlərin içərisində ən qabarıq olanı hansıdır?
- İcra başçıları dediyim struktura onların sözü ilə oturub-duran qazini nümayəndə təyin edir. Nümayəndə isə çox vaxt səngər yoldaşlarının yox, icra başçısının maraqlarını güdür. Əminliklə deyə bilərəm ki, icra hakimiyyətlərinin 90 faizində vəziyyət belədir. Təklifimiz icra hakimiyyətində çalışacaq şəxsin şəhər və rayon qazilərinin, şəhid ailələri və veteranların razılığı ilə seçilməsidir. Belə olsa, daha effektli iş olacaq.
Digər bir məsələni deyim: Əvvəllər şəhid ailələri, qazilər, veteranlar müxtəlif dövlət rüsumlarının ödənişindən azad idi. Azərbaycanda Notariusların əksəriyyəti özəldir. Və onların qazanclarının çox az hissəsi dövlətə gedir. Qalanı özlərinə qalır. Bəzən Şəhid ailəsindən, qazidən hansısa sənədin təsdiq olunması üçün 40-50 manat ödəniş tələb edilir. Fikrimcə, sözügedən təbəqə həmin ödənişlərdən azad olunmalıdır. Bundan dövlət heç nə itirməyəcək.
Başqa bir vacib məsələ: "Qarabağ Qaziləri" İctimai birliyinin və digər dörd təşkilatın 2014-cü ildə prezidentə müraciəti olmuşdu. Müraciətdə şəhid və qazi övladlarının ödənişsiz təhsil alması məsələsi yer alırdı. 2014-cü il mart ayının 18-i Prezidentin fərmanı ilə şəhid və qazi övladlarının dövlət hesabına təhsil almasına qərar verildi. Universitetə sənədlərini təqdim edən şəhid və ya qazinin övladı, nazirlər kabinetinin qərarı ilə ödənişsiz təhsil haqqına sahib olur. Bütün ödənişləri tamamilə dövlət edir.
- Təkliflər çoxdur, hətta sözügedən kateqoriyanın kommunal xərclərdən azad olunmasını təklif edənlər də var. Siz bu barədə nə düşünürsünüz?
- 2001-ci ilə qədər həmin şəxslərin kommunal, nəqliyyatdan istifadə və digər güzəştləri var idi. 2001-ci ildən bunlar ləğv edildi. Əvəzinə hər üç təbəqəyə kompensasiya təyin edildi. Sonra onu ləvğ edib müavinət etdilər. Bu isə müxtəlif problemlər yaratdı. İki il əvvəl isə onu da ləğv edib yalnız veteranlara 80 manat Prezident təqaüdü təyin etdilər. Amma Şəhid ailələri və Qazilər üçün komunal, nəqliyyat və digər güzəştlər üçün ödənişi ləğv etdilər. Dedilər Şəhid ailəsi və Qazilər kifayət qədər yüksək məbləğdə Prezident təqaüdü alır da... Bu isə doğru yanaşma deyildi. Bu gün Qazilərə (Oxu: Qarabağ əlillərinə) verilən Prezident təqaüdünün təməli hələ 1993-cü il, 26 avqustda Ulu Öndər Heydər Əliyevin 193 saylı fərmanı ilə qoyulub. Yəni Prezident təqaüdünün komunal, nəqliyyat və digər güzəştlərə adiyyatı olmayıb. Təklif edirik ki, indi heç olmasa, Şəhid ailəsinə, Qarabağ əlillərinə və veteranlara kommunal, nəqliyyat və digərləri ilə bağlı limit verilməlidir. Teatr, kino, müxtəlif bayram şənlikləri həmin şəxslər və övladları üçün pulsuz olmalıdır.
- Problemlərin həll olunması ilə bağlı dövlət qurumlarına təkliflərinizi vermisinizmi?
- Bəli. Məsələ ilə bağlı Milli Məclisə və dövlət strukturlarına təkliflərimizi vermişik. Təkliflərimizin zaman-zaman yerinə yetirilməsi sevindirici haldır. Yeni yaranmış problemlərlə bağlı Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Milli Məclisə müraciət etmişik. Payız sessiyasında Milli Məclisin müvafiq komissiyaların iştirakı ilə müzakirə təklifi də vermişik. Alınsa çox yaxşı olar.
Digər təklifimiz isə odur ki, Şəhid və Qazi övladları dövlət qulluğuna imtahandan kənar işə götürülsün. Bunun üçün komissiya yaratmaq olar. Türkiyəni nümunə götürə bilərik. Türkiyədə bir şəhid ailəsindən iki nəfər imtahandan kənar dövlət qulluğuna işə götürülə bilər. Bizdə niyə olmasın? Müharibədə əlil olan hərbi qulluqçunun təqaüdü dünyasını dəyişdikdən sonra dayandırılır. Həmin təqaüd həyat yoldaşına əlillik dərəcəsi olduqda və ya təqaüd alacaq yaşa çatdıqda verilir. Təklif edirik ki, həmin şəxsin təqaüdü illərlə onun əziyyətini çəkmiş həyat yoldaşına elə dərhal verilsin. 
- Belə bir təklif də var ki, şəhid və qazi ailələrinin problemlərini həll etmək üçün ayrı bir dövlət qurumu yaradılmalıdır. Bununla razısınızmı?
- Fikrimizcə, Müharibə Komitəsi yaradılmalıdır. Onlar problemlərini bir ünvanda həll etməlidirlər. Prezidentimizin fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində "Vahid Əlaqələndirmə Mərkəzi" yaradılıb. Lakin bizə daxil olan məlumatlara vörə, nəticə effektiv olmur. Şəhid ailələri və müharibə əlilləri əhalinin həssas təbəqəsi sayılır. Onların problemlərinə münasibətdə son dərəcə həssas davranmaq lazımdır.
Ə.Məhəmmədoğlu 
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 
Tarix: 11-09-2022, 22:06
Xəbəri paylaş





Xəbər lenti