“Mayka” söhbətinin axırı pis qurtardı – Yol polisini işdən çıxartdılar


Bir müddət əvvəl sosial şəbəkələrdə görüntüləri yayılan, sürücü ilə mübahisə edən yol polisi əməkdaşları barədə tədbir görülüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, sürücü ilə arasında yaranan mübahisəyə görə inspektor Malik Qasımov və polis kapitanı Elnur İsgəndərov cəzalandırılıblar. Müvafiq əmrlə M.Qasımov işdən çıxarılaraq sərəncama götürülüb, E.İsgəndərova isə şiddətli töhmət elan edilib.
Qeyd edək ki, bir müddət öncə “Bakıda polis və sürücü arasında “kişi” söhbəti: “Adam da mayka ilə maşın sürər, çəkiliş aparar?” xəbəri dərc olunmuşdu. Bakıda yol polisi ilə sürücü arasındakı mübahisəni əks etdirən görüntülərdə sürücü polis əməkdaşının onu səbəbsiz yerə saxladığını və yoxlanışın qanunsuz olduğunu iddia etmişdi. İnspektor Malik Qasımov isə sürücünü çəkiliş etməkdə günahlandıraraq kameranı söndürməsini tələb etmiş, ona maşından aşağı düşərək söhbət etməyi təklif etmişdi: “Mən dövlətin polisiyəm. Sən dövlətin polisi ilə məzələnəsi adam deyilsən, kişi o hərəkəti eləmir, video çəkmir. Gecə siz yatırsız, biz xidmət aparırıq. Mən sənə yaraşdırmaram elə çəkəsən. 21 ildir yollardayam, sənin yaşın qədər stajım var, düş aşağı gəl söhbət edək. Sənin polislə problemin var? Maykada maşın sürərlər? Səni sutka gözləyir, polis kapitanı ilə məzələnirsən. Get vətən uğrunda döyüş deyim, hə, gəlib video çəkirsən, ayıbdır, yekə kişisən”.


Tarix: 12-09-2022, 22:13
Xəbəri paylaş





Xəbər lenti