Yaylıqlı kişilər , onların nəsibi papaq yox, yaylıq imiş...

image


Yaylıqlı deyirəm, bu arada yaylıqdan üzr istəyirəm ki, onun adını bəzi kişilərlə birgə çəkirəm.
Çünki yaylıq qadınlara məxsus geyimdir və elə qadınlarımız var ki, hünərdə, cəsarətdə, namusda, əxlaqda, vətənpərvərlikdə çox kişilər onun kölgəsində qalar. Amma nə məsələdirsə, kişi başına yaylıq bağlayanda hünərdən, namusdan, əxlaqdan, xüsusilə də vətənpərvərlikdən çox-çox uzaq qalır.
Elə xalq arasında da özünə hörmət etməyən, necə deyərlər yerində olmayan kişilərə yaylıqlı və yaxud da filankəsin yaylığı başına, deyirlər. Bu günlərdə Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd edən dırnaqarası kişilər həmin o yaylıqlılardandır. Sən Azərbaycanda yaşa, bu ölkənin çörəyini ye, havasını ud, sonra da get başqasına satıl və öz vətəndaşını öldürməyə çalış.
Nəinki Fazil Mustafanın həyatına qıymaq istəyənlər, eləcə də bu günlər saxlanılan İrana casusluq edənlərin hər biri yaylıqlı kişilərdir. Çox güman ki, onların hər biri bu cinayətlərə addımlarını qoyandan başlarına yaylıq örtüblər ki, tanınmasınlar. Yaylıq altında, arxasında gizlənən, Vətənini satan, vətəndaşına sui-qəsddə iştirak edən, yəni buna razılıq verən “kişilərdən” nə gözləmək olar?
Görəsən bu “kişilərdə” utanmaq adında bir hiss varmı? Düşünürəm ki, əsla yoxdur. Yoxsa ətrafdakı düşmənlərin əhatəsindəki qalib ölkənin qürurla yaşayan insanları arasında çoxdan özlərini asıb öldürmüş olmalı idilər. Bizim övladlarımız getsin müharibədə qəhrəmanlıq göstərsin, şəhid olsun, evinə qazi kimi qayıtsın, biz torpaqlarımızı 30 ildən sonra azad edək, namusumuzu təmizləyək, bu “kişilər” də getsin düşmənə silah satan molla rejiminə xidmət etsinlər, hələ üstəlik bizim vətəndaşımızı da kimlərinsə istəyi ilə susdurmağa çalışsınlar.
Həqiqətən ölmək çox halda o qədər gözəldir ki... Lakin nəsib ola da. Olmur axı. Belə yaylıqlı kişilər ki, o satqınlığa, Vətənə, millətə xəyanətə başlayırlar, elə o andaca ölüm gəlib onları yaxalasa, özü ilə aparsa, daha gözəl olmazdımı? İnanın ki, bunu onların vicdanı olan ailə üzvləri, qohum-əqrəbaları da arzulayar. Çünki onların bu biabırçı hərəkətləri ilə illərlə yaşamalı olacaqlar. Kimin övladıdır, Vətən xaininin, kimin qohumudur, satqının, kimin əqrəbasıdır, İrana casusluq edən filankəsin. Bu suallar və cavablar qarşısında isə ölüb-dirilmək məsələsi var.
Çox təəssüflər olsun, bu Vətənin çörəyi, havası, suyu belələrinə haram olsun. Görəsən hansı qarşılıq əsasında bu qədər rəzalətə əl atıb bu “kişilər”? Nə qarşılıq ola bilər ki, sən Vətəndən, xalqdan, millətdən keçib, məxsus olduğun ölkənin sirrini kənara ötürəsən? Nə qarşılıq ola bilər ki, əlinə silah alıb, başına da yaylıq bağlayıb qapılarda saatlarla gözləyib öz vətəndaşına atəş açasan? Nə qarşılıq ola bilər ki, sənin içindən vicdanı, ar-namusu çıxarıb yerinə rəzalət doldura bilər? Nə?..
İndi o qarşılıqlar, xidmətində durduqlarınız sizi xilas edə biləcəkmi, “kişilər”? Gördüyünüz rəzil işin qarşılığında aldıqlarınız sizə təmiz adınızı, namusunuzu, Vətənə sədaqət kimi ülvi duyğunu geri qaytara biləcəkmi? Əsla qaytarmayacaq, qaytara da bilməz. Çünki bu duyğular o qədər pak duyğulardır ki, onlar çirklənmiş adamlara qayıda bilməz.
Beləliklə yaylıqlı kişilər özləri üçün bu yolu seçdilər: casusluğu, xəyanəti, rəzilliyi. Bu rəzilliklə də yaşamalı olacaqlar. Günlərin birində isə əməllərinə görə peşman olacaqlarına şübhə etmirəm. Sözsüz bir gün qanacaqlar ki, səhv etmişik. Lakin onda gec olacaq. Çünki casus, xəyanətkar adını heç nə təmizləyə bilməz. Beləliklə ömür boyu yaylıq altında, arxasında gizlənməli olacaqlar bu “kişilər”. Nə etməli, onların nəsibi papaq yox, yaylıq imiş...
Mətanət Məmmədova
Tarix: 4-04-2023, 16:03
Xəbəri paylaş





Xəbər lenti