Poliklinikanın baş həkimi Əliağa Vahidin atılan büstündən danışdı: "Əllə götürüləsi deyil, çox ağırdır" - VİDEO


Azərbaycanın tanınmış şairi, qəzəl janrının görkəmli nümayəndəsi Əliağa Vahidin büstü Əliağa Vahid küçəsindəki Masazır Poliklinikasının arxasındakı zibilliyə atılıb. Eyni zamanda həmin büstün 200 manata satışa çıxarıldığı da iddia edilir. Bu barədə sosial şəbəkələrdə yayılan videogörüntü ciddi narazılıqla qarşılanıb.
 
Poliklinikanın baş həkimi Sevil Qarayeva Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
 
“2017-ci ilin sonundan bu poliklinikada işləyirəm. Mən burda işləyəndən Əliağa Vahidin büstü poliklinikanın arxasına atılıb. Əvəzində əvvəlki yerinə yeni heykəl qoyulub. Köhnəni isə yer tapmayıblar, binanın arxasına atıblar. Ya bələdiyyə, ya icra nümayəndəsi atıb, kim atıbsa, bilmirik. Bəlkə, o vaxtkı bələdiyyə sədri atıb? Mən bura işə gələndən büstün oradan götürülməsi ilə bağlı hamısına demişəm. Köhnə bələdiyyə sədri çıxıb, indi yeni sədrdir. Ona binanın arxasından büstün götürülməsi ilə bağlı yazılı müraciət də etmişəm. Amma heç bir tədbir görülməyib. Bu, mənim imkanım xaricindədir. Çünki çox ağırdır. Müraciətimdə də yazmışdım ki, bu, böyük qəzəlxan şairimizə hörmətsizlikdir. Neçə dəfə şifahi müraciət edəndən sonra axırda yazılı etdim. Sözügedən büstü heç kim satışa çıxarmayıb. O büst niyə satılsın? Bu sözü kim deyir? Yalan məlumatdır”.
 
S.Qarayevanın sözlərinə görə, onun müraciətindən sonra bələdiyyədən məsələ ilə bağlı əraziyə gələnlər olub: “Gəlib büstün yanında durublar. Görünməsin deyə üstünü şifer qırıqları ilə örtmüşdülər. Fikirləşdilər ki, poliklinikanın arxasına maşın girmir. Amma bilmirəm ki, yenisi ilə əvəz ediləndə köhnə büstü poliklinikanın arxasına necə atıblar. Görməmişəm, deyə bilmərəm. Çox plan cızdılar ki, necə götürsünlər. Əllə götürüləsi deyil, çox ağırdır. Məsələ belə də qaldı”.
 
Baş həkim büstlə bağlı sosial şəbəkədə yayılan görüntülərin kimin tərəfindən çəkildiyini bilmədiyini deyib: “Bura açıq sahədir, kim istəsə həyətə keçə bilər. Poliklinikanın hasarı da alçaqdır, ayağını aşırıb, həyətə keçə bilirsən. Ona görə də videonu kimin çəkdiyini bilmirəm”.
Tarix: 5-04-2023, 18:33
Xəbəri paylaş





Xəbər lenti