Əmlakı qaytarılan məmurlar: “Fikirləşir ki, həbsdən çıxanda 10 milyonun qalanını rahat yeyərəm”


“Hüquq pozuntuları və korrupsiyaya ilə dövləti külli miqdarda zərər verən şəxsin haqsız əldə etdiyi gəlirlərin məhkəmədə geri qaytarılması bir çox suallar doğrurur. Belə olan halda ağıla bircə sual gəlir: məhkəmə ədalətlidirmi? Əgər ədalətlidirsə, onda niyə korrupsiya ilə qazanılan əmlak şəxsin özünə qaytarılır?”
Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Ələsgər Əhmədoğlu deyib.
O, sabiq MTN generalı Akif Çovdarovun müsadirə edilən əmlakının geri qaytarılmasına Baş Prokurorluğun verdiyi protestə münasibət bildirib.
Xatırladaq ki, son illərdə həbs olunan bir sıra rəsmilərin korrupsiya ilə qazandığı əmlak ayrıca məhkəmə predmeti olur. Bəzi eks-məmurlar haqsız gəlirlə əldə etdiklərini geri qaytarda bilirlər. Buna son nümunə keçmiş KİVDF-nin sədri Vüqar Səfərlinin müsadirə olunmuş sərvətinə yenidən sahib durmasıdır.Öz növbəsində, Ə. Əhmədoğlu hesab edir ki, bu mövzunun çox ciddi ictimai müzakirə doğurması düzgündür: 
“Üstəlik, cəmiyyətin məhkəmə sisteminə və məhkəmənin ədalətli aparılması prosesinə şübhə, eyni zamanda ümidsizlik yaradır. Əgər bir şəxs uzun müddət dövlət vəzifəsini icra edib, kifayət qədər korrupsiyaya bulaşıbsa, bu, məhkəmə qərarı ilə sübut olubsa və məhkəmə 7-8 il həbs cəzası veribsə, bundan savayı, hüquq da onun əmlakının müsadirəsini tələb edirsə, belə olan halda bu şəxsin əmlaklarının sonradan ona qaytarılması nəyə dəlalət edir? Onda bu, hansı hüquqdur? Bu, ciddi şəkildə sual yaradır”.
Hüquqşünasın sözlərinə görə, belə olan halda korrupsiya ilə qarşı mübarizə qeyri-mümkünsüz olur:
“Yəni hər kəs düşünəcək ki, 10 milyonu atım kənara, onsuz da məhkəmə qərar verəcək və 10 milyonun 1-2 milyonunu həbsxanada sağa-sola paylayaram, yaşayaram, həbsdən çıxanda da qalan 8 milyonu rahat yeyərəm. Bu, əslində, korrupsiyanı legitimləşdirməkdir.
İctimaiyyətə açıqlanmalıdır ki, məhkəmə harada xəta edib? Şəxsin əmlakını alarkən xəta edib? Haqsız yerə ittiham edib? Bu iddialar uydurmadırmı? Yoxsa şəxs doğrudan da günahkardır və ona görə də həbs yatır? Günahkar olduğu üçün də əmlakı əlindən alınıb? Onda bu versiyalardan hansı doğrudur?
Məncə, bu ziddiyətli məqamlar cəmiyyətdə izah olunmalıdır.
Akif Çovdarovun etdikləri ortada idi, çox ciddi ittihamlar vardı. Bu ittihamların hamısı da məhkəmə qərarına çevrildi, yəni iddia fakt oldu. Bundan sonra Çovdarovun əmlakı geri qaytarılıbsa, deməli, digərlərinin də əmlakları qaytarıla bilər.
Mən məhkəmənin qərar qəbul edərkən nəyə istinad etdiyini təxmin edə bilərəm, amma dəqiqini bilmirəm. Təxmin edə biləcəklərim də heç də yaxşı şey deyil.
Bu gün Ali Məhkəməyə yeni sədr təqdim olundu. İnam Kərimovun “Asan Xidmət”i formalaşdırmaq baxımından cəmiyyətdə pozitiv bir imici var. Xüsusən, dövlətin idarəetmə sferasında korrupsiya olan vaxtda rüşvətsiz sistemin qurulması çox ciddi addım idi. 10 il ərzində “Asan Xidmət” kifayət qədər effektli vəziyyətə gəlmişdi.
Bəlkə onun Ali Məhkəməyə sədr gəlməsi və təşəbbüs ortaya qoymaq imkanı olacaqsa, budan sonra məhkəmə sistemində də nələrinsə dəyişəcəyinə düşünmək olar”.
Tarix: 5-04-2023, 22:46
Xəbəri paylaş





Xəbər lenti