Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyənlərin səs yazısı: "Sizin fətvanızı gözləyirik..." – Video

Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyənlərin səs yazısı:
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib. İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
SİAM.AZ xəbər verir ki, yayılan birgə məlumatda yuxarıdakı əməlləri törətməkdə təqsirləndirilən şəxslərin səs yazıları da təqdim edilib.
Sözügedən səs yazılarından birində R.Axundzadə A.Cümşüdovla danışığı zamanı “qisasçılar” adında qrup açdığını deyib:
“Azərbaycanda İslam dövlətinin qurulmasında onların necə lazımdır fəaliyyəti olacaq. Quruculuq ərəfəsində “boyaviklər” yetişdirirəm. Tapşırıqlar verirəm ki, nə etməlidirlər. Bədənlərini möhkəmləndirməlidirlər, şüurlarını, imanlarını artırmalıdırlar. Mənə lazımdır ki, hər bir bölgədən, hər yerdən uşaqlar olsun. “Lyuboy” göstərişə, tapşırığa bilirəm ki, ayağa qalxacaqlar”.
A.Cümşüdov isə ona cavabında bunları deyib:
“Biz sizin əmrinizi gözləyirik. Biz sizin barmaq işarənizi gözləyirik, biz sizin fətvanızı gözləyirik rəhbərin icazəsi ilə. Sən nə desən, mənim başım-gözüm üstə”.
Bildirilib ki, bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
“Rufulla dayı, inşallah, elə bir vəziyyət yaratmaq lazımdır ki, maliyyə məsələsi həllini tapmalıdır. Bütün möminlərin evi-eşiyi, işi-gücü, maşını, silahına qədər hər bir məsələ öz həllini tapmalıdır”, - A.İsayev səs yazısında deyib.
Qeyd edilib ki, saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.
“Gözü açıq, bəsirətli möminlər dayanmamalıdırlar. Sosial şəbəkələrdə fəaliyyətləri dayandırmaq olmaz. İnsanları ayıldaq. Nə qədər çox insanı bu xəstəliklərdən, pantürkizmdən, millətpərəstlikdən, “türk türkün qardaşıdır” - zir-zibildən, İrana qarşı bu şeylərdən ayıltsaq, o qədər yaxşıdır”, - B.Bayramov A.Cümşüdova bildirib.
Tarix: 6-04-2023, 14:53
Xəbəri paylaş





Xəbər lenti