Vətən müharibəsi şəhidi Təbriz Cəfərovun 2-ci ildönümü məzarı önündə qeyd olunub

Vətən müharibəsi şəhidi Təbriz Cəfərovun 2-ci ildönümü məzarı  önündə qeyd olunub
Aprelin 6-da Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Tərtər rayonun Çardaqlı kənd sakini Cəfərov Təbriz İlqar oğlunun ikinci ildönümü Bərdə şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Siam.az bilirir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvi Nəcəfov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin ailə üzvləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər. Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılmış və məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndirmişlər.
Qeyd edək ki, Cəfərov Təbriz 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda dünyaya göz açmışdır. Əslən Tərtər rayonun Çardaqlı kəndindəndir.
Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Təbriz Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" , “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Vətən müharibəsi şəhidi Təbriz Cəfərovun 2-ci ildönümü məzarı  önündə qeyd olunub
 
Tarix: 6-04-2023, 17:43
Xəbəri paylaş





Xəbər lenti