Bağça müəllimləri sertifikatlaşdırmadan keçəcək - Nəticə nə olacaq?


Kamran Əsədov: “Sertifikasiyanın attestasiyadan fərqi ondan ibarətdir ki...”

Bağça müəllimləri sertifikatlaşdırmadan keçəcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu, təhsilverənlərin vəzifələri sırasına daxil edilib. Beləliklə, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq.
Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçəcəklər. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Bununla belə, dövlət məktəbəqədər təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər.
Eyni zamanda, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçməyəcəklər.
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
Bununla əlaqədar “Məktəbəqədər təhsil haqqında” qanuna da müvafiq dəyişikliklər edilir.
“Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir. Təklif olunan dəyişikliyə əsasən, sertifikatlaşdırmadan keçən işçilər istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçiriləcək.

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında öncə statistikaya diqqət çəkdi. Bildirdi ki, 2022-ci ildə məktəbəqədər təhsil müəssisələrində 16 min 939 pedaqoji işçi çalışıb, onlardan 34,1 %-i ali, 0,2 %-i natamam ali təhsillidir: “Bağça müdirlərinin ali təhsil səviyyəsində isə ötən illərlə müqayisədə artım müşahidə olunur. Bu il 1800 məktəbəqədər təhsil müəssisəsi rəhbərindən 71,9%-nin ali təhsilli olduğu aşkarlanıb. Ali təhsillilərin 95,7 %-i isə məhz pedaqoji ali təhsilə sahibdir. Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin isə ali təhsillilik səviyyəsi isə 31,3 % -dirsə,  bu il həmin müəssisələrdə 13 min 57 tərbiyəçi çalışır.
Sertifikasiya olduqca lazımlı və yerində bir prosedurdur. Müəllimlərin sertifikasiyasının attestasiyadan fərqi ondan ibarətdir ki, attestasiya işçinin yalnız müvafiq intizam tələblərinə cavab verib-verməməsini müəyyən edirsə, sertifikasiya pedaqoji işçinin, müəllimin öz ixtisasını hansı səviyyədə bilməsini müəyyənləşdirir. Digər tərəfdən, diaqnostik qiymətləndirmədən fərqli olaraq, bu, ixtisasla praktiki fəaliyyətdə hansı nailiyyətlərin əldə edilməsini də müəyyən edə biləcək. Nailiyyət dedikdə isə şagirdlərin təlim nəticələri, olimpiada qaliblərinin olması, müəllimin müntəzəm kurslarda ixtisasının artırılması, şagird-valideyn məmnunluğu və s. nəzərdə tutulur.
Xatırladım ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra keçid dövrü problemini yaşadı. Bu, təhsil sahəsinə də təsirsiz qalmadı. İqtisadi böhran  və işsizlik həmin dövrdə çoxlarını yeganə çıxış yolu kimi təhsilə gətirdi. Beləliklə, əsl peşəkarlarla yanaşı, çoxsaylı təsadüfi insanlar da təhsilə üz tutdu. 2014-2019-cu illərdə mərhələ-mərhələ bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçirildi. Məqsəd Azərbaycanın pedaqoji heyətində əsl bilikli, peşəkar müəllimlərlə digərlərini saf-çürük etmək idi. Diaqnostik qiymətləndirmə birmənalı qarşılanmadı. Az bal toplayanlar bu prosedurun mükəmməl olmamasından şikayətləndilər.
Praktika göstərdi ki, heç də bütün yüksək bal toplayanlar real fəaliyyətdə, istehsalat prosesində peşəkar olmur, bəzi hallarda sinfi-şagirdləri idarə etmək səriştəsindən uzaqda qalırlar. Bir sözlə, diaqnostik qiymətləndirmə pedaqoji heyətin nəzəri, bəzi hallarda əzbərçi biliklərini müəyyən edə bilsə də, praktiki səriştəsini, müəllimin dünyagörüşü, etik davranış səviyyəsini, mənəvi dəyərlərə, azərbaycançılıq ideologiyasına sədaqətini yoxlaya bilmədi. Bu baxımdan attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun prosedurlar lazım olduğu üçün reallaşa bilmədi. Bu baxımdan “Təhsil haqqında” Qanuna müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Bunu Milli Məclis  dəstəklədi və Prezident tərəfindən imzalanaraq qüvvəyə mindi".
Ekspert qeyd etdi ki, sertifikasiya və attestasiya diaqnostik qiymətləndirmə formatında deyil: “Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır, çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Attestasiya isə daha geniş formatdadır. Attestasiya zamanı müəllim təkcə test imtahanından keçmir, o həm də müsahibə mərhələsindən keçə bilər. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb oluna bilər. Attestasiya və sertifikatlaşdırma bir-birindən fərqlənir. Attestasiya zamanı müəllim attestasiyadan keçir, nəticədə o ya işini saxlayır, ya da itirir. Sertifikasiya prosesində müəllim müəyyən imtahandan keçərək sertifikatını alır və fəaliyyət göstərir.
Əmək Məcəlləsində göstərilmiş qaydada attestasiya sovet dövründə və 1995-ci illərdə Azərbaycanda həyata keçirilib. Sözün düzü, heç vaxt effektiv nəticə verməyib, yəni Əmək Məcəlləsində əks olunmuş qaydada aparılan attestasiyanın ciddi əhəmiyyəti olmayıb. Bu attestasiya yalnız müəllimin fəaliyyəti ilə bağlı ümumi məlumatlar və məktəb rəhbərliyinin ona münasibəti əsasında verilirdi. Orada qiymət əsasən üç istiqamət üzrə - tutduğu vəzifəyə layiqdir, vəzifəyə şərti layiqdir və vəzifəyə layiq deyil istiqamətləri üzrə müəyyənləşirdi.
Digər bir məsələ Təhsil haqqında 2009-cu ildə qəbul olunmuş qanuna attestasiya, akkreditasiya, nostrifikasiya, lisenziya kimi anlayışlar daxil edildiyi halda, sertifikasiya nəzərdə tutulmamış, yalnız 2015-ci ildə bu məsələ yada düşərək qanuna müvafiq əlavə edilib. Həmin qanuna əsasən, attestasiya-hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru kimi dəyərləndirilib, təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedoqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusundan ibarət olduğu qeyd edilib".
Tarix: 29-04-2023, 08:49
Xəbəri paylaş





Xəbər lenti