Göyçayda vətəndaşlar KİMƏ ETİRAZ EDİR? - NARAZILIQ


Göyçay rayon sakinləri tərəfindən cənab Prezidentə və bir surəti də Mədəniyyət Naziri Adil Kərimliyə müraciət ünvanlayıb. Bir nüsxəsi də SİAM.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Yazaraq bildirmək istəyirik ki, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən haqsızlığa məruz qalan, problemləri həll edilməyən biz vətəndaşların etdiyi haqlı müraciətlər Mədəniyyət Nazirliyi Göyçay Bayraq Muzeyinin direktoru, "jurnalist" Fatimə Mövsüm tərəfindən yalanlanmağa çalışılır. Həmin qadının sosial şəbəkə hesablarında haqqımızda şər və böhtan paylaşımlar edilir. Hətta o, şəxsi həyatlarımıza belə müdaxilə etməkdən çəkinmir. Belə ki:
1) Mən Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağasəf qızı Göyçay Rayon İcra Hakimiyyəti haqq və hüquqlarımı pozmaqda idi. Məhz ona görə də videomüraciət edərək ölkə başçısından və aidiyyəti orqanlardan kömək istədim. Bundan sonra özünü "jurnalist" adlandıran Fatimə Mövsüm adlı şəxs dərhal Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin müdafiəsinə keçdi. Mənim haqqımda həqiqətə uyğun olmayan video hazırlayaraq haqq və hüquqlarımı ayaqlar altına aldı.
2) Bildirmək istəyirəm ki, mən Rəhimli Elnur Nazim oğlu şəhid qardaşıyam. Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev mənə şəhərin Heydər Əliyev prospektində köşk istifadə etməyim üçün yer vermişdi. Lakin bir müddət sonra Natiq Ağayev Göyçaya İcra başçısı təyin olundu. O, məndən köşkün yığışdırılmasını tələb etdi. Mən də özümü videoya çəkərək şikayətimi ictimailəşdirdim. Bunun ardınca Fatimə Mövsüm adlı "mədəniyyət işçisi" və ya "jurnalis" mənim yalançı olduğum haqda video material hazırladı. Özünü İcra başçısı Natiq Ağayevin vəkili qismində ortaya atan F. Mövsümə məxsus "Facebook" hesabındakı paylaşımların altından mənim barəmdə təhqir və nüfuzu ləkələyən şərhlər yazılmağa başladı.
3) Mən Göyçay rayon sakini Məmmədov Cavid İkram oğlu 10 ildir onkoloji, övladım isə anadangəlmə serebral iflic xəstəsidir. Corab sata-sata pul yığıb Göyçay Çayının ətrafından 4000 (dörd min) manata torpaq almışdım. Tikintiyə başlayar-başlamaz Göyçay Rayon İcra Hakimiyyəti sözün həqiqi mənasında xirtdəyimi çökdü. Haqq səsimi yuxarı instansiyalara yetişməsi üçün yazılı və videomüraciətlər etdim. Göyçay Baraq Muzeyinin direktoru Fatimə Mövsüm özünə məxsus sosial şəbəkə hesablarında məni yalançı, dırnağarası yazarların əlaltısı adlandırdı. Haqqımda yalan və iftira dolu paylaşımlar etdi.
4) Mən Məmmədova Südabə Nəzimi qızı yuxarıda adı keçən Məmmədov Cavid İkram oğlunun həyat yoldaşıyam. Həyat yoldaşımın paylaşdığı yazıların linklərini özümün açdığım Facebook sosial şəbəkə hesabımda paylaşmışdım. Mədəniyyət Nazirliyinin nəzdində olan Göyçay Bayraq Muzeyinin direktoru Fatimə Mövsüm adlı qadın öz vəzifəsini kənara qoyub, Natiq Ağayevin müdafiəsinə keçərək mənim və həyat yoldaşım haqqında insanı gözdən salan, şərəf və ləyaqəti alçaldan, həqiqətə uyğun olmayan video səsləndirdi. Guya bizlər dırnaqarası yazarların əlaltılarıyıq. Onun sosial şəbəkələ hesablarının altında saxta profillərlə şəxsi həyatımızdan bəhs edən nalayiq şərhlər yazıldı.
Mən Göyçay rayon sakini Səmədov Məhəmmədəli Azər oğlu 1-ci qrup hərbi əlil və eyni zamanda ictimai fəalam. Yuxarıda müraciət edən şəxslər məndən öz şikayətlərini ictimailəşdirməyimi xahiş etmişdilər və mən də öz növbəmdə heç bir təmənnasız onlara kömək etdim. Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev haqqında ölkə rəhbərliyinə və aidiyyəti orqanlara ünvanlanan müraciətlərdən sonra icra başçısının göstərişi ilə Göyçay Bayraq Muzeyinin direktoru Fatimə Mövsüm adlı "jurnalis" mənim şərəf və ləyaqətimi alçaldan, şər və böhtan xarakterli video paylaşdı. Videoya əsasən, məni dırnaqarası yazar adlandırdı. Eyni zamanda səsləndirdiyi videoda mənim "Məhəmmədəli Səmədov" Facebook sosial şəbəkə hesabımı göstərərək məni "reket yazar" adlandırmağa başladı. Bundan əlavə, guya şikayətçi vətəndaşları mən tovladaraq başdan çıxarır və Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev haqqında qərəzli paylaşımlar edirəm. Bu, açıq-aşkar yalan və mənim susdurulmağım üçün Göyçay Rayon İcra Hakimiyyətinin qurduğu "möhtəşəm" bir oyundur.
Cənab Prezident! "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddələrinə əsasən, 8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.
8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Hər çətinliyin çıxış yolunu Allahın iznilə Sizə müraciət etməkdə görən Göyçay sakinləri olaraq çox xahiş edirik, Göyçay Bayraq Muzeyinin direktoru Fatimə Mövsümün öz səlahiyyətlərinə aid olmayan məsələlərə qanunsuz müdaxilə etdiyinə görə onun vəzifədən xaric edilməsi və cəzalandırılması üçün Mədəniyyət Nazirliyinə tapşırıq verəsiniz. Ümid edirik ki, Fatimə Mövsümün paylaşımları ilə bizi gözdən salan və ləkələyən Göyçay Rayon İcra Hakimiyyəti haqqında da ciddi tədbirlər həyata keçirəcəksiniz. Sizə təşəkkürlərimizi bildiririk."

İddia olunanlarla bağlı SİAM.AZ olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Tarix: 10-05-2023, 09:43
Xəbəri paylaş





Xəbər lenti