“Yaradıcı heyət qaş düzəltdiyi yerdə vurub göz çıxarıb” — “Gündəlik” gündəmdən düşmür


“Ölkədə hər bir peşənin nüfuzunun qeydinə qalmaq lazımdır. Amma bunu hansısa peşəni aşağılamaq hesabına etmək doğru deyil. Əgər hansısa jurnalist Elm və Təhsil Nazirliyinin fəaliyyətini tənqid edirsə, bu, müəllimləri aşağılamaq anlamına gəlmir”. 

Bunu Demokrat.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. O, “İctimai TV”də yayımlanan “Gündəlik” serialındakı müəllim-jurnalist səhnəsinə münasibət bildirib: 

“Azərbaycan seriallarını izləmədiyim üçün “Gündəlik”dəki məlum səhnədən sosial şəbəkələr vasitəsilə xəbər tutdum. Hesab edirəm ki, serialın yaradıcı heyəti qaş düzəltdiyi yerdə vurub göz çıxarıb. 

Cəmiyyət olaraq hamılıqla müəllimlərin nüfuzunun artmasına çalışmalıyıq. Amma jurnalistləri nüfuzdan salmaqla buna nail olmaq mümkün deyil. Əlbəttə, bu serialın ərsəyə gəlməsində nazirliyin heç bir rolu yoxdur. Əminəm ki, onlar gələcəkdə də bunu etməyəcəklər.  Bu ölkədə güclü mətbuat həm həkimə, həm müəllimə, həm də məmura lazımdır. Hamıya lazımdır. Buna görə də heç kim mətbuatı nüfuzdan salmağa cəhd etməməlidir.

Mətbuat Şurasının sədri Rəşad Məcid də məsələyə münasibət bildirib. Mən Rəşad müəllimin mövqeyini bəyənir və təqdir edirəm. Onun da dediyi kimi, serialdakı məlum səhnə jurnalistlərə qarşı hörmətsizlik nümunəsidir. Bu cür davranış heç kimə başucalığı gətirmir”.
Tarix: 15-03-2024, 22:11
Xəbəri paylaş





Xəbər lenti