Direktorlara istefa ərizəsi yazdırmayan nazirlik jurnalistə imla yaz deyir... - ETİRAZ

Direktorlara istefa ərizəsi yazdırmayan nazirlik jurnalistə imla yaz deyir...
Deyir “ağası gülüm olanın, başına külüm olar”. Bunu boş yerə demir. Məsələn; bir işin başında işini bilməyən, özünü düşünən adam olanda bu deyim deyilir.
Ötən gün qarşıma bir serialda "jurnalistika" peşəsini təhqir edən bir kadr çıxdı. Çəkiblər. Təbii ki, qanunlardan xəbəri olmayan və savadsız biri tərəfindən anlamsız söz yığınıyla kirlənmiş "ssenari" hazırlanıb. Məncə, bunu jurnalistlərdən "hayıf" çıxmaq üçün planlayıblar. Söhbət nədən gedir? Başlayaq...

Bir müddət əvvəl Xəzər rayonunda məktəblərin birinin şagirdi məktəb direktorlarından birinin qardaşı qızı, həmyaşıdı sayılan digər qızın başında yumurta sındırıb, saçını kəsib, üstəlik də alnına təhqiramiz ifadə yazdı. O ifadəni yazandan fərqli olaraq mən burada qeyd etməyəcəm, təbii ki. Sosial şəbəkələrdəki ictimai rəy də, bu hadisə ilə bağlı material hazırlayan jurnalistlər də bunun günahını çürüməyi açıq yara kimi görünən təhsil sistemində və o sistemin fəaliyyətsiz qalmağı seçən strukturlarında olduğunu qeyd etdik. Dedik ki, uşaqlara məktəbdə dərs keçilsə və təlim-tərbiyə verilsə bu kimi hallar olmaz. Çəkdik, yazdıq. Nəticədə nə oldu? Hadisənin qəhrəmanı çıxdı dedi ki, “vecimə də deyilsiniz”.

Araşdırma göstəricilərinə, ekspert rəylərinə əsaslanaraq qadın müəllimlərin say çoxluğunun oğlan uşaqlarının psixologiyasına təsir etdiyini bildirdik. Dedik ki, qadın müəllimlərin sayəsində oğullarımızı az qala “qız” kimi davranır. Bu da sistemin bəzi "sarı" siminə toxunmuş ki, "kim"insə və ya "kimlər"insə xoşuna gəlmədi.

Elina hadisəsini də xatırladıq, xatırlatdıq... Kimə deyirsən? Bu qulaqdan alıb, o biri qulaqdan ötürürlər...

Mənim şəxsən və təəssüf ki, qonşum olan keçmiş məktəb direktorunu yad etdim...

Seyid Cəfər Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının keçmiş qadın direktorundan da danışmışdım. Məktəblərə gətirilən, şagirdlərin cibinə "girən" VMA-lardan da bəhs etməsək olmazdı...

Uzun sözün qısası, "düz söz, acı olur". Direktorlara istefa ərizəsi yazdıra bilməyən nazirlik bizə imla yazdırmaq niyyətinə düşüb. Demək istəyib ki, siz bizi tənqid edirsiniz, görək imla yaza bilirsinizmi?

Əminəm ki, bu ssenarini də şəxsi həyatında uğursuzluqla qarşılaşmış, hansısa depressif bir yazar işçisi hazırlayıb. Əks halda jurnalistlərə "söz" demək üçün, sözün əsl mənasında baş işlətməlisən...

Qanunlara, jurnalistlərin hüquqlarına baxmalısan. Məsələn; KİV haqqında qanunun 8-ci maddəsində deyilir: "Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Elm və Təhsil nazirliyinin balansında olan məktəblərlə bağlı qanunvericlikdə hərhansı məhdudiyyət yoxdur".

Yəni jurnalist kimi istənilən məktəbə daxil olub, reporatj hazırlaya bilərik. Bilərik deyirəm, sadəcə. Bəs edə bilirikmi? Xeyr. Çünkü məktəbin divarlarına 10 addım yaxınlaşan kimi qanundan bixəbər, təhsil ocağının hansısa "savadsız" nümayəndəsi çıxır qarşına. Siqnalizasiya tonunda tələb edir ki, "nazirlikdən icazən olmalıdır".

İndi sual: Hansı nazirlikdən? Jurnalistin peşə öhdəliyini yerinə yetirməsinə qeyri-qanuni və qeyri-rəsmi "məhdudiyyət" qoyan nazirlik? O nazirlik ki, təhsil ocağında təhsil mühiti yaratmaq əvəzinə ocaqda külü qalan təhsilin tozunu xalça altına süpürür... Xalçanın da üzərinə çıxıb, "gəlmə, görmə, eşitmə, bilmə, yazma" deyirsə... Hələ öz vəzifə öhdəliyini yerinə yetirmək əvəzinə, jurnalistin peşə öhdəliyini yetirməyinə mane olur. Bu davranışı çox fəxrli iş kimi göstərmək üçün də sözləri topalanmış, ucuz "ədəbiyyat" aurasındakı monoloqu görüntü halına gətirib. Baruta alovla yaxınlaşmaq, bu olsa gərək...

Təəssüf ki, nazirliyin fəaliyyətində hiss edilən başqa bir nüans var. Bir-iki press relizini tirajlayan, bayramlarda "ekskluziv" hədiyyə alan və üzünə bütün "qapılar" açılan bir miqdar "müxbir" kütləsi də diqqətdən kənarda qala bilməz. Bəlkə də, elə bu ssenarini həmin kütlənin "üzv"ünə verib, "yazdırıblar"...

Vizual çirkabın sahibi də, sifarişçisi də, maliyyəçisi də dursun kənarda. Onsuz da həmişə kiminsə yanında durmaqla irəli gedəcəklər. Mənim çağırışım, sualla qarışıq elə təhsilin əsas təmsilçisinədir: Cənab nazir,

Məktəblərdə 10-11 siniflərdə uşaqların nə ilə məşğul olduğundan xəbəriniz varmı?

Müəllimlərin repetitorluq etmək üçün məktəbdə dərs keçməyib ancaq xəbəriniz varmı?

Təhsilin “t” hərfinin belə silindiyindən xəbəriniz varmı?

Varsa, göstəriş və tapşırıqlarınızı məsul idarələrinizə bildirərsiniz. Video çəkmək uşağın vəzifəsi deyil, tənqid etmək müəllimin vəzifəsi deyil, hansısa şəxsə məhdudiyyət qoymaq da nazirliyin işi deyil. Nazirlik öz problemlərini aradan qaldırsın ki, bizə imla yazısı istəmək əvəzinə, gördüyünüz real və eyni zamanda müsbət işlərin nəticəsindən yazmağımız gözlənilsin. Bizim sizdən ilk gözləntimiz budur...

İlahin, Bizimyol.info
Tarix: 16-03-2024, 11:51
Xəbəri paylaş





Xəbər lenti