İftar menyusunda qiymət "yarışı" oruc tutanın səbrini "sınayır" - Müqəddəs ayda "insafsızlıq" rekordu...

İftar menyusunda qiymət "yarışı" oruc tutanın səbrini "sınayır"
Ramazan ayının daxil olması ilə kafe və restoranlarda iftar menyusunun qiymətlərinə də maraq artıb. Belə ki, bəzi yerlərdə iftar menyusu münasib qiymətə olsa da, bir çox yerlərdə bu qiymətlər əndazəni keçir. Görünür, işbazlar müqəddəs ayda belə öz fırıldaqlarından qalmaq istəmirlər.
Ramazan ayında tutulan orucun məqsədi, ac insanların halından anlamaq, yoxsullara əl tutmaq, imkansızları sədəqələrlə və digər maddi-mənəvi dəstəklərlə sevindirərək, həm Allahın, həm də insanlığın hörmətini, rəğbət və sevgisini qazanmaqdır. Ancaq əgər bir nəfərlik iftar süfrəsinin qiyməti 60-70 manatdan başlayırsa, artıq burada niyyət sorğulanmağa başlanılır: bir nəfər üçün nəzərdə tutulan yetmiş manatlıq iftar süfrəsində hansı təamlar var ki və ya orada iftar edən şəxsin mədə tutumu nə böyüklükdədir ki, bir oturuşa iftar süfrəsinə 70 manat pul ödəsin?

Bizimyol.info Ramazan ayında restoranların bir-biri ilə "iftar yarışı"nı və bu "yarış"ın minimal və maksimal xərclərini öyrənməyə çalışıb.

Paytaxtın mərkəzindən kənar kiçik kafelərdə bir nəfərlik iftar süfrəsi 7-9 manat arasında dəyişir. Menyuya əsasən; bir stəkan su, xurma, dilimlənmiş bir neçə çörək, mərcimək şorbası və çoban salatı daxildir. Ancaq bir neçə nəfərlik iftar süfrəsinə ehtiyac varsa, qeyd olunan kafelərdə bunun üçün "atomik endirimlər" də mövcuddur: bir nəfərlik iftar süfrəsi 7 manatdırsa, iki nəfərlik süfrə 13 manat, bəzi hallarda isə 12 manata enir. Onu da qeyd edək ki, bu zaman iftar təamlarından ya salat, ya da xurma həmin menyudan "istefa" verir.

Mərkəzə doğru gəldikcə, qiymətlər öz "iriliyi"ni büruzə verir. Məsələn; Qış Parkı yaxınlığındakı bəzi restoranlarda bir nəfərlik iftar süfrəsi 17 manatdan başlayır. Bu süfrəyə də eynilə yuxarıda qeyd etdiyimiz təamlar daxildir. Bir fərq ondadır ki, iftardan sonra sadə çay verilir. Bildiyiniz şəkərsiz, mürəbbəsiz. Hətta qəndsiz sadə çay...

Bir az daha mərkəzə doğru yaxınlaşırıq və dənizə doğru azca meyllənirik, burada bir nəfərlik iftar süfrəsinin qiyməti artıq 30-35 manata çatır. Süfrənin üzərində o qədər də dəyişik təamlar gözə dəyməsə də, boşqabların çoxluğu kənardakıları aldadır. Burada da iftar yeməyindən sonra çay süfrəsi təşkil olunur. Ancaq siz "çay süfrəsi" adına aldanmayın. Təbii ki, söhbət "pletka və çay"dan gedir. Əgər yox, içində Türk "əsilli" paxlavası olan, şəkərburalı və mürəbbəli çay dəsgahı arzulayırsınızsa, əlavə 30 manatı (ən azı) gözdən çıxarmalısınız. Bu zaman artıq o menyu "iftar süfrəsi" adını itirmiş olur.

Beləliklə, şəhərin mərkəzi küçələrində tək nəfərlik iftar süfrələrinin qiyməti getdikcə üç rəqəmli ədədlərə yaxınlaşır. Burada tək nəfər üçün nəzərdə tutulmuş 70-75 manatlıq iftar süfrələrinə belə rast gəlmək olur. Ancaq sosial şəbəkələrdə hətta bu qiymətin 90-95 manatadək qalxdığını qeyd edən istifadəçilər də var.

Ölkədə minimal əməkhaqqının 350-500 manat arasında dəyişdiyini nəzərə alsaq və əhalinin yarıdan çoxunun bu əməkhaqqı, yaxud daha azı ilə dolandığını qeyd etsək, onların nəinki kafe-restoranlarda iftar süfrəsinə əyləşməyini, öz evindəki iftar süfrəsini belə ürəyinin istədiyi təamlarla doldura bilmədiyini yəqin ki, anlaya bilərik.

Bu acı statistikanı nəzərə alsaq, 90 manatlıq və tək nəfərlik o iftar süfrəsində əyləşənlərin günün sonunda 16 saatlıq orucdan nə anladıqları, hansı mənanı çıxardıqları və əslində niyyətlərinin nə olduğu biz "sıravi"lərə qaranlıq qalır...
Tarix: 22-03-2024, 09:54
Xəbəri paylaş





Xəbər lenti