Məktəblərin ən ağır dərdi – Şagirdlər belə məhv olur, valideynlər isə...-TƏHLİL

Məktəblərin ən ağır dərdi – Şagirdlər belə məhv olur, valideynlər isə...-TƏHLİL
Dərs gəldi, dərs gəldi...
 

Artıq yeni tədris ilinin ikinci həftəsi başladı. Yola saldığımız ötən həftə yeni tədris ilinin ilk günləri olmasına baxmayaraq, yenə də neqativ detalla daha çox yadda qaldı: İmişli məktəblərinin birində xanım müəllimin uşaqlara məcburi surətdə açıq havada dərs keçməsi... Məsələ haqqında mediada o qədər yazıldı, o qədər deyildi ki, artıq bizim əlavə nəsə qeyd etməmizə gərək qalmır. Bircə onu deyə bilərik ki, təəssüf  ki, yeni tədris ilinin startı da hər hansı problemin var oluşu, gündəmə çevrilməsi ilə yadda qaldı... 
 
Görünən odur ki, bu cür hallar hələ çox olacaq. Hətta bəzilərində “görəsən, bu həftə hansı neqativ olay gündəm olacaq?” sualı da yaranır. Nə deyək, hələki həftənin ilk gününün ilk iş saatlarını yaşayırıq. Amma buna baxmayaraq, artıq mediadan məktəblərimizin birində baş verən bullinq hadisəsi haqqında oxuyuruq:
“Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib.
 
Mübahisədən sonra şagirdlərdən birinin valideyni digər məktəbliyə xəsarət yetirib.
 
Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbin IX A sinif şagirdi sinif yoldaşının atası tərəfindən döyülüb”.
 
Yəni ki, dərs başlamamış, dərdləri də gəldi...
 
Yeri gəlmişkən onu da qeyd edək ki, son bir neçə ildə gündəmə çevrilən əsas təhsil olaylarının statistik göstəricilərə görə lideri,öndə gedəni məktəblərdəki bullinq hadisələridir. Əsasən, 11-16 yaşlı şagirdlər arasında (həm Azərbaycanda, həm də dünyada) baş verən bullinq hadisələri təəssüf ki, ümumi şagird kütləsinin 42%-ni əhatə edir. Yəni, şagirdlərin 42%-i fərqində oldu-olmadı bullinq hadisələrinin müxtəlif statuslu iştirakçılarına çevrilirlər. Onlardan bir qismi bullinqə məruz qalan, digər qismi bullinq edən, müəyyən qismi isə şahid statusunda hadisələrdə pay sahibi olurlar. 

Bullinq və bizdəki vəziyyət
 
Bullinq terminindən ilk dəfə 1985-ci ildə Böyük Britaniya məktəblərində tədqiqat aparılan zaman istifadə edilib.  
 
ABŞ  Təhsil  Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri  son məktəb  ili ərzində bullinqin qurbanı olub.  Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i billinqlə rastlaşırlar. Qərb mənbələrinin məlumatına görə, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir.
 
Rusiya məktəblərində bu sahədə tədqiqatlar 2000-ci illərin sonunda başlayıb. Aşkar olunub ki, bullinq kütləvi hadisədir. 2010-cu ildə tədqiqatçılar müəyyən ediblər ki, 11 yaşa qədər 22% oğlan və 21% qız həmyaşıdları tərəfindən təhqirlərə məruz qalıb. Moskvada 1200 şagird arasında keçirilmiş sorğudan məlum olub ki, onların 78 faizi oxuduqları məktəbdə bullinqin şahidi olublar. Yeniyetmələr arasında isə bu rəqəm müvafiq olaraq 13 və 12% təşkil edir.
 
Norveçdə isə oğlanların 11, qızların isə 2,5  faizi bullinqlər kimi öz həmyaşıdlarına qarşı aqressiv davranışda olduqlarını etiraf ediblər. Hazırda bullinq üzrə tədqiqatlar ABŞ, Fransa, Britaniya, Finlandiya,  Cənubi Koreya kimi ölkələrdə aparılır.
 
Bizdə isə vəziyyət bir neçə istiqamətdən dəyərləndirilməlidir: öncə onu qeyd edək ki, təəssüf ki, Azərbaycan orta ümumtəhsil məktəbləri ilə bağlı kəmiyyət və tədris keyfiyyətinin dəyərləndirilməsi aparılan zaman il ərzində rastlanan bullinq hadisələrinin sayı və səbəbləri göstərilmir. Səbəblər az-çox bir çoxlarına məlum detallar olsa da, kəmiyyət göstəricilərini təxmin etmək o qədər də asan deyil. Sözsüz ki, bu istiqamətdə rəsmi statistika elan edilməli, AR Elm və Təhsil Nazirliyi media nümayəndələrinin mövzu ilə bağlı sorğusuna cavab verməklə cəmiyyəti də statistika datalarla təmin etməlidir. Çünki növbəti tədris ilində istər bullinq, istərsə də digər olaylarla bağlı hər hansı problemin yaxşı, ya pisə doğru dəyişdiyini bilmək üçün biz yalnız kəmiyyət göstəriciləri arasında müqayisə aparıb doğru qənaətə gələ bilərik. 
 
Amma müsbət tendensiyalardan biri də, Azərbaycan məktəblərində yaşanan bullinq hadisələrinin  bir çox xarici ölkələrdə baş verən analoji olaylardan kəmiyyət etibari ilə geri qalmasıdır. Bunun müəyyən mental və təlim-tərbiyənin keyfiyyəti ilə əlaqəli bir başqa səbəbləri də var. Xüsusən də kənd məktəblərində əhali arasındakı daha sıx münasibət, kompakt yaşayış məkanı amili şagirdlər arasında  bullinqin qarşısının alınmasına əsas səbəbdir. 
Ötən illər yaşanan bullinq  hadisələrinə cəmiyyət tərəfindən kəskin reaksiyaların göstərilməsi, media vasitəsilə  işıqlandırılaraq ictimailəşdirilməsi təhsil cameəsində bu kimi olaylara daha həssas yanaşma sərgilədi. Lakin biz çox keçmədən həmin hadisələrin nəticələri, aparılan araşdırmalarla bağlı hər hansı hesabat xarakterli bilgilərin şahidi olmadıq. Təəssüf ki, bullinq hadisələrinin kəmiyyətini, səbəbi, psixoloji detalları, baş vermə meyarlarından bəhs edən, həmçinin, onların nəticələri, görülən profilaktik tədbirlərlə bağlı hesabat yoxdur. Bu hesabatın olması həm də media üçün çox gərəkli data-baza rolunu oynaya bilərdi. 
 
Məktəblərdəki daha bir problem-Formal Valideyn komissiyaları
 
Bullinq hallarının, eləcə də digər neqativ olayların yaranmasının əsas  səbəblərindən biri də  bu gün məktəblərdə vətəndaş nəzarəti institutunun formallığı, fəaliyyətinin sıfıra bərabər olmasıdır. Məktəblərdə vətəndaş nəzarəti mexanizmini yerinə yetirməyə borclu olan valideyn komissiyaları özfəaliyyət proqramının tam əksini edir. Onların əsas işi müxtəlif təqvim günlərində, konkret danışsaq, məsələn, qarşıdan gələn 5 Oktyabr Müəllimlər Günü münasibətilə  müəllimlər üçün pul toplamaq, ad günləri və bayramlarını mütləq mənada təbrik etmək üçün qeyri-loyal addımların təşkilatçısı olmaqdır. Ötən il yaşanmış bir olayı diqqətə çatdıraq: Bir müəllim hansısa özəl günlə əlaqədar  birbaşa özü valideynlərdən ibarət sosial şəbəkə qrupuna hər hansı istəyi ilə bağlı yazmış  və bunu adi, sıradan hadisə kimi hallandırmışdı. Hadisə media və sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb oldu. Halbuki, həmin müəllim bu addımına görə öncə həmin vatsap qrupunda olan valideynlərdən, onların həyata keçirəcəyi ictimai qınaqdan çəkinməli idi. Məktəblərimizdə vətəndaş institutu yox səviyyəsindədir.  Bu formallıq bullinqlə mübarizəyə də çox ciddi təsir göstərir. Bullinqlə mübarizə üçün təkliflərimizdən biri də valideyn komissiyalarının fəaliyyətinin gücləndirilməsi və onların hadisələrə artıq fərqli yanaşma sərgiləməsidir. 

Yaşanan yaxud, yaşanacaq hər bullinq olayı ilə bağlı hüquqi addımla yanaşı, ictimai nəzarətin də gücləndirilməsinə xüsusi ehtiyac var. Bunun üçün də valideyn komissiyaları yenidən və tam fərqli qaydalar əsasında formalaşmalıdır. Yeni tərkib bayramlarda pul yığımlarından tutmuş, məktəblərdə bullinq və mobinq məsələlərinə, şagirdlərin davranış pozuntuları və onların səbəb olacağı neqativlərə xüsusi nəzarət etməlidirlər. Belə olduğu surətdə, bu kimi neqativ olayların kəmiyyət və təsirinin azaldılması istiqamətində valideynlər müəllim və məktəb rəhbərliyinə çox böyük dətsək ola bilərlər. 
 
Daha nə etməli?
 
Bullinq zamanı yalnız məktəb rəhbərliyi, hadisə iştirakçılarının valideynlərini aidiyyatı qurumlara dəvət etməklə tərbiyəvi və xəbərdaredici söhbətlər etməklə iş bitməməlidir. Yəni, bizdə praktiki olaraq ən çox bu addım atılır. 
 
Analoji hadisələrlə mübarizə məqsədilə öncə dünya təcrübəsindən geniş istifadə edilməlidir. Bullinq halları ilə bağlı müəyyən maarifləndirici işlər il boyu şagird, müəllim və valideynlər üçün təşkil olunmalıdır. Maarifləndirilmə işləri aparılmadığı təqdirdə biz bullinqlə effektiv mübarizə apara bilmərik. Xüsusən də valideynlər vacib  detallara xüsusi fikir verməlidirlər. Onlar öz övladlarının bullinq qurbanı olub-olmadığını onları müşahidə edərək öyrənməyi bacarmalıdırlar. Uşaqda bu hallar yaşanırsa deməli, o artıq bullinq qurbanıdır. Bunu ilk valideynlər anlamalıdır:  əgər uşaq başqa uşaqlara tabe olmağa meyillidirsə, özünü fiziki zorakılıqdan qoruya bilmirsə, evə üzündə göy ləkələr, sıyrıntılar, cırılmış geyimdə gəlir və buna anlaşılan izahat verə bilmirsə, heç vaxt qrup oyunlarında iştirakı qəbul etmirsə, tez-tez oyuna və ya komandaya dəvət olunan sonuncu şagird olursa, daimi dostlara malik deyil, sinif yoldaşları tərəfindən daim “sevilməyənlər”  siyahısına düşürsə, fasilələrdə öz həmyaşıdları ilə oynamaq əvəzinə, böyüklərin yanında dayanmağa çalışırsa deməli, o artıq bullinq qurbanıdır. İncidilən tərəf kimi onu həm valideyn,həm də müəllimlər düzgün müşahidə etməli və əllərindən gələn yardımı əsirgəməməlidirlər. 
 
Bullinq hallarının azaldılması və onunla mübarizə metodlarından biri də məktəb psixoloqlarının (təhsildə psixoloji xidmətin təşkilinə cavabdeh şəxs) iş göstəricilərinin artırılmasıdır. Təəssüf ki, bu istiqamətdə də çox ciddi boşluqların şahidi oluruq. Qanunvericiliyə əsasən, məktəbdəki şagirdlərin sayından asılı olaraq müəyyən ştat vahidi də bu şəxslər üçün ayrılır (hər 500 şagirdə 1 psixoloq düşməlidir). Amma çox təəssüf ki, bu xidməti yüksək səviyyədə həyata keçirənlərlə yanaşı, bunun əksini edənlər də vardır. Bəzi məktəblərdə məktəb psixoloqu kimi çalışan kadr ümumiyyətlə tamam fərqin sahəni bitirmiş olur. Onun hansı səbəbdən həm də bu vəzifədə çalışması tamam ayrı problem mövzusu olsa da, deməliyik ki, məktəbdəki neqativ olayların bir çoxu bu səbəbdən nəticəsiz qalır. 
 
Məktəb psixoloqu ayrı-ayrı vaxtlarda siniflərdə şagirdlərlə ümumi söhbətlər etməli, ailəsində, şəxsi psixoloji durumunda problem yaşananlarla isə ayrıca görüşməli və onu nəzarətdə saxlamalıdır. Onun vəzifə öhdəliyi bullinqin hər iki tərəfi ilə bağlı qərar verməyə, bu barədə rəhbərliyi məlumatlandırmağa və hətta onlardan hesabat istəməyə imkan verir. Biz isə bunun tam əksini görürük.
 
Hazırda bir çox məktəblərdə "deviant" qrupa aid olan, çətin tərbiyə olunan uşaqlar var. Hər sinifdə demək olar ki, bir neçə belə şagird olur. Məktəb psixoloqu olsa, həmin qruplarla iş görə bilər. Dərsdən əvvəl və ya sonra onların hər birinin şəxsi işi hazırlanar və onlar daim psixoloji aspektdən nəzarətdə saxlanılar. Bu qrupun nəzarətdə saxlanılması məktəblərdə digər şagirdlərin qısnanmasının qarşısını almaqda kömək ola bilər. Yəni, belə demək mümkünsə, "deviant" qrupa aid olan şagirdlər digər şagirdlər üçün hər zaman fiziki xəsarət yetirə biləcək bir qrupdur. Bu cür uşaqlar daim araşdırmalı, onların ailə vəziyyətləri, psixoloji göstəricilər məktəb psixoloqu tərəfindən məktəb direktoruna təqdim olunmalıdır ki, o da bunun əsasında nəticə çıxarsın. Təəssüf ki, bu gün bizdə bu mexanizmlər olmadığına görə, bu prosedurlar yoxdur. Nəticədə müəllimlər əsasən, bu cür ipə-sapa yatmayan sagirdlərə qarşı şiddət göstərirlər.
 
Son olaraq...
 
Məktəblərdə baş verən bullinq hadisələrinin pərdəarxası, psixoloji ağırlığı daha dəhşətlidir. Ətrafdakılar hər hansı bullinq olayını tezliklə unutsalar da, zərərçəkən, şiddətə məruz qalan tərəf üçün bu uzun illərin psixoloji travmasıdır. Bu travma bəlkə də ömrü boyu onu izləyəcək, həm şəxsi həyatında, həm də karyera pillələrində ciddi bir psixoloji maneəyə çevriləcəkdir. Odur ki, şagirdləri bullinqdən qorumaq həm də cəmiyyətə özgüvənli bir kadrı hədiyyə etmək deməkdir. Əksi isə, gələcəyin hər hansı uğurlu fərdini cəmiyyətdən oğurlamaqdır... Odur ki, indidən şagirdlərimizdən gələcək oğurlamamaq üçün bullinqlə birlikdə mübarizə aparaq!

Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı

Tarix: 23-09-2024, 16:48
Xəbəri paylaş





Xəbər lenti