“Azəriqaz” mütləq SOCAR-ın tərkibindən çıxarılmalıdır


“Sumqayıt” futbol klubunun oyunlarının keçirildiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qazın verilişinin məhdudlaşdırılması və isti su olmaması səbəbindən keçirilən matçlardan sonra istər ev sahiblərinin, istərsə də rəqib futbolçuların arenanın hamamından istifadə edə bilməmələri, futbolçuların soyuq su ilə yuyunmaları sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb. Problemin “Azəriqaz”a olan 100 min manat borcla əlaqəli olduğu açıqlansa da, məsələnin kökünü SOCAR-la əlaqələndirənlər dövlət şirkətinin sentyabrın 25-də Türkiyənin “Iğdır” klubuna sponsor olmasına diqqət çəkiblər. Bildirilib ki, milli klublarımıza sponsorluq edilsəydi, bu cür qaz problemləri də yaşanmazdı. 

 
Müzakirələrlə bağlı fikirlərini bölüşən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı  açıqlamasında deyib ki, “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tərkibindən çıxarılmalı, müstəqil quruma çevrilməlidir:
“Dəfələrlə “Azəriqaz”da gedən proseslər haqqında məlumat vermişəm. Stadionda qaz kəsilməsi də təəccüblü deyil. Xarici ölkələrdə olduğu kimi qazın satışı, təchizatı ilə əlaqədar bir neçə qurum yaradılmalıdır. Bu mənim fikrimdir. Amma “Azəriqaz” mütləq SOCAR-ın tərkibindən çıxarılmalıdır. Çünki qazı satanla hasil edən bir əldə ola bilməz. “Azəriqaz”ın özündə köklü dəyişikliklər edilməlidir. O demək deyil ki, kimsə müşavir gətirir, sonra ondan müdir düzəldirlər. Haşiyəyə çıxaraq demək istəyirəm ki, SOCAR-da kadr məsələləri böyük bir problemdir. Vəzifəyə gələn insanlar mütəxəssis deyillər. Nə vitse-prezidentlər, nə də şirkətin prezidenti. Ola bilsin ki, onlar çox güclü iqtisadçıdırlar, amma sahə üzrə mütəxəssis deyillər. Bu da məsələlərə  böyük təsir edir. Nə qədər ki, peşəkar olmayan, bu sahədə işləməyən, ümumiyyətlə, anlayışı olmayan, sahə üzrə idarəetməni bilməyən insanlar var, bu problemlər də olacaq. Sadaladığım problemlər aradan götürülməyənə qədər proses belə də davam edəcək”.
Tarix: 28-09-2024, 08:40
Xəbəri paylaş





Xəbər lenti