Tərtər rayonunda 27 sentyabr-Anım Günü qeyd olunub


Tərtərdə 27 sentyabr-Anım Günü ilə əlaqədar Şəhidlər Abidə Kompleksinin
önündə rəsmi anım tədbiri keçirilib.
Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon
təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər,
müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və
zabitlərimizin xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib, Qafqaz
Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin
imamı Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Anım tədbirində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində qazanılan
qələbədən, Vətən uğrunda canlarını qurban verən həmyerlilərimizdən
söhbət açıb, müharibə dövründə rayonumuza dəyən ziyandan danışıb.
Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar
nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv
edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. 19
sentyabr 2023-cü il tarixdə isə ordumuz işğaldan azad edilmiş ərazilərdə
lokal xarakterli antiterror əməliyyatları keçirdi, suverenliyimiz tam bərpa
olundu.
19 sentyabr antiterror əməliyyatlarının ildönümü ərəfəsində Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün
ərazisində qanunun aliliyinin təmin olunduğunu  Azərbaycan
Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq
respublika prezidenti cənab İlham Əliyev hər il sentyabrın 20-sinin
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi
ilə bağlı, 18 sentyabr 2024-cü il tarixdə isə “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli
4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam
imzaladı. İndi biz həmin şəhərlərin işğalı gününü deyil, şəhər günlərini qeyd
edirik.
“27 Sentyabr - Anım Günü” Vətən müharibəsində canlarından keçmiş
şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Rayon rəhbəri çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində
qəhrəman tərtərlilər yüksək dözüm, dəyanət nümayiş erdirdilər. Ön
cəbhədə olduğu kimi arxa cəbhədə də mülki insanlar şəhid oldu, yaşayış
məntəqələrimiz atəşə tutuldu, ancaq düşmənə bir qarış da torpaq
verilmədi. Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq
hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də
daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad
mərmisi, 21 qadağan olunmuş raket atıb, bəzi günlərdə Tərtərə 2000-dən
çox mərmi atılıb. “Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın
ən çox bombalar və raketlərin atıllmış olduğu şəhərlərindən biridir!”
Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı
əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları,
qeyri-yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı
birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 16 nəfər qətlə
yetirilmiş, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki, onların
arasında qadın və uşaqlar da var.
Vətən müharibəsində rayonumuzda 46 hərbi qulluqçu şəhid olub, 57 nəfər
hərbi qulluqçumuz isə yaralanaraq sağlamlığını itirib. 1554 nəfər Vətən
müharibəsi veteranımız var.
İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər 
zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
Sonra Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar
Əliyevin atası Vaqif Əliyev çıxış edib, şəhər 1 saylı tam orta məktəbinin
şagirdləri şəhidlərə, Vətənə həsr edilmiş şerlər söyləyiblər.
Sonda ziyarətçilər tərəfindən Şəhidlər Abidə Kompleksinin önünə gül-çiçək
dəstələri düzülüb, şəhidlərin xatirəsi ehtiramla anılıb.
 
Tarix: 28-09-2024, 08:47
Xəbəri paylaş





Xəbər lenti