Gözəgörünməz dollar imperiyası: ABŞ-ın dünya gücü olmasının böyük sirləri

Gözəgörünməz dollar imperiyası: ABŞ-ın dünya gücü olmasının böyük sirləri Planeti “Amerika oxu” ətrafında fırlanmağa məcbur edən amillər və yaxın 30-40 ildə dəyişməyəcək faktorlar haqqında

100 ildən çoxdur ki, Amerika hərbi gücün və dolların hesabına dünya çapında dominant ölkədir. Amerikaya qarşı çıxanlar alternativ hərbi alyans və valyuta yaratmağa can atırlar. 20-ci əsrin ortalarına qədər arxasında qızıl ehtiyatı dayanan ölkələrin valyutası daha etibarlı sayılırdı. Onda ABŞ dünyada olan qızıl ehtiyatlarının (SSRİ xaric) 70 faizini öz əlində cəmləmişdi. Düşünün ki, Almaniya və Niderland kimi ölkələr belə öz qızıl ehtiyatlarının bir hissəsini Amerikaya etibar etmişdi. Adıçəkilən ölkələr uzun illərdir ki, Amerikaya müvəqqəti saxlamağa verdikləri qızılları geri ala bilmirlər. Vaşinqton müxtəlif bəhanələrlə qızılları qaytarmaqdan imtina edir...



20 il sonra dünyada yeni iqtisadi güc mərkəzləri yarandı. Almaniya və Yaponiyanın sürətli iqtisadi sıçrayışı dolların gələcəyini təhlükə altına aldı. Artıq qızıl ehtiyatı dolların dəyərini istənilən səviyyədə saxlamaq gücündə deyildi. 1971-ci ildə Səudiyyə Ərəbistanı neft satışından əldə etdiyi neft-dollarlarla ABŞ-dan silah almağa başladı. Amerika siyasətçiləri ilk dəfə onda başa düşdülər ki, neft qızıldan daha önəmlidir. Və kim dünyanın neft bazarına nəzarət edəcəksə, o ölkənin də valyutası önə çıxacaq. O vaxt ABŞ-a ölkənin 37-ci prezidenti Ricard Nikson rəhbərlik edirdi. Düzdür, o, “Uotergeyt” qalmaqalına görə impiçment prosedurundan sonra Ağ Evdən uzaqlaşdırıldı. Ancaq onun Amerika qarşısındakı ən böyük xidməti neft amilinə vaxtında önəm verməsi ilə bağlıdır. Onun dönəmindən başlayaraq indiyə kimi, ABŞ dünya neft bazarını öz nəzarətində saxlayır. Nəticə belədir ki, OPEC-in (The Organization of the Petroleum Exporting Countries) dəstəyi ilə ABŞ dolları meqa-valyutaya çevrilib.

Gözəgörünməz dollar imperiyası: ABŞ-ın dünya gücü olmasının böyük sirləri


Dünya iqtisadiyyatının 22 faizi Amerikanın payına düşür. Buna baxmayaraq, beynəlxalq maliyyə ödənişlərinin 80 faizi dollarla həyata keçirilir. Bu ödənişlər dolların məzənnəsinin yüksəkdə qalmasını şərtləndirən əsas amillərdən biridir. Üstəlik, hamı öz malını ABŞ bazarında satmağa can atır. Nəticədə Amerikaya daxil olan mallar son dərəcə ucuz qiymətə satılır. Vəziyyət elədir ki, dollar qazanc mənbəyinə çevrilib. Və hərbi gücə söykənən ABŞ bu qazançı kiməsə güzəştə getmək fikrində deyil.


Ancaq Amerikaya qarşı çıxanlar da var. Bu sırada Çin, Rusiya və İran öndə gedir. Bir vaxtlar Afrikada böyük nüfuzu olan Müəmmər Qəzzafi də bu sırada yer alırdı. O, öncə Liviyanın neftini dollara yox, avroya satmağa çalışdı. Bir arada isə arxasında qızıl ehtiyatları dayanan valyuta buraxmaq xəyalına düşdü. Amerika təbii ki, belə şeyləri bağışlamır. Müəmmər Qəzzafi Don Kixot sayaq cəhdlərinə görə hədəfə çevrildi və aradan götürüldü. Amma ABŞ qızıl üçbucaq hesab olunan Çin, Rusiya və İranla Liviya kimi davranmaq gücündə deyil. Əlbəttə, Amerika siyasətçiləri bunun fərqindədir. Belə bir təhlükədən yayınmaq üçün mümkün olan bütün addımları atırlar. O da faktdır ki, Çin, Rusiya və İran dolları sıxışdırmaq üçün bir yerdə, sinxron hərəkət edir. Məsələn, 2014-cü ildə Rusiya ilə Çin arasında təbii qazla bağlı 400 milyard dollarlıq müqavilə imzalanıb. Həmin qaza görə Çin Rusiyaya ödənişi 30 il ərzində dollarla yox, rubl və yuanla ödəyəcək. 2014-cü ildə Vladimir Putin Krıma səfəri zamanı belə bir bəyanat verdi ki, neftdən gələn dollar axınına söykənən sistem tarixə qovuşmalıdır: “Rusiya bir çox ölkələrlə ikitərəfli hesablaşmaları milli valyutalarla həyata keçirmək barədə müzakirələr aparır”...


Rusiya nüfuz dairəsində saxladığı MDB ölkələrini də bu oyuna cəlb etməyə çalışır. Rusiyanın çağrışına səs verənlər arasında Qazaxıstan öndə gedir...


İran da öz neft və qazını dollara satmaq istəmir. Rəsmi Tehran məqsədli şəkildə dolların təsir dairəsini kiçiltməyə çalışır. Amma etiraf olunmalıdır ki, antidollar kampaniyasına Çin liderlik edir. Bu ölkənin imkanları Rusiya və İranın imkanlarından qat-qat üstündür. Elə bu səbəbdən də Çinin yeritdiyi siyasətə xüsusi diqqət yetirməyə dəyər.

Gözəgörünməz dollar imperiyası: ABŞ-ın dünya gücü olmasının böyük sirləri


2016-cı ilin oktyabrında Çin Xalq Respublikasının pul vahidi yuan Beynəlxalq Valyuta Fondu tərəfindən rəsmən ehtiyat valyuta kimi tanındı. Valyuta bazarında ciddi dəyişiklik baş verdi. Beynəlxalq Valyuta Fondunda saxlanılan dollar 41.53%-lə birinci yerdə gəlirdi. İkinci yerdə isə 30.93% olmaqla, avro qərar tutmuşdu. Üçüncü yeri isə 10.93%-lə yuan götürdü. Müvafiq olaraq, dünyanın dörd tərəfində olan mərkəzi bankların da ehtiyat valyuta fondunda yuanın olması tələbə çevrildi. Bu isə yuanın öz mövqelərini gücləndirməsinə gətirib çıxardı.
Bir çox mütəxəssislər hesab edir ki, yaxın 3-4 ildə dünya valyuta bazarında dollar-yuan tandemi dominant hala gələcək. Avro və Britaniya funt-sterlinqi təsir dairəsini sürətlə itirəcək.


Yuanın dünya çapında valyuta kimi belə bir uğur qazanması təsadüfi deyil və Çin dövlətinin yeritdiyi məqsədyönlü siyasətin nəticəsidir. Çin demək olar ki, böyük-kiçikliyindən asılı olmayaraq dünyanın əksər ölkələri ilə ikitərəfli müqavilələr imzalayıb. Və həmin müqavilələrdə yuanla bağlı xüsusi maddələr var. Bu baxımdan, Çinin Avropa Birliyi ilə bağladığı müqavilə xüsusi önəm daşıyır. 2013-cü ildə bu müqaviləyə əsasən 45 milyard avro yuana dəyişdirildi. Oxşar müqavilə Yaponiya, Cənubi Koreya...hətta Monqolustanla belə imzalandı.


O da maraqlıdır ki, Çin ABŞ-a ən çox sərmayə qoyan ölkədir. Məsələn, 2015-ci ildə 1.261 trilyon dollar bu məqsədlə Amerika iqtisadiyyatına yatırılıb. Rəsmi Pekin 40 milyard dollar İpək Yolu fonduna ayırıb. Çin hökumətinin təşəbbüsü ilə Pekində 100 milyard dollarlıq kapitala sahib Asiya İnfrastruktur İnvestisiya Bankı yaradılıb. Yeri gəlmişkən, bu bankı maliyyələşdirənlər arasında Azərbaycan da var. 100 milyard dolların 245.1 milyon dollarını (0,25 %) biz ödəmişik. Bu bankın yaranması Çinə Amerikanın nəzarətində olan Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə rəqabət aparmağa əlavə imkanlar yaradıb.


Asiya İnkişaf Bankı 1966-cı ildən fəaliyyətdədir. Və bu banka həmişə Çinlə o qədər də xoş münasibətdə olmayan Yaponiya vətəndaşları rəhbərlik edib. Yaponlarsa yaxşı bilirlər ki, ABŞ-ın dəstəyi olmadan Çinə qarşı duruş gətirmək mümkün deyil...


Ortada gözəgörünməz dollar imperiyası var. O imperiya Amerikanın hərbi gücünün hesabına Yer kürəsini öz oxu ətrafında fırladır. Şübhəsiz ki, bu imperiya da nə vaxtsa iflasa uğrayacaq. Ancaq bu iflasın yaxın 30-40 ildə olacağı inandırıcı görünmür.


Bir önəmli məqam da var. Çin ətrafında olan ölkələrlə, xüsusən Hindistan, Yaponiya, Vyetnamla ciddi ixtilaf içindədir. Birmənalı olaraq rəsmi Pekinin tərəfində olan ölkə Şimali Koreyadır. Rusiya ilə münasibətlərdə də müəyyən gərginliklər var. Çünki hər iki ölkənin dövlət maraqları ciddi şəkildə fərqlidir. Fakt odur ki, Çinin etibarlı müttəfiqi yoxdur. Müttəfiq baxımından ABŞ-ın imkanları xeyli zəngindir. Yaxın Şərqin neft və qazla zəngin olan sünni ərəb ölkələri Amerikanın yanındadır. Avropa Birliyi, Kanada, Avstraliya da həmçinin. Latın Amerikası da gərəkən məqamda Amerikanın yanında yer alacaq. Çünki ortaq dini dəyərləri paylaşırlar. İngilis dilinin dünyada dominant olması da Amerikanın xeyrinə işləyir. Onu da unutmaq olmaz ki, ABŞ əhalisinin 50 milyon nəfərdən çoxu latın əsillidir və ispan dilində danışır. İspan dili Amerikada faktiki ikinci dövlət dili statusundadır. Yüzlərlə ispandilli TV, radio və digər media qurumları fəaliyyətdədir...


Bu kimi amillərə söykənərək əminliklə demək olar ki, yuanın dolları üstələməsini xeyli gözləmək lazım gələcək...


Elbəyi HƏSƏNLİ
Tarix: 26-04-2017, 09:52
Xəbəri paylaş





Xəbər lenti