Fransızlar ifrata, radikallığa “Yox” dedilər – Makrona əli çatmayan erməni lobbisi komandasına çatacaqmı?..

Fransızlar ifrata, radikallığa “Yox” dedilər – Makrona əli çatmayan erməni lobbisi komandasına çatacaqmı?.. Fransadakı prezident seçkisinin 2-ci turunda gözlənilən oldu. Yəni möcüzə baş vermədi. 42 yaşlı Emmanuel Makron rəqibi Mari Le Pen üzərində inamlı qələbə qazanaraq, Fransa tarixinə ən gənc prezident kimi düşə bildi.
Hərçənd ifrat sağçıların nümayəndəsi xanım Le Pen çox arzu edirdi ki, ABŞ-dakı son prezident seçkisindəki kimi Fransadakı seçkilərdə də möcüzə-sürpriz baş versin. Son ana kimi də o, fransız cəmiyyəti belə bir qorxulu sürprizin mümkünlüyünə inandırıb həyəcanda saxlamağa çalışdı.

Fəqət, Le Pen deyən, Le Pen arzulayan olmadı. Fransa Mari Le Penə qalmadı. Fransızlar Fransanı ona etibar etmədilər. Üstəlik, bu ifrat sağ təmayüllü xanım-namizədin məğlubiyyəti ilə faktiki surətdə Rusiya da məğlub oldu, Kremlin ona bağladığı böyük ümidlər basdırıldı.
Bəllidir ki, Makrondan fərqli olaraq, Le Pen Rusiya ilə daha sıx münasibətlərin tərəfdarı idi, Moskvaya qarşı sanksiyalar əleyhinə çıxış edir, Krımın ilhaqını qanuni sayırdı. Eyni zamanda Fransaya miqrant axınına qarşı çıxaraq, Fransanı yalnız fransızlar üçün vətən hesab edirdi. Ksenofobik, islamofobik baxışlar da öz yerində…
*****
Beləliklə, təhlükə sovuşdu. Fransızların çoxluğu Le Penə etimad bəsləmədi. Bu, elə Le Penin timsalında faşist ideologiyasına, ksenofobiyaya etimadsızlıq deməkdir. Yəni Fransa toplumunun liberal dəyərlərə, demokratiyaya sadiqliyinin təsdiqidir. Fransadakı son seçimlərin ən böyük siyasi əhəmiyyəti də budur. İndi təkcə Fransa və onun polietnik toplumu yox, bütövlükdə Avropa rahat nəfəs ala bilər. Həm də o səbəbə ki, Rusiyanın əli Avropada çox uzana bilməyəcək.
Artıq Le Pen öz rəqibinə zəng vuraraq, Makronu qələbə münasibətilə təbrik edib. Bunun özü sözsüz ki, seçkilərin legitimliyinin etirafı olmaqla yanaşı, həm də bir siyasi mədəniyyət göstəricisidir. Faşist də olsa, Le Pen belə bir addım atmaq üçün hər halda özündə cürət tapa bilibsə, çoxluğun iradəsinə sayğı göstəribsə, müəyyən mənada təqdirə layiqdir.
Lakin bu, heç də o demək deyil ki, Le Pen timsalında sağçı ideologiya kölgəyə çəkilir, siyasi səhnədən çəkilir. Əksinə, son seçkilər göstərdi ki, hətta Fransa kimi liberal topluma malik ölkədə də ifrat millətçilər son vaxtlar xeyli dərəcədə mövqe qazanıblar. Fransa seçklərinin ikinci mühüm nəticəsi bundan ibarətdir bizcə.
*****
Azərbaycanın maraqları baxımından isə hesab eləmək olar ki, seçkilərdə məhz milli mənafeyimizə az-çox uyğun gələn yeganə namizəd qalib gəlib. Doğrudur, Makron əsas rəqibindən fərqli olaraq, seçki kampaniyası ərzində Azərbaycan əleyhinə mövqe sərgiləməyib, Le Pen kimi Dağlıq Qarabağı Ermənistana “birləşdirməyib”, ancaq rəsmi Parisin erməni lobbisinin təsiri altında olan ənənəvi Qarabağ siyasətinin onun prezidentliyi dövründə Azərbaycanın xeyrinə düzəlişlərə məruz qalacağını söyləmək də hələlik tezdir.
Makronun 1-ci turdan sonra ölkənin erməni lobbisinin rəhbərləri ilə bir araya gələrək, “soyqırımı inkara görə cəza nəzərdə tutan qanunun qəbuluna çalışacam” söyləməsi isə nəinki qardaş Türkiyəyə, elə Azərbaycana qarşı da xoş məram göstəricisi və yaxşı simptom sayıla bilməz.
Aydındır ki, ermənilərin “soyqırım” yalanlarına inanan birisi, Dağlıq Qarabağ məsələsində, işğal məsələsində obyektiv, qərəzsiz ola bilməz. Çünki istər-istəməz rəğbəti “əzabkeş xalqın” yanında olacaq.
Makronun sələfləri Ermənistanı “Fransanın kiçik bacısı” adlandırıblar. Yəqin ki, Makron dönəmində də belə olacaq. Hələ nə bilmək olar, bəlkə yeni prezidentin sürprizləri qabadadır? Axı, bir çox fransızların özləri də etiraf edir ki, cavan Makron “bağlı-boğça” kimidir. Gözləyək görək, cavan və enerjili yeni prezidentin komandası kimlərdən ibarət olacaq. Makrona əli çatmayan erməni lobbisi komandasına yol tapacaqmı?..
Tarix: 8-05-2017, 07:49
Xəbəri paylaş





Xəbər lenti